Bu gün, 1 iyun tarixində Xuldərə İcma Mərkəzində Uşaqların
Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.
Gürcü, azərbaycanlı və erməni şagirdlər bir yerə toplaşaraq tədbir
keçiriblər. Tədbiri “Yeni Düşüncə İnstitutu” “Müsbət təcrübə
yaradılması və təşviqat yolu ilə Gürcüstanın təhsil sistemində
qeyri-dominant etnik qruplar qarşısında duran bərabərsizliyin
azaldılması” layihəsi çərçivəsində həyata keçirib. Təşkilatın
təsisçilərindən Ariz Daşdəmirov “Marneuli” radiosu ilə söhbəti
zamanı bugünkü günün əhəmiyyətindən söz açdı.
“Biz bu gün Xuldərə kənd İcma Mərkəzinə Uşaqların
Beynəlxalq Müdafiəsi Gününü qeyd etməyə gəlmişik. “Yeni Düşüncə
İnstitutu” olaraq yanvar ayında Sosial Ədalət Mərkəzi ilə
tərəfdaşlıqla və “Açıq Cəmiyyət” Fondunun maliyyə dəstəyi ilə yeni
layihəyə başladıq. Layihənin məqsədi Kvemo Kartlidə təhsil
sahəsində mövcud olan problemlərin təşviqatıdır. Buna görə də biz
pilot olaraq bir məktəbəqədər təhsil qrupu yaratdıq. Bu qrupa artıq
aylardır, gürcü dili və müxtəlif bacarıqları öyrədirik, mütəxəssis
müəllimimiz var, o, uşaqlarla işləyir. Bu gün biz bu xüsusi günü
qeyd etmək üçün Tbilisi 162 saylı ictimai məktəbin şagirdlərini,
müəllimlərini və rəhbərliyini dəvət etdik. Eləcə də erməni
şagirdlərin təhsil aldığı Güllübağ ictimai məktəbindən şagirdlər,
müəllimlər və rəhbərliyi çağırdıq. Biz bununla göstərmək istəyirdik
ki, erməni, azərbaycanlı və gürcülər birlikdə güclüyük”, -
Yeni Düşüncə İnstitutunun həmtəsisçisi bildirir.
Tədbirdə Marneuli bələdiyyəsinin Xuldərə, Güllübağ və Tbilisi 162
saylı ictimai məktəblərinin şagirdləri iştirak edirdilər. 162 saylı
məktəbin direktoru Sopio Pantsulaia bizimlə söhbəti zamanı bildirdi
ki, Marneulidə qonaq olmaq onlar üçün mühümdür. Şagirdlər bir-biri
ilə öz mədəniyyətlərini bölüşə və inteqrasiyanın əhəmiyyətini daha
yaxşı başa düşə bilirlər.
“Bizim məktəb üçün belə tədbirlərin böyük əhəmiyyəti
var. Uşaqlar daha tolerant, dözümlü olmalıdırlar, etnik azlıq
nümayəndələrini qəbul etməlidirlər. Bu bizim mədəniyyətin bir
parçasıdır, biz çoxmillətli ölkəyik və yaxşı olar ki, onlar da bizə
inteqrasiya olsunlar, öz mədəniyyətlərini bölüşsünlər, bizim
uşaqlar da öz mədəniyyətimizi onlarla bölüşsün, bu halda daha çox
əlaqələri olacaq. Çox sevinirəm ki, gürcü dilini yaxşı bilən,
dövlət və ya özəl xidmətlərdə işləyən nəsil yetişir, fərq etməz,
azərbaycanlı və ya erməni olsun. Əsas dəstək odur ki, gürcü dilini
öyrənsinlər və inteqrasiya olsunlar. Bu onlar üçün də yaxşıdır,
çünki bir-birini yaxşı başa düşürlər və yaxınlaşırlar. Bizim
birliyimiz və bunların hamısı bir dildə danışmağımızdan irəli
gəlir”, – 162 saylı ictimai məktəbin direktoru Sopio
Puntsulaia bildirir.
162 saylı məktəbin şagirdi Nika Kardavanın sözlərinə görə, bugünkü
gün onlar üçün yaddaqalan olub və o, ümid edir ki, gələcəkdə də
belə imkanlar olacaq.
“İlk növbədə hamını Uşaqların Müdafiəsi Günü münasibəti
ilə təbrik edirəm. Bu səfər bizim üçün çox mühümdür. Çünki
bir-birimizi tanıyırıq. Ümid edirəm, bugünkü münasibətimiz uzun
zaman davam edəcək”.
Xuldərə İcma Mərkəzində şagirdlər müxtəlif musiqi nömrələri təqdim
ediblər.