Fərdi yanaşma ilə vahid layihə – soyadda rus sonluğunun dəyişdirilməsi ilə bağlı qanun layihəsi hansı mərhələdədir
20 may tarixində Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili deputatlarla birlikdə “Tarixi-Mədəni Ənənələrə Uyğun Olmayan Soyadların Dəyişdirilməsi Hüququ Haqqında” qanun layihəsi ilə bağlı Bolnisi bələdiyyəsində görüş keçirib.

Əhali və mülki fəallarla birlikdə Gürcüstan Parlamentinə təqdim olunmuş qanun layihəsini təşəbbüsünü müzakirə ediblər. Həmin qanun layihəsi etnik azlıq nümayəndələrinə orijinal, onların etnik ənənə və mədəni kimliyinə uyğun prinsipi ilə yaranmış soyadların verilməsinin effektiv mexanizminin yaradılmasını nəzərdə tutur. Görüşdə “Salam” platformasının nümayəndələri də iştirak ediblər. Onlar ötən il tarixi soyadlardan “ov” və “yev” rus sonluqlarının götürülməsi ilə bağlı fəal işləməyə və imza toplamağa başladılar. Təşkilatın təsisçilərindən Kamran Məmmədli hesab edir ki, təklif edilmiş qanun layihəsində bəzi çatışmazlıqlar var. Yenidən baxış və onların məsələ üzərində fəal işləməsi lazımdır. O, komitə dinləmələrində öz fikirlərini qeyd edə biləcəklərinə ümid edir.

“Bir növ, alternativ layihə təqdim ediblər. Parlamentin üzvü, İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze bildirib ki, onun illər ərzində işlədiyi belə bir ideyası var idi. Həmin ideya bizim imzaları toplamağımızla üst-üstə düşüb. Parlamentin sədri Şalva Papuaşvili bu prosesdə mühüm rolu “Salam”-ın daşıdığını bildirib. Mixeil Sarcveladze də bu nəticəni əldə etməkdə “Salam”-ın böyük töhfəsi olduğunu etiraf edib, həmin proses imzaların toplanmasıdır. Bizim gözləntimiz budur ki, bu qanun layihəsi tezliklə qanuna çevrilsin. Ancaq bu ictimai müzakirədən başqa, komitə dinləməsi zamanı bu qanundakı çatışmazlıqlar barədə öz fikrimizi bildirəcəyimizə ümid edirəm. Bu fikir müvəqqəti mexanizmin olması, eləcə də komissiya yaradılması və orada tarixçilərin, başqa adamların təqdim olunmasından ibarətdir. Layihə bu komissiyanın fəaliyyətinə etnik qrupların qoşulması öhdəliyini tələb etmir. Biz düşünürük ki, bu vacibdir”.


“Salam”-ın daha bir üzvü Ayhan Həsənli bildirir ki, təqdim olunmuş qanun layihəsi “Salam”-ın həllini tələb etdiyi məsələlərə və problemlərə cavab verir. Ancaq o, təklif olunmuş layihənin həddindən artıq bürokratik komponentlərdən ibarət olduğunu düşünür.

“Müəyyən çatışmazlıqlar barədə geniş müzakirəyə ehtiyac var. Biz ümid edirik ki, müzakirələrə qoşulmaq, bu məsələ ilə bağlı tövsiyələr vermək və mövqeyimizi təqdim etmək imkanımız olacaq. Biz imzaları toplamağa başlayandan sonra bu qanun layihəsi üzərində işlənməyə başlanıldı və alternativ layihə təqdim etdilər. Bir neçə çatışmazlığın olduğunu düşünürük. Bu, məsələn, qanun layihəsinin vaxtı, güzəştlər, komissiyaya qoşulacaq şəxslərin kimliyidir. Qiymətdə maksimum güzəşt edilməlidir. Bu sahə üzrə mütəxəssislər, etnik azlıq nümayəndələri və maraqlanan şəxslər komissiyaya qoşulacaqlarmı, bu kimi suallar var. İkinci məsələ qeyd olunan komissiyanın əlavə bürokratiya yaradıb-yaratmayacağıdır”, – Ayhan Həsənli bildirdi. 

“Marneuli” radiosu Gürcüstan Parlamentinin üzvü, İnsan Hüquqlarının Müdafiəsi və Vətəndaş İnteqrasiyası Komitəsinin sədri Mixeil Sarcveladze ilə müsahibə yazıb. O, müsahibəsində bildirir ki, tarixi-mədəni ənənələrə uyğun olmayan soyadın dəyişdirilməsi məsələsi üzərində işləməyə illər əvvəl başlayıblar. Onun sözlərinə görə, bu geniş layihədir və ümumi, ancaq fərdi yanaşmaları nəzərdə tutur.



“Sovet və ona qədərki rus idarəçiliyinə məxsus xarakter idi. Assimilyasiya siyasəti üçün belə üsuldan və metoddan istifadə edirdilər. Soyadların sonluğuna “yev” və ya “ov” kimi rus sonluqları artırırdılar. Bu yalnız azərbaycanlılara deyil, həm də, məsələn, yezidilərə, kürdlərə, ermənilərin bir qisminə də aiddir. Məsələn, Nikoloz Barataşvili Baratov yazırdı. Bu problem qaydasına düşməlidir və həmin dövrdə verilmiş tarixi-mədəni ənənələrə uyğun olmayan, bu gün qanuni şəkildə dəyişdirilməsi mümkün olmayan həmin soyadı dəyişmək imkanı olmalıdır. Belə halda həmin etnik qruplardan olan şəxslərə birdəfəlik şərait yaradılacaq. Bu sonra müəyyən ediləcək. Qanun səviyyəsində deyil, alt-qanun səviyyəsində. Onların soyadlarını öz mədəni ənənələrinə uyğun, soyad ala biləcəkləri metodologiya ilə dəyişdirmək imkanı olacaq. Ancaq bu fərqli olacaq. Bütün etnik qruplar üçün universal olmayacaq. Çünki hamının öz qaydası var. Soyadın formalaşmasının unikal qaydaları. Məsələn, yezidilərin qaydası azərbaycanlılara, azərbaycanlıların qaydası isə yezidilərə lazım olmayacaq və s.”, – Sarcveladze bildirdi.

Sarcveladzenin sözlərinə görə, alt-qanun səviyyəsində, Ədliyyə nazirinin yanında müəyyən elmi məsləhət bölməsi (müzakirə orqanı) yaradılacaq. Məhz onlar hansı etnik qrupa bu şəraitin veriləcəyini müəyyən edəcəklər. Ancaq onların bu hüquqa malik olması faktı mübahisəli deyil. Həmçinin, azərbaycanlılar, yezidilər, yunanların. Qeyd olunan məsləhət bölməsinin tövsiyəsi əsasında Ədliyyə naziri metodologiyanı müəyyən edəcək. Soyadını dəyişdirmək istəyən şəxslərin bunu asan şəkildə həyata keçirməsi üçün normativ baza yaradılacaq.

Parlamentin üzvünün sözlərinə görə, məsələ ilə maraqlanan şəxslərin Parlamentdə müzakirə zamanı da qoşulmaq imkanı olacaq. Mixeil Sarcveladze layihənin nə zaman tam formaya salınacağını qeyd etməkdə çətinlik çəkir. O, qeyd edir ki, bütün bunlar bir çox amildən, həmçinin, Parlamentin gündəliyindən asılıdır.
Print Email
FaceBook Twitter Google