Niyə Amerikaya getmək istəyirəm – Elcan Hacılı "Green Card" püşkatması barədə
Tbilisi Dövlət Universitetinin 5-ci kurs tələbəsi Elcan Hacılının "Green Card" almaq üçün etdiyi müraciəti bu il də qəbul olunmayıb. O, bu il də müraciətinə mənfi cavab gəlməsi ila bağlı sosial platformada video paylaşıb. Hacılı “Marneuli” radiosu ilə söhbəti zamanı "Green Card"-ın onun üçün nə qədər vacib olub-olmaması haqqında danışdı.

O, arada fasilələrlə artıq 3-cü dəfədir ki, "Green Card" üçün müracət etdiyini bildirdi. Hacılı "Green Card" almağı şans oyunlarına bənzədir. Onun sözlərinə görə, bu bir oyundur. Ya qazanacaqsan, ya da uduzacaqsan.

“Hal-hazırda "Green Card" proqramında qalib gəlmək şansı təxminən hər bir vətəndaş üçün 1% təşkil edir. Yəni, hər 100 nəfər müraciətçidən təxminən 1-i qalib gəlir. Bildiyiniz kimi, "Green Card" sənədi lotereya tipli yarış ilə əldə edilir. Bu proqramda qalib gəlmək şansı coğrafi bölgələrə görə müəyyən edilir. Nəzərə alsaq ki, hər il bu proqrama müraciət edənlərin sayı artır, bunun nəticəsində də qazanmaq ehtimalınız daha da çətinləşir”.

Hacılı Gürcüstanı tərk edib Amerikada yaşamaq istəyinin səbəbləri barədə də söhbət açdı. Onun sözlərinə görə, Amerika öz fərqli yaşam tərzinə, təhsil sisteminə görə digər ölkələrdən fərqlənir. Buna görə də onun gələcək planlarının arasında Amerikada yaşamaq dayanır.

““Niyə Amerika?” – çoxşaxəli cavabı olan suallardan biridir. Orada yaşayaraq ABŞ-ı vətəni adlandıran 200-dən çox millət var. ABŞ müxtəlifliyi və fərqliliyi qəbul etmiş bir cəmiyyətdir. Pozitivlik və tolerantlıq ABŞ-da məskunlaşmaq üçün əsaslı səbəblərdir. Bununla yanaşı, məni özünə çəkən bir çox təfərrüat var. Misal olaraq, ölkədə oturmuş ədalət sisteminin olması, ekonomik güc, karyera pillələrində yüksəlmək şansının daha yüksək olması və ən əsası da təhsil. Belə ki, əgər siz övladlarınızla birlikdə ABŞ-a köçürsünüzsə, onların ən yaxşı təhsil almasını təmin etmək əsas prioritetiniz olacaq. Amerikada təhsil standartının çox yüksək olduğuna əmin ola bilərsiniz. Övladınızı dövlət və ya özəl məktəbə göndərməyi seçə bilərsiniz. Hansını seçsəniz, əmin ola bilərsiniz ki, övladınız dünya səviyyəsində yaxşı təhsil ala bilər. Əgər siz öz təhsilinizi davam etdirmək istəyirsinizsə, Amerikanın universitet və magistratura sistemi də dünyaca məşhurdur. “QS World University” reytinqinə əsasən, “Dünyanın ən yaxşı 20 universiteti”nin yarısı ABŞ-dadır”.

Gürcüstanda "Green Card" qazanaraq Amerikaya səfər edən gənclərin sayı elə də az deyil. Son zamanlarda bir çox gənclərin Amerikaya köçmək və orada yaşamaq arzusunun olduğunu görürük. Elcanın fikrincə xaricdə yaşamaq istəyən gənclərin əksəriyyəti Gürcüstandakı çətinlikləri, eləcə də iqtisadi vəziyyəti nəzərə alaraq öz gələcəklərini bu ölkədə qura bilmirlər. Buna görə də onların çətinlikləri geridə qoya bilmək üçün tək çıxış yolları ölkəni tərk etmək olur.

“Buna səbəblər müxtəlif ola bilər. Ciddi və əsaslı səbəblərlə yanaşı, bir qism öz gələcəyini burada görmədiyi və iqtisadi çətinlikləri olduğu üçün ölkədən getmək istəyir. Bunlar üçün konkret olaraq hədəf hər zaman Amerika olmur. Belə ki, bu proqrama müraciət edən bir çox gənc tanıdım, onların fikirləri aşağı-yuxarı belə idi: “hara olur olsun, təki ölkədən çıxım gedim”. "Green Card" da onlar üçün bu məqsədə çatmaq üçün asan yollardan biri olduğunu düşünürlər”.

O, gələcək illərdə də "Green Card" üçün yenidən müraciət etmək fikrinin olduğunu bildirdi.

Məlumat üçün qeyd edək ki, ABŞ Dövlət Departamentinin lotereya ilə ABŞ-da yaşamaq və işləmək hüququnu verdiyi "Green Card" müraciət şərtləri belədir:
  • 1) Ən azı orta məktəb məzunu olmaq
  • 2) Gürcüstan da daxil olmaqla ABŞ-a az immiqrasiya verən ölkələrdən birinin vətəndaşı olmaq
  • 3) Ən azı 18 yaşında olmaq
  • 4) Xarici pasporta sahib olmaq (2022-ci ildən etibarən müraciət zamanı pasport tələbi qaldırıldı. Ancaq bu bəndin yenidən geri əlavə ediləcəyi ehtimal olunur).
Qeyd edək ki, Gürcüstanda “Yaşıl kart” tirajına cəlb olunanların sayı artmağa davam edir, bu barədə Turebi.ge-nin direktoru Niko Qoqoladze “Biznes səhəri” proqramında danışıb. Onun sözlərinə görə, 2011-ci ildə “Yaşıl Kart” tirajında 20 min nəfər qeydiyyatdan keçmişdisə, 2021-ci ildə onların sayı 112 minə bərabər olub.

ABŞ Dövlət Departamentinin məlumatına görə, bu il “Yaşıl Kart” lotereyasına Gürcüstandan ümumilikdə 112 464 müraciət daxil olub. Bu, əvvəlki illə müqayisədə 29,000 müraciət azdır.

“Yaşıl Kartlar” Gürcüstanda 2021-ci maliyyə ili tirajında ən çox qazanan olub – qaliblərin sayı 1899 nəfər təşkil edib.


"Marneuli" Radiosu
Print