Tbilisi Dövlət Universitetinin 5-ci kurs tələbəsi Elcan Hacılının
"Green Card" almaq üçün etdiyi müraciəti bu il də qəbul olunmayıb.
O, bu il də müraciətinə mənfi cavab gəlməsi ila bağlı sosial
platformada video paylaşıb. Hacılı “Marneuli” radiosu ilə
söhbəti zamanı "Green Card"-ın onun üçün nə qədər vacib
olub-olmaması haqqında danışdı.
O, arada fasilələrlə artıq 3-cü dəfədir ki, "Green Card" üçün
müracət etdiyini bildirdi. Hacılı "Green Card" almağı şans
oyunlarına bənzədir. Onun sözlərinə görə, bu bir oyundur. Ya
qazanacaqsan, ya da uduzacaqsan.
“Hal-hazırda "Green Card" proqramında qalib gəlmək
şansı təxminən hər bir vətəndaş üçün 1% təşkil edir. Yəni, hər 100
nəfər müraciətçidən təxminən 1-i qalib gəlir. Bildiyiniz kimi,
"Green Card" sənədi lotereya tipli yarış ilə əldə edilir. Bu
proqramda qalib gəlmək şansı coğrafi bölgələrə görə müəyyən edilir.
Nəzərə alsaq ki, hər il bu proqrama müraciət edənlərin sayı artır,
bunun nəticəsində də qazanmaq ehtimalınız daha da
çətinləşir”.
Hacılı Gürcüstanı tərk edib Amerikada yaşamaq istəyinin səbəbləri
barədə də söhbət açdı. Onun sözlərinə görə, Amerika öz fərqli yaşam
tərzinə, təhsil sisteminə görə digər ölkələrdən fərqlənir. Buna
görə də onun gələcək planlarının arasında Amerikada yaşamaq
dayanır.
““Niyə Amerika?” – çoxşaxəli cavabı olan suallardan
biridir. Orada yaşayaraq ABŞ-ı vətəni adlandıran 200-dən çox millət
var. ABŞ müxtəlifliyi və fərqliliyi qəbul etmiş bir cəmiyyətdir.
Pozitivlik və tolerantlıq ABŞ-da məskunlaşmaq üçün əsaslı
səbəblərdir. Bununla yanaşı, məni özünə çəkən bir çox təfərrüat
var. Misal olaraq, ölkədə oturmuş ədalət sisteminin olması,
ekonomik güc, karyera pillələrində yüksəlmək şansının daha yüksək
olması və ən əsası da təhsil. Belə ki, əgər siz övladlarınızla
birlikdə ABŞ-a köçürsünüzsə, onların ən yaxşı təhsil almasını təmin
etmək əsas prioritetiniz olacaq. Amerikada təhsil standartının çox
yüksək olduğuna əmin ola bilərsiniz. Övladınızı dövlət və ya özəl
məktəbə göndərməyi seçə bilərsiniz. Hansını seçsəniz, əmin ola
bilərsiniz ki, övladınız dünya səviyyəsində yaxşı təhsil ala bilər.
Əgər siz öz təhsilinizi davam etdirmək istəyirsinizsə, Amerikanın
universitet və magistratura sistemi də dünyaca məşhurdur. “QS World
University” reytinqinə əsasən, “Dünyanın ən yaxşı 20
universiteti”nin yarısı ABŞ-dadır”.
Gürcüstanda "Green Card" qazanaraq Amerikaya səfər edən gənclərin
sayı elə də az deyil. Son zamanlarda bir çox gənclərin Amerikaya
köçmək və orada yaşamaq arzusunun olduğunu görürük. Elcanın
fikrincə xaricdə yaşamaq istəyən gənclərin əksəriyyəti
Gürcüstandakı çətinlikləri, eləcə də iqtisadi vəziyyəti nəzərə
alaraq öz gələcəklərini bu ölkədə qura bilmirlər. Buna görə də
onların çətinlikləri geridə qoya bilmək üçün tək çıxış yolları
ölkəni tərk etmək olur.
“Buna səbəblər müxtəlif ola bilər. Ciddi və əsaslı
səbəblərlə yanaşı, bir qism öz gələcəyini burada görmədiyi və
iqtisadi çətinlikləri olduğu üçün ölkədən getmək istəyir. Bunlar
üçün konkret olaraq hədəf hər zaman Amerika olmur. Belə ki, bu
proqrama müraciət edən bir çox gənc tanıdım, onların fikirləri
aşağı-yuxarı belə idi: “hara olur olsun, təki ölkədən çıxım gedim”.
"Green Card" da onlar üçün bu məqsədə çatmaq üçün asan yollardan
biri olduğunu düşünürlər”.
O, gələcək illərdə də "Green Card" üçün yenidən müraciət etmək
fikrinin olduğunu bildirdi.
Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamentinin lotereya ilə
ABŞ-da yaşamaq və işləmək hüququnu verdiyi "Green Card" müraciət
şərtləri belədir:
- 1) Ən azı orta məktəb məzunu olmaq
- 2) Gürcüstan da daxil olmaqla ABŞ-a az immiqrasiya
verən ölkələrdən birinin vətəndaşı olmaq
- 3) Ən azı 18 yaşında olmaq
- 4) Xarici pasporta sahib olmaq (2022-ci ildən etibarən
müraciət zamanı pasport tələbi qaldırıldı. Ancaq bu bəndin yenidən
geri əlavə ediləcəyi ehtimal olunur).
Qeyd edək ki, Gürcüstanda “Yaşıl kart” tirajına cəlb olunanların
sayı artmağa davam edir, bu barədə Turebi.ge-nin direktoru Niko
Qoqoladze “Biznes səhəri” proqramında danışıb. Onun sözlərinə görə,
2011-ci ildə “Yaşıl Kart” tirajında 20 min nəfər qeydiyyatdan
keçmişdisə, 2021-ci ildə onların sayı 112 minə bərabər olub.
ABŞ Dövlət Departamentinin məlumatına görə, bu il “Yaşıl Kart”
lotereyasına Gürcüstandan ümumilikdə 112 464 müraciət daxil olub.
Bu, əvvəlki illə müqayisədə 29,000 müraciət azdır.
“Yaşıl Kartlar” Gürcüstanda 2021-ci maliyyə ili tirajında ən çox
qazanan olub – qaliblərin sayı 1899 nəfər təşkil edib.