Gürcüstanda yaşayan müsəlmanlar bəzən dini məkanların tikilməsində müəyyən qadağalarla, çətinliklərlə, maneələrlə üzləşirlər – Şeyx Hacı Ramin İgidov
Gürcüstanda yaşayan müsəlmanlar bəzən dini məkanların tikilməsində müəyyən qadağalarla, çətinliklərlə, maneələrlə üzləşirlər. Mən aidiyyəti qurumlardan və səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu məsələdə anlayış göstərsinlər.

Bu sözləri Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov 18 aprel tarixində Marneuli meriyasının təşkil etdiyi iftar süfrəsində dedi.

Onun sözlərinə görə, hər zaman Gürcüstanda islama və müsəlmanlara qarşı hörmət nümayiş etdirilir.

“Mən belə gözəl iftarın təşkilinə görə, cənab merə və hökumətimizə öz təşəkkürümü bildirirəm. Neçə illərdir ki, Ramazan ayında ənənə halını alan bu cür iftar süfrələri təşkil olunur. Bölgələrdə silsilə şəkilində bu cür iftar süfrələri açılır. Gürcüstanda islama və müsəlman həmvətənlərə qarşı hörmət nümayiş etdirilir. Eyni zamanda təşəkkür edirəm ki, sağlam İslam dinin yaşaması üçün müəyyən vəsait ayrılır. Və müsəlmanların öz dini ayin və ibadətlərinin yerinə yetirilməsi üçün lazımı şərait yaradılır. Ancaq nəzərinizə bir şey çatdırım ki, bizi və burada yaşayan müsəlmanları narahat edən bir məsələ var. Bu da məscidlərin tikilməsi ilə bağlı və eyni zamanda dini təhsil ocağı ilə bağlı olan məsələlərdir. Belə ki, Marneulidə, Bolnisidə, Dmanisidə, Qardabanidə və digər bölgələrdə yaşayan müsəlmanlar bəzən dini məkanların tikilməsində müəyyən qadağalarla, çətinliklərlə, maneələrlə üzləşirlər. Mən aidiyyəti qurumlardan və səlahiyyətli şəxslərdən xahiş edirəm ki, bu məsələdə anlayış göstərsinlər”, – Ramin İgidov dedi.

İgidovun dediyinə görə, məsciddən çəkinmək lazım deyil, əksinə insanların ibadət etməsinə ehtiyac var.

“Məscidlər insanları doğru yola gətirmək üçündür. Məscid və dini tikililərin izni məsələsi təbii ki, meriyadan əlavə başqa orqanlara da bağlı olduğu üçün çox gecikmələr olur. İstəyimiz budur ki, buna anlayış göstərsinlər. Doğrudan da məsciddən çəkinmək lazım deyil. Əksinə, yerlərdə yaşayan insanların dini inanclarının rahat şəkildə yaşamaları üçün onların ibadət etmələrinə ehtiyac var. Bu vətəndaşın təbii haqqıdır. Şərait yaratmaq lazımdır. İnşallah ümid edirəm ki, bu problemlərin həlli istiqamətində işlər görülər”, – İgidov dedi.

Qeyd edək ki, Baş nazir İrakli Qaribaşvili Sovet totalitar rejimi dövründə ölkənin dini icmalarına dəyən zərərə görə 2022-ci ilədək ödəniləcək məbləğin 1 milyon lari artırılaraq 4,5 milyon lariyə çatdırılması barədə qərar imzalayıb. Bu vəsaitdən 2,2 milyon lari ölkənin müsəlman icmasına ayrılıb.

Print Email
FaceBook Twitter Google