Marneuli yerli özünüidarəsi Saimerlo kəndində daxili yollara asfalt
qatının çəkilməsi/bərpası işləri ilə bağlı tender elan edib.
Tenderdə qeyd olunan smeta sənədlərinə görə, Saimerlo kəndində beş
hissədə daxili yollara asfalt çəkilməsi planlaşdırılır.
Birinci hissə 124 metr məsafədədir. Küçə Saimerlo parkına yaxın,
suvarma kanalının kənarında yerləşir.
Yolun ikinci hissəsi 265 metr uzunluqdadır, üçüncü hissə 51
metrdir. Hər iki hissə Saimerlo kəndinin qəbirstanlığına gedən
yoldur.
Dördüncü hissə 337 metr uzunluqdadır. Hissə Saimerlonun köhnə
Ayinlər Evinin girişindən başlayır və əkin-biçin sahələrinə gedən
yolun kəsişməsinə qədər davam edir.
Beşinci hissə isə Zaza Boçoidze küçəsinin sonuncu hissəsidir və
orada asfalt qatı çəkilməyib.
“Mövcud yol örtüyü qum-çınqıl qarışığı şəklindədir. Yolun hərəkət
hissəsi və kənarları tikinti tullantılarından və yağışların
gətirdiyi daş qalıqlarından təmizlənməlidir”, –
Tenderin smeta sənədlərində qeyd olunub.
Marneuli meriyası Saimerlo kəndində daxili yolların çəkilməsi üçün
350 367 lari dəyərində tender elan edib. Tenderdə iştirak etmək
istəyən şirkətlər 24 maydan 29 maya kimi öz təkliflərini təqdim edə
bilərlər.