Regionlarda diabetli uşaqların problemləri
Marneuli sakini Mariam Samxaradzenin 5 yaşlı övladına 2020-ci ilin fevral ayında diabet diaqnozu qoyulub. Artıq iki ildir ki, qida rasionunu nəzərə almaq, uşağın qanında şəkərin səviyyəsinə nəzarət etmək, insulin ehtiyatının toplanması və azyaşlının daim müşahidə altında olması Mariamın gündəlik həyat tərzinə çevrilib. Ancaq diabet diaqnozu qoyulmuş uşağın sağlam inkişafı üçün daha çox xidmətə ehtiyac var və bu ailənin imkanlarını aşır. Mariam Samxaradze, eləcə də regionlarda yaşayan digər diabetli uşaqların valideynləri düşünürlər ki, onların övladlarına xəstəliyə nəzarət, sağlam həyat tərzi üçün mühüm olan bütün xidmətlər göstərilmir.

İlk qayğısına qalınmalı olan məsələ qlükozanın davamlı monitorinqi, yəni CGM sistemdir. Onun köməyi ilə 1-ci tip diabetli uşaqlar artıq şəkər səviyyələrini ölçmək üçün gündə bir neçə dəfə barmaqlarına iynə batırmaq məcburiyyətində qalmırlar.

2022-ci ilin iyul ayından Gürcüstan hakimiyyəti ilk dəfə qlükozanın davamlı monitorinqi sistemini maliyyələşdirdi. Mariam bu proqram qüvvəyə minənə qədər sistemi alıb və indi “Libre” aparatından istifadə edir. Amma hökumət bu aparatı maliyyələşdirmir.

İşğal Edilmiş Ərazilərdən Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyinin məlumatına görə, alqı-satqı prosesində aydın olub ki, cari il ərzində yalnız bir istehsalçının – Medtroniks şirkətinin (Medtronic Diabetes) məhsul vermək imkanı var idi. Medtroniks tərəfindən istehsal edilmiş qlükozanın davamlı monitorinq sistemi “Gardian Connect” smartfonlarına uyğun olaraq işləyən qurğudur və həmin qurğu telefon aplikasiyası vasitəsi ilə monitorinq göstəricilərini toplaya, göstərə bilir. “Libre” cihazı vasitəsi ilə nəzarət xüsusi aparatla, eləcə də smartfonlara quraşdırılmış proqram təminatı ilə həyata keçirilir.

“Dövətin maliyyələşdirdiyindən istifadə edə bilmirəm. Çünki buna (Libre) öyrəşmişəm və çox çətindir. Onsuz da yeni aparatlara keçiblər və valideynlər də dəfələrlə məktub yazdıq ki, bütün dünyanın istifadə etdiyi Libre firmasının aparatlarını gətirsinlər, amma təəssüf, olmadı”,
– Mariam deyir.

Mariama daimi monitorinq sistemini almaq ayda 150 lariyə başa gəlir. Amma qorxur ki, sistemin yaxın zamanda köhnə modeli əvəz edəcək yeni modeli 400 lari olacaq.


Mariam kimi “Valideynlər 1-ci tip diabet üçün” təşkilatının nümayəndəsi Matsatso Asatiani də hesab edir ki, valideynlərin daha yaxşı hesab etdiyi daimi monitorinq sistemini seçmək şəraiti olmalıdır. O, bildirir ki, bütün valideynlərin smartfonu yoxdur, müvafiq olaraq onlar “Meditronik” sistemindən istifadə edə bilmirlər və yenidən barmaq deşməklə uşaqlarda şəkərin səviyyəsini yoxlayırlar.

“Belə fikir var ki, diabet xəstəlik deyil və sağlam həyat tərzidir. Bu gün dünyanın elə texniki imkanları var ki, bu fikri reallığa çeviriblər. CGM sistemlərinin köməyi ilə diabet həqiqətən də xəstəlik deyil, sağlam həyat tərzi ola bilər. Amma təəssüf ki, dünyadakı bütün bu sistemlər Gürcüstanda bizə əlçatan deyil. Bu gün Gürcüstanda mövcud olan sistemlər bu problemlərə cavab vermir və qabaqcıl ölkələrin sahib olduğu imkanlara malik deyil”, – Matsatso bildirib.

2021-ci ilin göstəricilərinə görə, Kvemo Kartli miqyasında 121 nəfər şəkərli diabet xəstəliyi aşkarlanan azyaşlı uşaq yaşayır. Tbilisi sakinlərindən fərqli olaraq Kvemo Kartlidə yaşayan şəkərli diabet xəstəliyi olan uşaqların bərpa xidmətlərinə əlçatanlığı yoxdur. Buraya istirahət vauçerləri, idman abonementləri və s. daxildir. Mariam Marneuli meriyasından yalnız bir dəfə 800 larilik yardım alıb. Marneuli bələdiyyəsininin sosial proqramına görə, bələdiyyə ərazisində yaşayan fiziki imkanları məhdud uşaqlara hər il 800 lari verilir. Yerli sosial proqramda konkret olaraq diabeti olan vətəndaşlar üçün xidmətlər yazılmayıb. Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, indiki mərhələdə uşaqlarla bağlı sosial proqramların daha həssas olması üçün işləyirlər. Konkret olaraq diabet xəstəliyi olan uşaqlar üçün isə ayrıca proqramın hazırlanması gündəlikdə yoxdur.

