“Gürcü Arzusuna” “Rusiya qanunu” qəbul etməyə imkan verməyəcəyik – müstəqil medianın bəyanatı
Gürcüstanın müstəqil media vasitələri “Gürcü Arzusu” tərəfindən “Rusiya qanununun” təkrar irəli sürülməsini qınayır və ona qarşı çıxırlar. Müstəqil media vasitələri bu gün, 8 aprel tarixində ümumi bəyanat yayıblar.

“Gürcü Arzusu” hakimiyyətinə “Rusiya qanununu” qəbul etməyə imkan verməyəcəyik ki, Gürcüstan və onun həqiqi dostları arasında divarlar hörsünlər”, – bəyanatda deyilir.

Müstəqil media vasitələri qeyd edirlər ki, “Rusiya qanunu” Gürcüstanı sürətli templə qarışıq idarəetmə sistemindən kəskin formalaşmış avtoritarizmə, Rusiya kimi ölkələrin cərgəsinə aparır.

“Rusiya qanunu” “Gürcü Arzusu” hakimiyyətinin vətəndaşların səsini əlindən almaq, müstəqil medianı, vətəndaş cəmiyyətini məhv etmək, ictimaiyyətin ən fəal hissəsini susdurmaq və ictimai proseslərdən təcrid etmək üçün növbəti cəhdidir. “Rusiya qanununun” qaytarılması ilə Gürcüstan hakimiyyəti öz zorakı təbiətini bir daha göstərdi. “Gürcü Arzusunun” müəllimi Rusiya hakimiyyətidir, onlar isə ölkəni tabeçilik, nəzarət, təqib, yalan, demaqoqluq ilə idarə etmək istəyirlər”, – bəyanatda deyilir.

Ümumi bəyanatı Gürcüstanın 20-dən artıq müstəqil media vasitəsi, həmçinin, “Marneuli” radiosu yayımlayıb.

Bəyanatı sizə təqdim edirik:

“Biz, Gürcüstanın müstəqil media vasitələri “Gürcü Arzusu” hakimiyyətinin planını, Parlamentdə “Rusiya qanununun” müzakirəsinin yenilənməsini qınayır və qarşı çıxırıq.

“Rusiya qanunu “Gürcü Arzusu” hakimiyyətinin vətəndaşların səsini əlindən almaq, müstəqil medianı, vətəndaş cəmiyyətini məhv etmək, ictimaiyyətin ən fəal hissəsini susdurmaq və ictimai proseslərdən təcrid etmək üçün növbəti cəhdidir. “Rusiya qanununun” qaytarılması ilə Gürcüstan hakimiyyəti öz zorakı təbiətini bir daha göstərdi. “Gürcü Arzusunun” müəllimi Rusiya hakimiyyətidir, onlar isə ölkəni tabeçilik, nəzarət, təqib, yalan, demaqoqluq ilə idarə etmək istəyirlər.

Bu qanunla biz sürətli templə qarışıq idarəetmə sistemindən kəskin formalaşmış avtoritarizmə, Rusiya kimi ölkələrin cərgəsinə keçid alırıq. Həmin ölkələrdə insan həyatının və şərəfinin heç bir dəyəri yoxdur, rüşvətxorluq, nepotizm, alçaltma, oğurluq hökm sürür. Orada azad media qalmayıb və zorakı dövlət maşınından insanları heç kim qorumur, insanların inkişaf etmək imkanı yoxdur, ən dəyərli xüsusiyyət tabe olmaqdır.

Belə ölkədə yaşamaq istəmirik və düşünmürük!

“Gürcü Arzusu” hakimiyyətinə Gürcüstanın Avropa ailəsinə qayıtmaq üçün real şansını itirmək imkanı verməyəcəyik.

“Gürcü Arzusu” illərdir, əksər hallarda məhz bizim veb-shəifələrimizdən eşidilən fərqli və tənqidi düşüncəyə qarşı mübarizəni dayandırmır. Buna görə müstəqil media vasitələri, vətəndaş cəmiyyəti təşkilatları ilə birlikdə hakimiyyətin ilkin hədəfinə çevrildik.

İllərdir, ən yüksək tribunalardan jurnalistlərə qarşı nifrət dili istifadə olunur. Ən yüksək vəzifəli məmurlar jurnalistləri sui-qəsd nəzəriyyələri, dezinformasiyalar və uydurma hekayələrlə təqib edirlər. Gürcüstan hakimiyyəti jurnalistləri təqib edir, onlara işləməyə imkan vermir, şifahi və fiziki zorakılıq göstərir.

Hər şeyə baxmayaraq, ideallarımız, sevimli peşəmiz, əziz oxucularımız, dinləyicilərimiz və izləyicilərimiz, sevimli və yeganə vətənimiz uğrunda mübarizəmizi dayandırmırıq. Bu mübarizədə hər bir nailiyyətimizə, hər qələbəmizə, irəliyə doğru atdığımız hər addıma bizdən az sevinməyən ölkə dostlarımız, strateji tərəfdaşlarımız var.

Gürcüstanın müstəqil mediası beynəlxalq tərəfdaşların dəstəyini daim hiss edir, onların Gürcüstanda həyata keçirilən bütün mühüm islahatlara töhfələri əvəzsizdir. Gürcüstan müstəqilliyini elan edəndən sonra beynəlxalq tərəfdaşlarımız təhlükəsizliyimizin və müstəqilliyimizin yeganə təminatçısıdır.

Beynəlxalq tərəfdaşlar “Gürcü Arzusu” hakimiyyətinin bu zərərli təşəbbüsü ilə bağlı ikinci dəfə qəti şəkildə mənfi fikirlərini açıq şəkildə ifadə ediblər və Gürcüstan hökumətini geri çəkilməyə çağırıblar.

Biz imkan verməyəcəyik ki, “Gürcü Arzusu” hakimiyyəti Gürcüstanla onun həqiqi dostları arasında divar hörmək üçün “Rusiya qanununu” qəbul etsin.

Etirazımızı gücləndirəcəyik, öz hüquqlarımızı, vətəndaşlarımızın hüquqlarını və ölkəmizin sivilizasiya seçiminə uyğun hərəkət etmək hüququnu müdafiə edəcəyik. Biz beynəlxalq tərəfdaşlarla birlikdə Gürcüstanı əsl Avropa demokratiyasına çevirəcəyik”.


Bəyanata imza atanlar:
  • Gürcüstan Jurnalistlər Etika Xartiyası
  • Monitor Studiyası
  • “Marneuli” radiosu
  • Gürcüstan xəbərləri/ Dağ xəbərləri
  • Kutaisipost
  • Kvemo Kartli mediası – QvemoQartli.ge
  • Publika
  • Araşdırmaçı Jurnalistlər Birliyi “Ai Fakt”
  • Alik Media Gerogia
  • Quria News
  • Netgazeti
  • Batumelebi
  • Rek studiyası
  • ufleba.ge
  • “Cənub qapısı” – sknews.ge
  • On.ge
  • Media April
  • Kaxetinin səsi – knews.ge
  • Psnews.ge
  • Mənim Xaraqaulim
  • Newpress.ge
  • “Atinati” radiosu

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print Email
FaceBook Twitter Google