Babakişilər kəndində yol təhlükəsizliyi tələbi ilə aksiya keçirilib - Bolnisi meriyası problemdən xəbərdar olsa da, məktubla müraciət olunmasını gözləyir
İki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsindən sonra Bolnisi rayonunun Babakişilər (Potsxveriani) kəndinin sakinləri aksiya keçiriblər və mərkəzi yollarına tramplin qoyulmasını tələb ediblər. Sakinlərin 24News.ge-yə verdikləri müsahibələri zamanı bildiriblər ki, həmin ərazidə tez-tez qəzalar baş verir.

"Asfalt çəkilən gündən ziyanlıq görürük. Yolu ensiz çəkiblər. Fakt ziyanlıq gördük. İki gözəl, günahsız adam getdi. Nəyə görə? Sürətli sürməyin ucbatından. Tələbimiz odur ki, kəndin girişinə və çıxışına video kameralar qoyulsun. Tramplin qoysunlar. Bir dənə yol işarəsi yoxdur. O dərəyə neçə dənə maşın düşüb. Yolu bilməyənlər dərəyə düşüb. Bir dəfə də iki qadın öldü", – kənd sakinləri bildiriblər.

Sakinlərin şikayətinin nəzərə alınıb-alınmayacağı ilə bağlı icra nümayəndəsi Elmxan Hacıyevlə əlaqə saxladıq. O, "Marneuli" radiosuna bildirdi ki, məsələ ilə bağlı Bolnisi merinin məlumatı var. Sadəcə yerli sakinlər meriyaya ərizə ilə müraciət etməlidirlər.

"Hələ ki ərizə yazılmayıb. Şifahi merin özünə deyilib. Mer yas mərasimində iştirak edirdi. O zaman kənd camaatı tramplinin qoyulması istəklərini merə dedilər. O, da ola bilər – dedi. Kənd camaatı 10 nəfərlə Bolnisi meriyasına gəlsin. Kollektiv şəkildə onların adı ilə merə ərizə yazılsın".

24News.ge-nin yazdığı xəbərə görə, 9 fevral tarixində Babakişilər kəndində yüksək sürətlə hərəkətdə olan "Toyota Prius" markalı avtomobil kənd sakini 65 yaşlı Mətləb Novruzovun idarə etdiyi "Vaz 2107" markalı avtomobilə çırpılıb. Nəticədə "Vaz 2107" markalı avtomobilin sürücüsü Mətləb Novruzov və avtomobildə olan onun həyat yoldaşı Tamilə Novruzova həyatlarını itiriblər.

Bundan sonra əhali yolda tramplinin qoyulmasını tələb ediblər. Əhali qeyd edib ki, Darvaz və bir neçə kəndin avtomobilləri Babakişilərin mərkəzi yolundan istifadə edirlər. Avtomobillər kənd yolundan yüksək sürətlə hərəkət edir. Bu da tez-tez qəzaların baş verməsinə səbəb olur.

Print Email
FaceBook Twitter Google