Daştəpə sakinləri üç gəncin cəzasının yüngülləşdirilməsi ümidi ilə DİN-dən üzr istəyiblər
13 may tarixində Daştəpə əhalisi və polislərə tabe olmayan, onlara qarşı zorakılıqda ittiham edilərək saxlanılan üç nəfər gənc Daxili İşlər Nazirliyinin nümayəndələrindən üzr istəyiblər. Üzr istəmək məqsədi ilə keçirilən aksiya Teletidə Gürcüstan polis binası qarşısında keçirilib. Saxlanılan iki nəfərin vəkili Əli Bədirov “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, Prokurorluqla hələ razılaşma baş tutmayıb. Çünki ilkin mərhələdə saxlanılanlar zərərçəkmişlərlə, bu halda hüquq-mühafizə orqanı nümayəndələri ilə “problemi həll etməli idilər”.

“Zərərçəkmiş tərəf bildiyiniz kimi, patrul əməkdaşlarıdırlar. Məhz buna görə, gənclərin ideyası var idi ki, üzr istədiklərini çatdırsınlar. Problem elə vəziyyətə geidb çıxmışdı ki, artıq Daştəpə kəndi ilə patrul arasında gərginlik yaranmışdı. Bu hadisədən sonra patrul maşınları Daştəpə kəndində girmirdilər və kənd sakinləri narahat idilər. Çünki problem həll olunmamışdı və gənclərin həyatı təhlükə altında idi. Bilirsiniz ki, onlar xüsusi ağır cinayətdə ittiham olunurlar. Bu ağır maddədir, amma əgər zərərçəkmiş tərəfi etirazı olmazsa bu halda daha yüngül cəza, prosessual razılaşma ilə məsələnin həlli mümkündür. Patrul əməkdaşları aksiyanı çox bəyəndilər. Onlar bu addım üçün minnətdarlıq etdilər və bidlirdilər ki, əlbəttə belə daha yaxşıdır. Əgər sakit şəkildə, bütün tərəflər bir-biri ilə razılaşarsa, əlbəttə gəncləri bağışlayacağıq, çünki peşman olublar. İndiki mərhələdə əməkdaşların şifahi ünsiyyəti belə olub və ümid edirəm, Prokurorluqdan da bunu deyəcəklər”,
– Əli Bədirov bildirdi.

12 aprel tarixində, axşam saatlarında patrul polis maşını üç gənci təqib edib. Gənclərin maşını Daştəpə kəndində yoldan çıxaraq aşıb və qəza baş verib. Bundan sonra polislər və maşında olan iki nəfər arasında mübahisə baş verib. Mübahisə zamanı kənd əhalisi maşında olan üç nəfəri gizlədib, sonradan kənddə xüsusi əməliyyat aparılıb və onların hər üçü saxlanılıb. Polislərə hücum faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima maddəsi ilə istintaq aparılır. Həmin maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Saxlanınan şəxslərin vəkili Əli Bədirov ümid edir ki, Prokurorluq müdafiə tərəfi ilə razılaşma bağlayacaq. Onun sözlərinə görə, müdafiə tərəfi saxlanılanlara icbari iş və pul cəriməsi verilməsinə razıdır.

Daştəpədə saxlanılan üç gəncin növbəti məhkəmə iclası 7 iyuna təyin olunub. Vəkil ümid edir ki, ona qədər razılaşmanı tərtib edə biləcəklər və gənclər həbsxanaya getməyəcək. 18 aprel tarixində vəkil Əli Bədiorov “Marneuli” radiosuna bildirmişdi ki, polislər onun müdafiəsi altında olan iki nəfərə saxlanılma prosesində fiziki və şifahi zorakılıq ediblər. Bu gün, 15 may tarixində isə Bədirov bildirdi ki, saxlanılanlar xüsusi istintaq xidmətinə polislərə qarşı etirazları olmadığını bildiriblər.

"Marneuli" Radiosu
Print