Tamarisidə Svan Muzeyi və parkın tikilməsi üçün üçüncü dəfə tender elan olunub
Marneuli yerli özünüidarəsi Tamarisi kəndində Svan Etnoqrafik Muzeyi və parkın tikinti işləri üçün təkrar tender elan edib.

Meriya 681 697 lari dəyərində olan ilk tenderi 28 aprel tarixində elan etmişdi. Tenderdə yalnız bir şirkət, “Dika 2010” MMC iştirak etmişdi və meriyaya işləri 653 543 lariyə həyata keçirməyi təklif etmişdi. Yerli özünüidarə “Dika 2010” MMC-ni natamam təsdiqlənmiş texniki sənədlərə görə tenderdən uzaqlaşdırmışdı.

Meriya ikinci tenderi 1 iyun tarixində elan etmişdi. İkinci tenderdə iki şirkət, “Dika 2010” MMC və “Hidroqazın Gürcüstan Filialı” iştirak etmişdi. “Dika 2010” MMC meriyaya işləri 674 000 lariyə, “Hidroqazın Gürcüstan Filialı” isə 613 500 lariyə həyata keçirməyi təklif etmişdi. Təkliflərə baxmayaraq ikinci tender də baş tutmamışdı.

Marneuli meriyası Tamarisi kəndində Svan Etnoqrafik Muzeyi və parkın tikinti işləri üçün 28 iyulda üçüncü tenderi elan edib. Parkın tikinti layihəsində qeyd olunub ki, layihə Svan Etnoqrafik Muzeyinin tikintisini də nəzərdə tutur.

“Layihə Tamarisidə Svan Etnoqrafik Muzeyinin konstruktiv hissəsini də nəzərdə tutur. Layihə təqdim edilmiş arxitektura hissəsi və geologiya əsasında baş tutub”,
– izahatnamədə qeyd olunub.

Marneuli meriyası üçüncü tenderi yenidən eyni vəsaitlə – 681 697 lari dəyərində elan edib. Tenderdə iştirak etmək istəyən şirkətlər 5 avqustdan 8 avqusta qədər öz təkliflərini təqdim edə bilərlər.

Print Email
FaceBook Twitter Google