1-14 may tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə kişi
boksçular arasında dünya çempionatı keçirilib.
Çempionatda Gürcüstan milli yığmasının idmançıları da iştirak
ediblər. Həmin yarışmadan yığmanın üç idmançısı vətənə medalla
qayıdıb. Sahil Allahverdiyev gümüş, Laşa Quruli və Qiorqi
Kuşitaşvili hər biri bürünc medal qazanıblar.
48 kq-dək çəki dərəcəsində mübarizə aparan 24 yaşlı Sahil
Allahverdiyev “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
finalda Qazaxıstan təmsilçisi 19 yaşlı Sanjar Taşkenbayla
qarşılaşıb və rəqibinə hər üç raunda 5:0 hesabı ilə məğlub
olub.
“Yarışda mən 4 döyüş keçirdim. Hindistanlı,
Bolqarıstanlı və Kubalıya qalib gəldim. Amma finalda Qazaxıstan
idmançısına məğlub oldum və ikinci yeri qazandım. Dünya
çempionatında iştirak etmək və orada mükafatçılar arasında olmaq
çox çətindir. Amma qələbə qazanmaq mənim üçün çox gözəl bir hissdir
və bu hissi sözlə ifadə etmək mənim üçün çox çətindir. Bu cür
yarışlarda sən sadəcə özünü təmsil etmirsən. Yaşadığın bölgəni,
ölkəni, ailəni həm də millətini təmsil edirsən”, –
Sahil Allahverdiyev dedi.
Qeyd edək ki, Sahil Allahverdiyev Tbilisidə anadan olub. 11
yaşından boksla məşğul olmağa başlayıb. Məşqçisi isə Füzuli
Ələkbərovdur. Allahverdiyev 15 yaşında iki dəfə Gürcüstan
birinciliyini qazanıb. 2016-cı ildən isə Avropa çempionatlarında
iştirak edir və qələbələr qazanıb. S.Allahverdiyev 2015-ci ildən
Gürcüstanın yığma komandasının üzvüdür. O, ötən ilin mayında
Ermənistanın paytaxtı İrəvanda keçirilən kişilər arasında boks üzrə
Avropa Çempionatında qızıl medal qazanıb. Bundan başqa Sahil
Allahverdiyev “Minsk 2019” II Avropa Oyunları və 2018-ci ildə
İspaniyada keçirilən Avropa Birliyi ölkələrinin boks üzrə
çempionatında medallar qazanıb. Sahil Allahverdiyev “Tokio – 2020”
Olimpiya Oyunlarında da Gürcüstanı təmsil edib.
Xatırladaq ki, 538 boksçunun iştirakı ilə keçirilən dünya
çempionatında 107 ölkə iştirak edib. Özbəkistanın paytaxtı
Daşkənddə kişi boksçular arasında keçirilən Dünya çempionatının
mükafat fondunun məbləği 5,2 milyon ABŞ dollar olub. Çempionatda
qızıl medal qazanan boksçular 200 min dollar gəlir əldə ediblər.
İkinci yerin sahibləri 100 min, üçüncü yerin sahibləri isə 50 min
dollarla mükafat qazanıblar.