Üç nəfər Marneulili xanımın biznes layihəsi maliyyələşdirilmə qazanıb
Üç nəfər Marneulili xanım “Kəndin inkişafı üçün gənc sahibkarlıq” (RDYE) layihəsi çərçivəsində maliyyə qazanıblar.

Gülcahan Acalova, Aişən Qızbəsova və Gülgün Məmmədxanova şəxsi bizneslərinin inkişafı üçün müxtəlif layihələr yazıblar, müsabiqədə iştirak ediblər və maliyyələşdirmə qazanıblar.

Aişən və Gülgünün layihələrin təhsil, Gülcahanın layihəsi isə tikiş atelyesi ilə bağlıdır.

23 may tarixində “Kəndin inkişafı üçün gənc sahibkarlıq” (RDYE) layihəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Mərasimdə hər üç layihə haqqında məlumat verilib.

“Gülcahan Acalova Kvemo Kartlidən, Marneuli şəhərindəndir. Onun həmişə yerli xanımlar üçün rəngarəng geyimlər yaratmaq, qadınlara geyim, aksessuar seçimləri təklif etmək məqsədi var idi. Gülcahan 2021-ci ildə “Julia” tikiş atelyesini təsis edib. 29 yaşlı xanım indi şəxsi biznesini genişləndirmək və gücləndirməklə məşğuldur. Tanınmış geyim brendi yaratmaq istəyir, gələcəkdə ixrac etməyi də düşünür. Bunun üçün layihədən 11 880 lari tələb edib və bununla əlavə tikiş maşınları, material, parçalar alacaq. Layihədə şəxsi qarşılıqlı iştirakı isə 3000 lari təşkil edir. Gülcahana uğurlar”.

“Gülgün Məmmədxanova Marneuli bələdiyyəsinin Təkəli kəndindəndir. Etnik azərbaycanlı gənc sahibkar xanım öz dostu, etnik erməni Maia Misparyanla birlikdə biznes plan hazırlayıb. Biznes plan “Grandala” adlanır və gürcü dilinin onlayn tədris platformasını nəzərdə tutur. Burada etnik azlıq nümayəndəsi olan şagirdlər gürcü dili müəllimləri ilə əlaqə saxlayacaqlar və dili onlayn qaydada öyrənmək imkanları olacaq. Gülgünün məqsədi Gürcüstanda yaşayan etnik azlıqlara dəstək olmaqdır ki, dil baryerini aşsınlar və qalan əhaliyə tam inteqrasiya olsunlar. Layihədən 9600 lari tələb edib, qarşılıqlı iştirakı isə 2400 laridir. Gülgünə uğurlar”.

“Marneuli bələiyyəsinin Algeti kəndində yaşayan Aişən yerli gənclərə tədris kursları təklif etmək istəyir. O, təhsil məkanı yaratmağı planlaşdırır. Aişən 2019-cu ildən sosial layihələr həyata keçirir. O, pedaqoqdur və Algeti İcma Mərkəzinin rəhbəridir. Aişən formal və qeyri-formal təhsil istiqamətində işləyir. Kəndlərdə gənclər sinifdən kənar, əlavə dərslər keçmirlər, ancaq şagirdlər və valideynlər tərəfindən buna böyük hazırlıq, istək var. Aişən 4 kəndin birləşdiyi Algeti icmasında gənclər üçün ixtisaslı müəllimlərdən müxtəlif istiqamətlərdə davamlı təlimlər dinləyəcəkləri məkan yaratmaq istəyir. Layihədən tələb olunan vəsait 19 120 laridir. Aişənə uğurlar”.


Tədbirdə layihə iştirakçısı olan 22 gənc sahibkarın biznes konsepsiyası təqdim olunub. Həmin konsepsiyaların biznes planları ən çox bal toplayıb. Layihə tərəfindən onlardan 16-nın qarşılıqlı maliyyələşdirilməsi (80/20) planlaşdırılıb. Qalan gənclərə isə özəl sektordan qismən və ya tam maliyyə qazanmaq, işgüzar əlaqələr qurmaq və öz təcrübələrini bölüşmək şəraiti yaradılıb.

“Kəndin inkişafı üçün gənc sahibkarlıq” (RDYE) layihəsi Avstriya İnkişafı Əməkdaşlığının (ADC) maliyyə dəstəyi ilə həyata keçirilir.

Print Email
FaceBook Twitter Google