Dmanisidə gənclər tərəfindən ilk İcma Mərkəzi təsis olunub
Dmanisidə gənclər tərəfindən İcma Mərkəzi təsis olunub. Mərkəz Tbilisi Dövlət Universitetinin tələbələri, Dmanisi sakinləri Ruslan Omarov və Binnət İsgəndərov tərəfindən təsis olunub.

Mərkəzin təsisçilərindən Ruslan Omarov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, daha əvvəl Dmanisidə İcma Mərkəzi olmayıb. Onun sözlərinə görə, gənclərin və məktəb şagirdlərinin əlavə fəallıqlarla məşğul olmaları üçün Dmanisidə hər hansı bir məkan yoxdur.

“Biz İcma Mərkəzi açmaq qərarına gəlmişdik. Əvvəl “Orbeliani”-dən layihə qazanmışdım, kitabxana layihəsi idi. Sonra qərara gəldik ki, İcma Mərkəzi açaq. Amma dedik ki, ayrı-ayrı açsaq, fəaliyyətimizi davam etdirmək daha çətin olacaq. Ona görə də birlikdə açmaq qərarına gəldik. Biz Samirə Bayramovanın da məsləhətlərini aldıq. O, da mərkəz açmağımızı məsləhət gördü. İlk layihəmiz də Samirə Bayramovanın dəstəyi, təşkilatçılığı ilə oldu. Digər İctimai fəallardan da məsləhətlər aldıq. Dmanisidə gənclərdə böyük passivlik mövcuddur. Çox sadə bir işləri həyata keçirdikləri zaman onlarda sanki bir fobiya var və mərkəzin açılmasına ehtiyac var idi.”

Omarov deyir ki, hazırda onların əsas məqsədləri gənclərin maarifləndirilməsidir. O, gələcəkdə daha böyük işlər görəcəklərini və daha faydalı olacaqlarını bildirdi. Onun sözlərinə görə, gələcəkdə əsasən məktəbli şagirdlərə daha çox vaxt ayırmaq və onlarla məktəbdən sonra əlavə hazırlıqlar həyata keçirmək planları var.

Mərkəzin daha bir təsisçisi Binnət İsgəndərov “Marneuli” radiosuna müsahibəsi zamanı fəal vətəndaşların yetişdirilməsində mərkəzin böyük rol oynayacağını vurğuladı.

“Belə bir mərkəzin açılmasına ehtiyacımız var idi. Demokratik dövlətdəyik. Gənclər gələcəkdə yerli idarəetmə prosesində, eləcə də büdcə proqramında daha aktiv şəkildə iştirak edə biləcəklər. Hazırda Dmanisidə belə fəallıqlar yoxdur. Dmanisidə dil baryeri ilə bağlı da problemlər var. Düşünürəm ki, mərkəz vasitəsi ilə biz bu problemləri tədricən həll edəcəyik.”

Məlumat üçün qeyd edək ki, İcma Mərkəzi Dmanisidə fəaliyyət göstərən yeganə mərkəzdir. Mərkəz maarifləndirmə, gənclərin və şagirdlərin asudə vaxtlarını səmərəli keçirməsi məqsədi ilə açılıb.

Print Email
FaceBook Twitter Google