Marneuli bazarı demək olar ki, təbii fəlakətdən qısa müddət sonra
işləməyə davam edib.
Kiçik biznes sahibkarları öz gücləri ilə piştaxtaları palçıq və
sudan təmizləyirdilər. Onların sözlərinə görə, məhsullar tamamilə
yararsız vəziyyətə düşüb. Satıcılar banklardan götürülmüş
kreditlərə görə narahat olurdular. İlk günlərdə onlardan yerli
hökumət tərəfindən kömək edilib-edilməməsini soruşduqda onların
cavabı “yox” idi. Təbii fəlakətdən iki ay
sonra biz satıcıların
dəymiş ziyanın öhdəsindən necə gəldikləri ilə maraqlandıq. Məcburi
endirimlər mövsümü başlayıb, amma satıcıların dediyi kimi, çoxları
xarab olan malı ucuz da almaq istəmir.
“Hələ evdə nə qədər qab var, paslandılar. 5-6 gün selin
içində qaldıq. Qalan qabların heç birinin qutusu yoxdur. Qutusuz
olanları da alan olmur, 25 lariyə satdığım fincanları indi 10
lariyə verirəm. Ət çəkən maşınları, şişlər var idi, hamısı suda
qalıb paslandı. Hamı istəyir ki, təzəsini alsın. Bir-iki ay, heç
olmasa, yer üçün vergi almasalar, yaxşı olardı. Köməklik olsa, yenə
zərər yoxdur. Yalnız bir dəfə vergiyi 260 deyil, 200 lari aldılar.
Nə kömək edəcəklər? Bazarda o vaxt 8-9 obyekt yandı, nə kömək
etdilər? Qırılan qabların heç sayını bilmirik”, –
adının hallanmasını istəməyən satıcı dedi.
Satıcılar bildirirlər ki, qutusuz satılan əşyaları nə qədər ucuz
qiymətə satmağa çalışsalar da, alıcısı olmur.
“Evdə hələ çoxlu sayda qab var. Gətirə bildiyimizi
gətirdik, amma sata bilmirik. Qablaşdırmaları olmadan almırlar.
Gərək aşağı qiymətə verək ki, alsınlar. Heç köməklik olmadı. Biz
zənn etdik ki, verginin vaxtını uzadarlar, ancaq hamısının pulunu
aldılar. Deyirlər ki, dəyən zərəri qarşılamaq üçün hökumətə pul
köçüb. Amma hələ bizə paylanmayıb”, – Marneuli
bazarında işləyən satıcı qeyd etdi.
Qeyd edək ki, 25 may tarixində, gecə saatlarında güclü yağış
nəticəsində Algeti, Xrami və Debet çayları daşıb. Marneuli
şəhərinin küçələrinin bir qismi su altında qalıb. Həmçinin,
bələdiyyənin bir neçə kəndini də su basıb.
Mayın 25-də sel nəticəsində Marneuli bazarının ərazisinə də zərər
dəyib. Bazar ərazisində saxlanılan əşyalar və mallara ziyan dəyib
və ya xarab olub. Marneuli meriyası itkiləri hesablamaq üçün
komissiya yaradıb, ancaq Marneuli bazarında çalışan kiçik biznes
sahiblərinə dəyən zərəri hesabladıqları və onlara yardım
göstərib-göstərməyəcəkləri bu günə qədər məlum deyil. Marneuli
meriyası hökumətin Marneulidən başqa bütün bələdiyyələrə pul
ayırdığı ictimaiyyətə məlum olduqdan sonra belə bir bəyanatla çıxış
edib. Buna cavab olaraq meriya bəyan edib ki, təbii fəlakət
nəticəsində zərər görən infrastruktur layihələri bərpa
olunacaq.