Bu gün, 6 avqust tarixində “Lelo Gürcüstan naminə” partiyasının
nümayəndələri Marneulidə qadınlarla görüş keçirdilər. Görüşdə
Parlamentin və “Lelo” partiyasının üzvü Ana Natsvlişvili də iştirak
edirdi.
O, qadınlarla qarşıdan gələn seçkilərlə bağlı danışdı.
Natsvlişvilinin bildirdi ki, Parlament seçkilərində qalib
gələrlərsə, Gürcüstan tez bir zamanda Avropa İttifaqının üzvü
olacaq.
Görüşdə iştirak edən qadınlar onları narahat edən problemləri –
yol,
suvarma və içməli suyun olmaması problemlərini dilə
gətirdilər.
“Oğlum və gəlinim məktəbdə işləyir, deyirlər, 41-ə səs
verməsən, maaşını kəsirəm. Necə məsləhətdir, elə edək. Partiyalar
bizə yardım etsinlər, biz də onlara dəstək olaq”, –
iştirakçılardan biri qeyd etdi.
İştirakçılardan olan Rəna Yusifova bildirdi ki, kəndlərdə olan və
insanları narahat edən problemlər danışılmalıdır.
“Biz də su, yol problemlərini deməliyik. Bunların
hamısı problemdir. Bunu biz qeyd edirik ki, biz bunları yaşayırıq.
Hələ ki, dövlətdən heç nə görməmişik. Bundan sonra da baxacağıq ki,
hansı partiya önəmlidir, ona səs verəcəyik. Səsvermədə
sərbəstik”, – görüş iştirakçısı dedi.
“Lelo” partiyasının Kvemo Kartli üzrə nümayəndəsi Aqil Mustafayev
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, birinci dəfə idi
ki, azərbaycanlı qadınlar müxalifət partiyasının nümayəndəsi ilə
görüş keçirdilər.
“Qadınların siyasi partiyalarda özlərini fəal görməsi
çox önəmli məsələdir. Görüşün məqsədi ondan ibarət idi ki, bizim
proqramımızı partiyamızın lideri olan Ana Natsvlişvilinin dilindən
burada yaşayan qadınlar birbaşa eşitsinlər. Onların problemləri ilə
yaxından maraqlandı. Bu kimi görüşlər yaxın gələcəkdə Kvemo
Kartlini əhatə edən bütün rayonlarda yaşayan qadınlar üçün təşkil
olunacaq. Hakimiyyət dəyişdikdən sonra biz verdiyimiz sözə əməl
etməliyik. Biz bir, iki və ya üçillik siyasi prosesə çıxmamışıq ki,
xalqı aldadaq və qaçaq. Bu bizim çıxdığımız uzunmüddətli
yoldur”, – Aqil Mustafayev dedi.
Mustafayev bildirdi ki, insanları aldatmaq, onlara söz verib, əməl
etməmək yalnız bu gün gördüyümüz hakimiyyətə aiddir. Onun dediyinə
görə, “Lelo” partiyası çalışır ki, verdikləri vədləri yerinə
yetirsin.