Marneulinin vətən müharibəsi veteranı yoxdur
Bu gün, 9 may tarixində İkinci Dünya müharibəsində faşizm üzərində qələbədən 78 il ötür.

Marneulidə heç Böyük Vətən müharibəsi veteranı qalmayıb. Ötən il yalnız iki veteran – 98 yaşlı Hüseyn Vəliyev və 96 yaşlı Ziyadxan Kiryakov var idi. Ancaq onların hər ikisi dünyasını dəyişib. Marneuli meriyası bu il İkinci Dünya müharibəsində həlak olmuş qəhrəmanların abidəsinə qoymaq üçün 900 larilik çiçəklər alıb.

“Bildiyiniz kimi, faşizm üzərində qələbədən 78 il ötür. Bu müharibə bəşəriyyətin tarixinə ən qanlı və məhvedici hadisə kimi yazılıb. Gürcüstandan getmiş on minlərlə döyüşçü faşistlərlə vuruşub. Onlar millət və ölkə qarşısında borclarını vicdanla ödədilər. Döyüşçülərdən çoxu vətənə geri qayıtmadı, qayıdanların əksəriyyəti isə artıq bizimlə deyil. Bir daha İkinci Dünya müharibəsində həlak olmuş qəhrəmanlara hörmət göstərməyimizi, onların abidələrinə canlı gül əklilləri və çiçəklər aparmağı məqsədəuyğun hesab edirik. Xahiş edirik, müvafiq xidmətə alqı-satqı ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulmuş işləri həyata keçirmək tapşırığı verəsiniz”,
– sadələşdirilmiş tenderin izahatnaməsində yazılıb.

Veteranlarla İş üzrə Dövlət Xidmətinin məlumatına görə, Kvemo Kartli miqyasında ümumilikdə iki nəfər vətən müharibəsi veteranı sağdır. Onlardan biri Qardabanidə (İlarion Otaraşvili), digəri isə Bolnisidə (Arutin Andriasyan) yaşayır.

İkinci Dünya Müharibəsi tarixə ən genişmiqyaslı və qanlı münaqişə kimi düşüb. 1939-cu ildən 1945 ilə qədər davam edən müharibədə 300 min Gürcüstan vətəndaşı həyatını itirib. Müharibə 40 dövlətin ərazisində gedirdi.

Print Email
FaceBook Twitter Google