Marneulili mülki fəal Samirə Bayramova Daxili İşlər Nazirliyini ona
qarşı həyata keçirilmiş hədələmə faktı ilə bağlı effektiv istintaq
aparmağa çağırıb. Bayramova sosial şəbəkədə müraciət paylaşıb və
bildirib ki, iki aydan artıqdır, polislər ona qarşı həyata
keçirilmiş hədələmə faktı ilə bağlı yalnız bir nəfərin ifadəsini
alıblar. Həmin şəxs isə hədələməyə baxmayaraq, yenidən
azadlıqdadır.
“Alt-info və Konservantlar Hərəkatı”-nın hadisəsi ilə bağlı
hədələmə, təhqir etməklə əlaqədar 10-a yaxın şəxslə bağlı şikayət
verdik. Eləcə də, hədələmə və 50-yə yaxın şəxsin öz səhifəsində
paylaşdığı ultimatum videosu ilə bağlı ayrı-ayrı şikayət təqdim
etdik.
Bu iki ay ərzində onlar qalan şəxslərin kimliyini müəyyən edə
bilmədilər. Adi şəkildə, DİN və DTX kimin gecə kimdə qaldığını
bilirlər, ancaq onların kimliyini müəyyən edə bilmədilər? Bəlkə
həmin adamlardan hansısa DİN-nin əməkdaşlarının qonşusu, qohumu və
ya yaxınıdır?”- Samirə Bayramova bildirdi.
Samirə Bayramova artıq iki aydır ki, Gürcüstan Prokurorluğunun
xüsusi müdafiə tədbirinə qoşulub. Bayramova bir aydan sonra
proqramı tərk edəcək. Ancaq qorxur ki, proqram başa çatdıqdan sonra
ona qarşı deyilən hədələməni həyata keçirsinlər. O, bildirir ki,
xüsusi müdafiə proqramına davam etməyəcək, çünki DİN-in işi
araşdıracağına ümid edirdi, amma belə olmadı. Gələcəkdə ona qarşı
həyata keçirilə biləcək hücuma görə, məsuliyyəti Daxili İşlər
naziri Vaxtanq Qomelaurinin öhdəliyinə qoyur.
“Hamı Alt-İnofnu və Konservativ Hərəkatı kimin idarə etdiyini
bilir. İnternet məkanında onların dəstəkçiləri ilə birlikdə DTX-nın
sədri və Dİ nazirinin şəkli də var. Mən isə təklif edirəm,
“gürcülərin və Gürcüstanı müdafiə edən iki qəpiklik
xəyanətkarların” azadlığını xilas etmək üçün dəli vəsiqəsi götürün,
işi bağlayın, ancaq heç olmasa, dəlixanaya göndərin ki, biz bayırda
normal həyatımıza davam edə bilək. Sizin kilsədən və Rusiyadan
qorxmanızı tam başa düşürəm. Bu təbiidir, ancaq əhalinin
əksəriyyəti birlik, dövlətin firavanlığı üçün bütün zərərli
qüvvələrə qarşı çıxmağa hazırdır. Ancaq sizin gözünüzdə həmin qrup
deyil, biz düşmənik. Bütün bunlara baxmayaraq, biz ölkəmizə və
dövlətimizə kömək etməyə hazırıq. Çünki bu ölkə bizimdir,
kimlərinsə deyil!” – Samirə Bayramova qeyd edib.
“Marneuli” radiosu Samirə Bayramovaya qarşı həyata keçirilmiş
hədələmə faktı ilə bağlı işin hansı mərhələdə olması barədə hələ də
Daxili İşlər Nazirliyindən cavab gözləyir.
Samirə Bayramova 15 mart tarixində “Alt-İnfonun” dəstəkçilərindən
birinin ona öldürməklə bağlı hədə məzmununda mesaj göndərməsindən
sonra polisə müraciət edib.
Samirə Bayramova “Alt-infonun” təsis etdiyi “Konservativ hərəkat”
partiyasının Marneulidəki ofisinin divarını boyadıqdan sonra,
sosial şəbəkədə mülki fəala qarşı hədələmə və təhqiredici şərhlər
edilir. Samirə Bayramovaya bir neçə nəfər hədə-qorxu məzmunlu mesaj
da göndərib.
Gürcüstan Daxili İşlər Nazirliyi Samirə Bayramovaya qarşı həyata
keçirilmiş hədələmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 151-ci
maddəsi ilə istintaqa başlayıb. Həmin maddə ölümlə, yaxud
sağlamlığa zərər vurmaqla hədələməni nəzərdə tutur.