Matsatso Asatiani bildirdi ki, diabetli uşağı olan valideynlərin böyük qismi regionlarda xidmətlərin olmamasına görə yaşamaq üçün Tbilisiyə köçürlər.

“Elementar olaraq regionlarda endokrinoloq xidməti yoxdur, müayinə və analizlərin aparılması əlçatan deyil. Valideynlər analiz, başqa xidmətlərdən faydalanmaq üçün tez-tez Tbilisiyə getməli olurlar. Elementar olaraq yol xərci və başqa maneələri nəzərə almaqla bu valideyn üçün çox çətindir. Ona görə də istəyərdim ki, Tbilisi sakinlərinə əlçatan olan xidmətlər regionda yaşayan uşaqlar üçün də əlçatan olsun. Tbilisi meriyası uşaqlar üçün istirahət vauçerlərini maliyyələşdirir. Bu uşaqların yay fəsli ərzində istirahətini nəzərdə tutur. Təəssüf ki, bu hər regionda yoxdur və bütün uşaqlar üçün bu çox vacibdir. Eləcə də diabeti olan uşaqların fiziki inkişafı çox mühümdür. Onun enerjisini xərcləməyə ehtiyacı var ki, şəkər qaydasına düşsün, ancaq regionlarda bu maliyyələşdirilmir”.

Matsatso Asatiani hesab edir ki, dövlət 1-ci tip diabeti olan uşaqlar üçün xidmətlərin maliyyələşdirilməsi üçün mərkəzləşdirilmiş sistem yaratmalıdır. Belə olan halda yaşayış yerinə görə diskriminasiya olmaz. Bələdiyyələrdə diabeti olan uşaqlara müxtəlif xidmətlərin göstərilməsi əsasən meriyanın qərarından asılıdır. Matsatso qeyd edir ki, bir dəfə bir ana Msxeta bələdiyyəsinə kurort vauçerini maliyyələşdirmə tələbi ilə müraciət edib və bələdiyyə valideynin tələbini təmin edib. Amma qeyd edir ki, bu, baş vermiş yeganə haldır, başqa bələdiyyələrdə isə belə xidmətlərdən faydalanmaq mümkün deyil.

Bələdiyyə xidmətləri ilə yanaşı regionlarda uşaq endokrinoloqu xidmətindən faydalanmaq demək olar, mümkün deyil. Şəkərli diabeti olan uşaqların sağlamlıq vəziyyətinə məhz endokrinoloqlar nəzarət edirlər, onların sayı isə Gürcüstanda kifayət qədər azdır.


1-ci tip şəkərli diabetin əlamətləri kəskin susuzluq və aclıq halları, tez-tez sidik ifrazı, ümumi zəiflik, çəkinin azalması, görmə zəifliyidir. Marneulidəki “Geo Hospitals” klinikasının Pediatriya Şöbəsinin rəhbərinin sözlərinə görə, valideynlər qeyd olunan əlamətlərə diqqət yetirməli, şübhə olan halda mütləq həkimə müraciət etməlidirlər.

İctimai Səhiyyə və Xəstəliklərə Nəzarət Milli Mərkəzi tərəfindən yayımlanmış məlumata görə, diabetin müalicəsi üçün xəstəyə, eləcə də onun ailə üzvlərinə böyük xərc lazımdır. Çox ölkələrdə insulin iynələrinin xərci və gündəlik monitorinq ailə büdcəsinin demək olar yarısını tələb edir. Diabet və onun ağırlaşmalarına görə əsas dərmanların davamlı istifadəsi çox ailələrə əlçatan deyil.

İndiki mərhələdə Gürcüstan miqyasında neçə nəfərin 1-ci tip şəkərli diabet olması məlum deyil. Eləcə də Marneuli bələdiyyəsində diabet xəstələrinin sayı da məlum deyil. Qeyd olunan statistikanı yerli özünüidarə və yerli İctimai Səhiyyə Mərkəzi müəyyən etmir.

Diabeti olan uşaqların valideynləri hələ də uşaqlarının Tbilisidə doğulmuş və ya sonradan yaşamaq üçün getmiş uşaqların yararlandığı xidmətlərdən yararlanması üçün boşuna çalışırlar. Diabet xəstəsi olan uşaqların inkişafı üçün vacib olan xidmətləri tətbiq etmək bələdiyyənin nə prioritetlər siyahısında, nə də planında yoxdur.

Print Email
FaceBook Twitter Google