Bolnisi bələdiyyəsində gənclər üçün ilk dəfə Texnologiya Mərkəzi açılıb
Bolnisi bələdiyyəsində ilk dəfə olaraq gənclərə xidmət göstərmək məqsədi ilə Texnologiya Mərkəzi açılıb. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı mərkəzin təsisçisi Orxan Şamilov verdi.

Onun sözlərinə görə, “აწარმოე საქართველოში” adlı layihə müsabiqəsinə qoşulub və müsabiqədə qalib gəlib. Layihə çərçivəsində onun ideyası dəstəklənib. Layihə mərkəzin xərclərin 80%-ni ödəyib, lakin qalan 20% faiz xərci layihənin iştirakçısı, Orxan Şamilov ödəməli olub. Layihə tərəfindən maddi dəstək nəticəsində mərkəzə kompüterlər alınıb. Digər xərclər isə Şamilovun öz hesabına ödənilib.

Şamilov bildirdi ki, Bolnisidə daha əvvəl belə bir mərkəz olmayıb bu səbəbdən də o, texniki avadanlıqlarla təchiz olunmuş mərkəz yaratmaq qərarına gəlib.

“Düşünürəm ki, texnologiya cəmiyyətin inkişafında mühüm rol oynayır. Özüm də bu sahədə işləyirəm. Bir tərəfdən də motivasiyam var idi ki, niyə də gənclərə texnologiyanı öyrətməyək?! Təəssüf ki, gənclər üçün, nə azərbaycanlı, nə də gürcülər üçün Bolnisidə belə bir mərkəz mövcud deyildi. Buna görə də texnologiya mərkəzi açmaq qərarına gəldim.”

Mərkəzin təsisçisinin sözlərinə görə, hazırda mərkəzdə kurslar gürcü dilində həyata keçirilir. İki aylıq kursun ikinci ayı ödənişlidir.

“Mərkəzin kursları hələlik gürcü dilindədir. İki aylıq kurslardır. Bu kursların ilk ayı ödənişsizdir. İkinci ay isə ödənişlidir. Təəssüf ki, hələ maddi dəstəyimiz yoxdur, ancaq müəllimlərə maaş ödəməliyik. Gələcəkdə ümid edirəm ki, azərbaycan dilində də kurslarımız olacaq. Əsas problem bu sahədə azərbaycandilli müəllimlərinin həddindən artıq az olmasıdır.”

Şamilov texnologiya sahəsində təhsil alan 3 ə 4-cü kurs tələbələrinə çağırış etdi. O, tələbələrin mərkəzə baş çəkərək mərkəzin resurslarından istifadə edib, istədikləri halda öz biliklərini digər gənclərlə də bölüşməyə dəvət etdi.

Print Email
FaceBook Twitter Google