Gürcüstanın müstəqilliyinin 105 illiyi ilə əlaqədar olaraq “Marneuli” ictimai kollecində konsert keçirilib (FOTO)
Gürcüstanın müstəqilliyinin bərpasından 105 il keçir. Bununla bağlı Marneulidə bir sıra tədbirlər keçirilir. Belə tədbirlərdən biri də bu gün, 24 may tarixində Marneuli İctimai Kollecində baş tutdu. Tədbir Gürcüstan himinin səsləndirilməsi ilə başladı və kollecin həyətində bayraq ucaldıldı.

Daha sonra tədbiri giriş sözü ilə açan kollecin direktoru Mahir Bayramov qonaqları salamladı və qeyd etdi ki, Gürcüstan artıq müstəqil bir ölkədir. Buna görə də gənclərin maarifləndirilməsi üçün bu cür tədbirlərin keçirilməsi vacibdir. O, ümid edir ki, gənclər öz ölkələrinin müstəqilliyini qoruyaraq, gələcək nəslə ötürə biləcəklər.

Kollecdə baş tutan tədbirdə Azərbaycanın Gürcüstandakı səfirinin müşaviri Eldar Bayramov, Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı, Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Əli Qəhrəmanov, QHT nümayəndələri, tələbələr, müəllimlər, valideynlər və dəvət olunmuş qonaqlar iştirak edirdilər.

Tədbirdə çıxış edən səfirliyin müşaviri Eldar Bayramov Gürcüstan və Azərbaycanın müstəqilliyinin bərpası ilə bağlı məlumat verdi. O, çıxışı zamanı 1918-ci ildə Azərbaycanın da müstəqillik əldə etdiyini bildirdi. Bayramov çıxışı zamanı qeyd etdi ki, bu tarixi heç bir zaman unutmamalı, müstəqilliyimizin keşiyində durmalıyıq və qorumalıyıq.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğalı vətəndaşları Gürcüstanın Müstəqilliyi Günü münasibəti ilə təbrik etdi. O, bildirdi ki, bu gün həm dövlətimiz və həm də vətəndaşlarımız üçün çox önəmli bir gündür.

“Bu gün dünyada və bölgədə olan çətin geosiyasi vəziyyətə baxmayaraq, dövlətimiz öz müstəqilliyini ölkə daxili sülh, stabillik və inkişafı qoruyaraq çox düzgün addımlarla irəliləyir”.

Marneuli İctimai Kollecinin meneceri Ləman Bayramova tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirdi və qeyd etdi ki, kollecdə bu cür tədbirlər davamlı şəkildə keçiriləcək.

“İlk öcə bu gün münasibəti ilə bütün vətəndaşlarımızı təbrik edirəm. Dövlətimizə sülh, əmin-amanlıq, xoş günlər və ərazi bütövlüyünün bərpa olunmasını arzu edirəm. Bizim əsas məqsədimiz bu cür tədbirləri keçirərək, gələcək nəslə öyrətmək və göstərməkdir. Kollecimizin tələbələri də bu günü böyük qürurla anırlar və kiçik bir təbir hazırladılar”.

Tədbir konsert proqramı ilə davam etdi. Konsert proqramında Marneulili müğənni Şaban Məmmədov, “Sarvan” folklor rəqs qrupunun rəqsləri, kollecin tələbələrinin hazırladığı şeir və mahnılar ifa olundu.

Qeyd edək ki, 1918-ci ilin mayın 26-da Gürcüstanın Milli Şurası dövlət müstəqilliyi aktını qəbul edib. Noe Jordaniyanın başçılıq etdiyi ilk demokratik respublika Sovet işğalınadək - iki il yarım mövcud olub. Bu dövrdə Gürcüstanın müstəqilliyi aparıcı Avropa ölkələri tərəfindən tanınıb. Gürcüstan müstəqilliyini 70 ildən sonra - 1991-ci ilin aprelin 9-da yenidən bərpa edib.


Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print Email
FaceBook Twitter Google