Tələbələr seçdikləri ixtisasa görə peşmandırlarmı?
Tələbələr Ali Təhsil müəssisələrinə qəbul olduqda ixtisas seçirlər. Bəzi hallarda onlar özlərinə uyğun peşəni seçə bilmədiklərinə görə seçdikləri ixtisası dəyişmək məcburiyyətində qalırlar. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tələbəsi Hüseyn Koxayev “Marneuli” radiosu ilə söhbəti zamanı ilk başda səhv peşə seçimi etdiyini və seçdiyi ixtisası dəyişdiyini bildirdi.

“Hazırlığı bitirəndən sonra İqtisadiyyat və Biznes fakültəsinin iqtisadiyyat bölməsini seçdim. Öz seçimim olmamışdı təbii ki, burada ailəmin də qatqısı olmuşdu. Məni bu sahəyə yönləndirmişdilər. Amma ən başda mənim istəyim dəqiq və təbiət elmləri fakültəsinin kimya bölməsi idi. Uşaqlıqdan onu arzulayırdım. İqtisadiyyat və Biznes fakültəsinə qəbul oldum, bir semestr orada oxudum və adaptasiya ola bilmədiyimi anladım. Ona görə də, fakültəmi dəyişərək dəqiq və təbiət elmləri fakültəsinin kimya bölməsinə keçid etmişəm. Düzdür, iqtisadiyyat sahəsini oxuyub bitirənlər üçün əlverişlidir, yaxşı yerlərdə uğurlu şəkildə işləyirlər, lakin mən o fakültədə davam edə bilməyəcəyimi hiss etdim. İnsanın öz istəyi və arzusu tamamən fərqlidir. Öz istəyimlə fakültəmi dəyişdim”, – Hüseyn Koxayev.

Hüseyn bildirir ki, gənclərin cəmiyyətdə az seçilən peşələri seçmələri onlar üçün daha əlverişli olar.

“Məktəb vaxtlarından kimya elminə marağım böyük idi. Məktəbdə də kimya fənnini daha yaxşı oxuyurdum. Birinci növbədə bu sahəyə istəyimin olması idi, ikinci növbədə isə cəmiyyətdə bu sahəyə daha çox tələbat var. Bu ixtisasa dair aldığım məlumatlara görə, bu sahə üzrə işləyən azdır, demək olar ki, yox dərəcəsindədir. İşləyənlərin də hamısı yaşlı nəsildir. Gələcəkdə, əgər uğurla bitirsəm, işlə təmin olmağım asan olacaq deyə düşünürəm
”.

Koxayev qeyd edir ki, düzgün ixtisas seçimi insan həyatında ən önəmli şeylərdən biridir.

“Mənim fikrimcə, insan özünü uşaq vaxtından hansı sahədə görürsə, onun ardınca getməlidir. Bu istər ixtisas seçimi, istərsə də başqa məsələ ola bilər. Əlavə düzgün peşə seçimi təkcə o peşəni seçən insan üçün deyil, bütün cəmiyyət üçün önəmlidir. Çünki bir insan oxuyub bitirdikdə yalnız özü üçün işləmir həmçinin, dövlətinə də xidmət göstərir. Buna görə də düzgün peşə seçimi çox vacibdir”.

O, bildirir ki, düzgün peşə seçimində gənclərin üzərinə böyük yük düşür. Bundan əlavə, bu işdə məktəbin də səhvləri var.

“Gərək məktəblərimiz 10, 11, 12-ci sinifdə oxuyan şagirdlərə düzgün peşə seçimi, universitetdə mövcud olan fakültələr haqqında məlumat və tövsiyələr versinlər. Gəncləri əvvəlcədən məlumatlandırsınlar ki, gələcəyə addımı düzgün şəkildə atsınlar. Gənclər bu mövzuda məlumatsız qalırlar. Bu problemlə ən çox kənd yerlərində qarşılaşırıq. Düşünürlər ki, tələbələrin hamısı tibbi seçməlidir, qızlar müəllim olmalıdır və s.
Universitetlərin daxilində çoxlu proqramlar mövcuddur onlar istənilən ixtisasa yiyələnə bilərlər. Doğru cəmiyyət, doğru düşüncə və inkişaf üçün gənclərimiz düzgün seçimlər etməlidirlər ki, gələcəyə fayda verə bilsinlər”,
– Hüseyn Koxayev bildirdi.

