Bu gün, 28 oktyabr tarixində Tbilisidə, Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyət Mərkəzində Gürcüstanın müxtəlif
regionlarından olan gənclərin 1-ci regional forumu keçirildi.
Forumun iştirakçısı, ictimai fəal Naşir Orduxanov “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirdi ki, onlar forum çərçivəsində
regionda olan problemləri qeyri-hökumət təşkilatları
nümayəndələrinin və dövlət adamlarının diqqətinə çatdırıblar.
Orduxanovun sözlərinə görə, forum zamanı bir qrup gənc “Gənclər və
sülh axtarışında” mövzusu ətrafında fikirlər səsləndirib və
müzakirələr həyata keçiriblər. O, bu görüşün olduqca faydalı və
maraqlı olduğunu bildirdi.
Forumun keçirilməsində əsas məqsəd etnik azərbaycanlı gəncləri
narahat edən məsələləri, problemləri dinləmək və eyni zamanda
gəncləri narahat edən problemləri hökumətin nəzərinə
çatdırmaqdır.
Forum çərçivəsində Kvemo Kartli bölgəsinin sosial və ictimai
həyatına həsr olunmuş qısametrajlı filmlər nümayiş olunub. Bununla
yanaşı inşa müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub.
İnşa müsabiqəsinin qalibləri, Emilya Əlləzova, Aysun Bozduyeva,
Sənəm Yusubova olub.
Tədbirdə deputat Tariel Nakaidze, Azərbaycanın Gürcüstandakı
səfirliyinin birinci katibi Anar Rəsulov, milli azlıqlar və insan
haqları sahələrində fəaliyyət göstərən QHT təmsilçiləri, fəal
gənclər və araşdırmaçılar yer alıblar.
Tədbirin təşkilatçıları Müdafiə və Təhlükəsizlik Mülki Şurası,
“Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu”, azərbaycanlı
gənclərin təşəbbüs qrupu və Gürcüstan Azərbaycanlılarının
İnteqrasiya Mərkəzidir.
Foto: report.az səhifəsindən götürülüb.