Təhsil və Elm Nazirliyində Azərbaycan dilli məktəblərdə olan problemlərin müzakirəsi baş tutub – Aygül İsayevanın açıqlaması
Gürcüstanın Təhsil və Elm Nazirliyində Azərbaycan dilli məktəblərində olan problemlər müzaikrə olunub.

Görüşdə məktəblərdə kadr çatışmazlığından da söhbət açılıb. Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Aygül İsayeva təsdiq etdi. Onun sözlərinə görə, görüş zamanı təhsil sahəsində olan məlumat problemi də diqqət mərkəzində olub.

“Azərbaycandilli məktəblərdə kadr çatışmazlığı, müəllimlərin sertifikatlaşdırılması və status alması ilə bağlı yaranan çətinliklərdən danışdıq. Dərsliklərdə mövcud olan nöqsanlar, təhsil qanunvericiliyində edilən dəyişikliklərlə bağlı yeni qaydaların, məktəb direktorlarına və müəllimlərə düzgün və vaxtında məlumatlandırılmasında yaranan informasiya qıtlığı müzakirə edildi. Görüş zamanı 1+4 proqramı ilə təhsil alan gənclərin universitetə qəbul imtahanlarında təkcə məntiqdən deyil, Azərbaycan dili və ədəbiyyatdan da imtahan vermələri, o cümlədən məktəblərdə gürcü dili ilə yanaşı Gürcüstan ədəbiyyatının tədrisi ilə bağlı təkliflər də edildi. Yaşı 50-dən çox olan müəllimlərin sertifikatlaşdırılması, baş müəllim statusu almaları üçün məntiqdən imtahanın Azərbaycan dilində verilməsi təklif olundu. Qeyd edim ki, müəllimlər öz ixtisaslarından Azərbaycan dilində imtahan verir, ancaq məntiqdən gürcü dilində imtahan verirlər. Yaş qruplarına bölünməsi təklif edildi. Gənclər təhsil nazirliyinin təklif etdiyi qaydada davam etsinlər, nisbətən yaşlılar, o cümlədən təqaüd yaşına çatanlar isə imtahanı Azərbaycan dilində versinlər.”

İsayeva görüşün təfərrüatları barədə də danışdı. O, bu görüşü müsbət dəyərləndirdi. İsayeva deyir ki, təhsil sahəsində yaranan problemləri canlı görüşlər keçirərək müzakirə etmək olduqca effektivdir.

“Görüş çox məsuldar oldu. Nazirlikdə bəzi məsələrlə bağlı yanlış məlumatlar olduğu üçün belə görüşlərin keçirilməsi mühümdür. Təhsil nazirliyinin nümayəndələrinin bizi dinləməsi, problemlərin həlli üçün birlikdə çalışmaq istəyini yüksək qiymətləndirirəm.”


İsayeva Təhsil nazirliyi tərəfindən də görüşün böyük maraqla qarşılandığını deyir. O bildirir ki, onlar tərəfindən irəli sürülən təkliflərin təhsil nazirliyi tərəfindən nəzərə alınacağı vurğulanıb. Həmçinin o, qeyd etdi ki, bu kimi görüşlərin tez-tez keçirilməsi planlaşdırılır.

İctimai məktəblərdə təhsilin keyfiyyəti mövzusuna da toxunan İsayevanın sözlərinə görə, o, görüş zamanı məktəblərdə keyfiyyətli kadrların yetişdirilməsi mövzusunu da müzakirə edib.

“İctimai məktəblərdə keyfiyyətli təhsil önəmlidir. Nazirlikdə vurğulamaq istədiyimiz məsələlərdən biri də kəmiyyət deyil, keyfiyyətə önəm verilməsi, keyfiyyətli kadrların yetişdirilməsi məsələsi idi. Təəssüf ki, elə məktəblər var ki, müəllimlər öz ixtisasları üzrə dərs demir. Bu da valideynlərin öz övladlarını milli məktəblərdən uzaqlaşdırmasına, məktəblərin bağlanmasına gətirib çıxarır.”

Qeyd edək ki, Təhsil və Elm Nazirliyində görüş 2 dekabr tarixində “Maarif” təşkilatının təşəbbüsü ilə baş tutub.

Görüşdə “Maarif” təşkilatının və qəzetinin rəhbəri Ələddin Qarabağlı, Beynəlxalq Qafqaz Universitetinin assosativ professoru, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva, Təhsil və Elm nazirliyinin Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Kaxa Xandolişvili, etnik azlıqların dilləri üzrə ekspert Despine Koiava və nazirliyin digər əməkdaşları da iştirak ediblər.


Print Email
FaceBook Twitter Google