Marneulidə müharibədə həlak olanların abidəsinə əklil qoyublar – (FOTO)
Bu gün, 8 avqust tarixində Marneulidə Gürcüstanın bütövlüyü üçün müharibədə həlak olan qəhrəmanların abidəsinə əklil qoyulub. Yerli özünüidarə nümayəndələri, müharibədə həlak olmuş qəhrəmanların ailə üzvləri, hərbçilər və ruhanilər abidənin yanına toplaşıblar.

Abidəyə əklil qoyulduqdan sonra 2008-ci ilin avqust müharibəsində həlak olmuş qəhrəmanların ruhuna dua oxunub. Sonra isə yerli özünüidarə nümayəndələri mediaya müsahibə veriblər.

“Bugünkü gün həqiqətən də bizim ölkənin yaxın tarixində ən ağır günlərdən biridir. 2008-ci ilin avqust müharibəsi bizə böyük ürək ağrısı qoydu. Biz öz həyatını ölkəmizin ərazi bütövlüyü və azadlığı uğrunda fəda edən qəhrəmanlarımızı itirdik. Hamımız qəhrəmanlarımızın və onların ailələrinin qarşısında baş əyirik. Bir neçə gün əvvəl Şovi ərazisində baş vermiş faciəni də ürək ağrısı ilə qeyd etmək istəyirəm. Təbii fəlakət nəticəsində vətəndaşlarımız dünyasını dəyişdi. Bu bizim ölkə üçün ağır gündür. Onların ailələrinə, yaxınlarına baş sağlığı veririk və mən düşünürəm ki, hamımız bu çətinliyin ətrafına toplaşmalı, onların ailəsinin bu ürək ağrısını yüngülləşdirmək üçün hər şey etməliyik”, – Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze bildirib.

“Gürcüstan üçün canından keçən bütün qəhrəmanların qarşısında baş əyirəm. 8 avqust faciəvi gündür, 8 avqust tarixin ən ağır günlərindən biridir və bizim, bütün Gürcüstan vətəndaşlarının borcudur ki, müstəqilliyimizi, azadlığımızı nəyin bahasına qoruya bildiyimizi unutmayaq”, – Parlamentin deputatı Zaur Darğallı bildirib.

“Rusiya-Gürcüstan müharibəsinən 15 il ötür və bildirmək istəyirəm ki, bugünkü gün Gürcüstan, bizim ölkəmiz üçün yaxın tarixdə ən ağır gündür. Biz buraya qəhrəmanlarımıza hörmət göstərmək üçün toplaşmışıq, qəhrəmanlarımız Gürcüstan tarixində qalacaqlar. 3 avqust tarixində baş vermiş Şovi faciəsində dünyasını dəyişənlərin ailələrinə baş sağlığı vermək istəyirəm”, – Marneuli meri Kənan Ömərov bildirib.

7 avqust tarixində Rusiyanın Gürcüstana hücumundan, 2008-ci ilin avqust mühaibəsinin başlamasından 15 il ötür. Müharibə 5 gün davam etdi, rəsmi məlumata görə, 2008-ci ilin avqust müharibəsində Rusiyanın Gürcüstana hücumu nəticəsində Gürcüstan Müdafiə Nazirliyinin 169 xidmətçisi, Daxili İşlər Nazirliyinin 14 əməkdaşı və 224 vətəndaş dünyasını dəyişib.


 

Print Email
FaceBook Twitter Google