Milli Qiymətləndirmə və İmtahan Mərkəzi abituriyentlərin işlərini
və topladığı balları yayımlamağa başlayıb.
1+4 proqramı ilə imtahan verən abituriyentlərin nəticələri məlum
olub. Marneulidən də ali təhsil ocaqlarına yüksək balla qəbul olan
abituriyentlər var.
Marneuli 8 saylı ictimai məktəbinin məzunu Fidan Xəlilova 72 bal
toplayıb. Xəlilova deyir ki, öz biliyinə güvəndiyi üçün yüksək bal
toplayacağına inanıb. Lakin fikirləşdiyi ən yüksək bal 60 olub. O,
nəticələrin yüksək olmasının qürurverici olduğunu deyir.
“Hələ ixtisasla bağlı dəqiq seçim etməmişəm. Amma
ingilis dili filologiyası istəyərdim. 11-ci sinifdə bizim şansımız
var idi ki, imtahan verib özümüzü yoxlayaq. Həmin il də vermişdim.
Həmin il heç hazırlaşmamışdım, amma 45 bal toplamışdım. Ona görə də
bir az rahat idim ki, hazırlaşmadan belə bal toplamışamsa,
hazırlıqla daha yüksəyini toplaya bilərəm. Ona görə də elə də
həyəcanlı deyildim, sadəcə çox çalışdım”.
Sadaxlı 1 saylı ictimai məktəbinin məzunu Güləsər Xudiyeva 71 bal
toplayıb. Xudiyeva yaşadığı hisslərin sözlərlə ifadə oluna
bilməyəcəyini deyir.
“Bu dəqiqə çox xoşbəxtəm. Özümdən yüksək
nəticə gözləyirdim, amma bu qədər də yüksək olacağını gözləmirdim.
İmtahanlara daxil olanda yeganə qorxum o idi ki, öz bilik və
bacarığımı göstərə bilmərəm. Gələcəkdə riyaziyyatçı olmaq
istəyirəm. Mənim tələbə adını almaq istəyən tələbələrə arzum odur
ki, bacaracaqlarını hiss etsinlər, bacaracaqları günün xəyalını
qursunlar. İnsan bir şeyin xəyalını qurduqda onun üçün hazırlaşmağa
başlayır”.
Lalə Mustafayeva Marneuli 6 saylı ictimai məktəbinin məzunudur.
Mustafayeva qəbul imtahanlarından 72 bal toplayıb. Onun sözlərinə
görə, müəllimləri onun yüksək bal toplayacağına hər zaman
inanıblar.
"Mənim üçün belə bir nəticə çox qürurvericidir. Bu
nəticə çox sevindirici oldu. Özümü olduqca xoşbəxt hiss
edirəm".
Nurcan Vəliyeva Kirəç Muğanlı ictimai məktəbinin məzunudur. O, 80
mümkün baldan 67 bal toplayıb. Vəliyeva deyir ki, əldə etdiyi
nəticə onun üçün gözlənilən olub.
“İmtahan zamanı çox həyəcanlı idim. Ən böyük dəstəkçim
ailə üzvlərim, sevdiklərim idi. O hissləri izah etmək çox çətindir.
Hələ də inana bilmirəm. Çox qəribə hisslərdir. Hələ də həyəcanlıyam
və həyəcanım keçməyib. Mən qəbul olmaq üçün hazırlaşırdım.
Müəllimlərimin hər birinə təşəkkür edirəm, hər birinin dəstəyi
mənim üçün çox böyük oldu. Fərzin müəllim və məktəbdəki
müəllimlərimə təşəkkür edirəm. İqtisadiyyat üzrə təhsil almaq
istəyirəm”.
Baxış Məmmədxanov qəbul imtahanlarından 63 bal toplayıb. O, Təkəli
kənd ictimai məktəbindən məzun olub. Baxışın sözlərinə görə,
hazırda yaşadığı hissləri heç bir vaxt yaşamayıb.
“İmtahandan çox bu cavabları gözləmək mənə daha çətin
gəlirdi. Bu çox gözəl bir hissdir və hər insan bu hissi
yaşamalıdır. Heç vaxt narahat deyildim. Əminliklə bilirdim ki, 60
bal yığacağam. Hələ ki, ixtisasla bağlı seçimim yoxdur. Biz kənddə
yaşayırıq və seçimlərdən bir o qədər də məlumatımız yoxdur.
Qarşıdaki bir il hazırlıq müddətində seçim edəcəyəm. Bu yolda bacım
və anam mənə hər zaman inanırdılar”.
Kirəç Muğanlı ictimai məktəbindən daha bir məzun Vüqar Acalovdur.
O, 56 bal toplayıb. Onun sözlərinə görə, ali təhsil alması üçün ən
böyük dəstəyi ona anası göstərib.
“Əsasən anam dəstəkləyirdi. İmtahana gedəndə çox həyəcanlı idim və
56 bal topladım. Hazırda sevincimin həddi-hüdudu yoxdur.
Müəllimlərimin rolu çox böyükdür. Əsasən də məni bu il
hazırlaşdıran Fərzin müəllimə təşəkkür edirəm. Mənim məqsədim
turizm sahəsində təhsil almaqdır. Nəticə istədiyim kimi
oldu”, – Vüqar Acalov dedi.
Bunlar “Marneuli” radiosuna məlum olan şagirdlərin
göstəriciləridir.