Universitetə hazırlaşan 12-ci sinif şagirdi Sona Orucova bildirir ki, gürcü abituriyentlərdən fərqli olaraq, etnik azlıqların hazırlıq kursu ərzində əlavə vaxtları olur ki, ixtisas seçə bilsinlər.

“Biz etnik azlıqların gürcü abituriyentlərdən fərqli olaraq, əlavə bir il vaxtımız olur ki, öz ixtisasımızı seçək, ancaq düşünürəm ki, bu müddət ərzində belə bir çoxumuz məlumatsız şəkildə ixtisas seçirik. Bu isə bəzən iş tapa bilməməklə, bəzən həmin işə bir müddət sonra marağın azalması ilə nəticələnir. Mən İlia Dövlət Universitetində Hüquq və Kriminologiya üzrə, əlavə olaraq Gürcüstan İctimai İşlər İnstitutunda (GİPA) sosial elmlər sahəsində təhsil almağı düşünürəm. Kriminologiya və Hüquq mənim uşaqlıq xəyalım, sosial elmlər isə müəllimimdən məlumat aldığım və çox sevdiyim ixtisasdır. Düşünürəm ki, bu sahələrə maraq azdır və iş tapmaq da çox çətin olmayacaq, hər hansı çətinlik çəkəcəyimi düşünmürəm”, – Sona Orucova.

Kaxetinin Laqodexi bələdiyyəsindən olan Səbinə Hüseynova “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, hüquq fakültəsində oxumağın asan tərəfi iş imkanlarının çox olmasıdır.

“İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetində hüquq fakültəsi üzrə birinci kurs tələbəsiyəm. Bu ixtisası seçməyimin səbəblərindən biri tarix müəllimimdir. Həmin müəllim hüquq fakültəsini bitirmişdi, o qədər savadlı idi ki, onun kimi hüquq bitirib, bir çox sahədən məlumatım olmasını istəyirdim. Digər tərəfdən, bu sahəni seçməkdə məqsədim kəndimizdə qadın və uşaq hüquqlarını qorumaqdır", - Səbinə Hüseynova.

Səbinə düzgün peşə seçimi etmədiyini qeyd edir və qabiliyyətinin, bacarıqlarının bu sahəyə uyğun olmadığını düşünür.

“Düzgün peşə seçiminin əhəmiyyətini əslində bir az gec anladım, düşündüm ki, hüquq mənə görə deyil. Hüququ uşaqlıqdan onu arzuladığım üçün seçmişdim ancaq mənim xarakterim, qabiliyyət və bacarıqlarım bir hüquqşünasa uyğun deyil. İnsanlar da peşə seçimi edərkən, mütləq sadəcə öz istəklərini deyil qabiliyyət və bacarıqlarını da nəzərə almalıdırlar. Düzgün ixtisas seçiminin həyatımızda mühüm rolu var. Düzgün ixtisas seçimi etməyənlər öz işlərində xoşbəxt ola və uğur əldə edə bilmirlər və ya ümumiyyətlə, seçdikləri ixtisası davam etdirmirlər. Qərar verdim ki, universitet daxilində ixtisasımı dəyişib Tarix və ya İngilis dili seçim”, – Səbinə Hüseynova dedi.

Gənclərin sözlərinə görə, düzgün ixtisas seçimi insan həyatında çox əhəmiyyətli rol oynayır. Onlar fikirləşirlər ki, əgər insanın həmin ixtisasa qarşı bacarığı və marağı yoxdursa, o, həmin sahədə nə özü inkişaf edə, nə də cəmiyyətə fayda verə bilər.





Print Email
FaceBook Twitter Google