Tbilisidə etnik azərbaycanlı gənclər üçün regional forum keçirilib
Bu gün, 28 oktyabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Mərkəzində Gürcüstanın müxtəlif regionlarından olan gənclərin 1-ci regional forumu keçirildi.

Forumun iştirakçısı, ictimai fəal Naşir Orduxanov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar forum çərçivəsində regionda olan problemləri qeyri-hökumət təşkilatları nümayəndələrinin və dövlət adamlarının diqqətinə çatdırıblar.

Orduxanovun sözlərinə görə, forum zamanı bir qrup gənc “Gənclər və sülh axtarışında” mövzusu ətrafında fikirlər səsləndirib və müzakirələr həyata keçiriblər. O, bu görüşün olduqca faydalı və maraqlı olduğunu bildirdi.

Forumun keçirilməsində əsas məqsəd etnik azərbaycanlı gəncləri narahat edən məsələləri, problemləri dinləmək və eyni zamanda gəncləri narahat edən problemləri hökumətin nəzərinə çatdırmaqdır.

Forum çərçivəsində Kvemo Kartli bölgəsinin sosial və ictimai həyatına həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub. Bununla yanaşı inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. İnşa müsabiqəsinin qalibləri, Emilya Əlləzova, Aysun Bozduyeva, Sənəm Yusubova olub.

Tədbirdə deputat Tariel Nakaidze, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, milli azlıqlar və insan haqları sahələrində fəaliyyət göstərən QHT təmsilçiləri, fəal gənclər və araşdırmaçılar yer alıblar.

Tədbirin təşkilatçıları Müdafiə və Təhlükəsizlik Mülki Şurası, “Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu”, azərbaycanlı gənclərin təşəbbüs qrupu və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzidir.

Foto: report.az səhifəsindən götürülüb.

Print Email
FaceBook Twitter Google