Bu gün, 24 may tarixində Marneuli 1 və 4 saylı bağçalarında
uşaqları bağçadan evə qaytarıblar.
Bu barədə məlumatı “Marneuli” radiosu ilə söhbəti zamanı Uşaq
Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov verdi.
Onun sözlərinə görə, uşaqların bağçalardan evə göndərilməsinə səbəb
sözügedən bağçalarda suyun olmamasıdır. Kərəmov su idarəsi ilə
danışdığını, nasos stansiyasında problemlərin olduğunu və gün
ərzində bu problemin həll olunacağını bildirdi.
“Bəli, mənə məlumat verdilər ki, gecə su olmadığına
görə uşaqları bağçadan geri qaytarmalı olduq. Buna səbəb sanitar
normaları qoruya bilməməyimizdir. Söhbət 1 və 4 saylı bağçalardan
gedir. Mən su idarəsi ilə əlaqə saxladım, nasos stansiyasında
problem olduğunu və həll etdiklərini dedilər. Günortadan etibarən
artıq su olacaq. Uşaqlar sabahdan etibarən normal qaydada bağçaya
gələ biləcəklər”.
Qeyd edək ki, hər iki bağça sabahdan etibarən fəaliyyətini normal
qaydada davam etdirəcək.