“Heç kim təkbətək heç kimi döyməyib” – Ceyhun Çovdarov
13:08 / 04.11.2024
Qızılhacılı 74 saylı seçki məntəqəsində baş verən fiziki qarşıdurma
ilə bağlı “Birlik - Milli Hərəkat” partiyasının üzvü, Marneuli
Bələdiyyə Məclisinin deputatı Ramal Əhmədov 1 noyabr tarixində
brifinq keçirmişdi.
“Marneuli” radiosu məsələnin təfərrüatlarını araşdırmaq məqsədilə
Bələdiyyə Məclisinin “Gürcü Arzusu”ndan seçilmiş deputatı Ceyhun
Çovdarovla əlaqə saxladı. O, bizimlə söhbəti zamanı bildirdi ki,
Azad Kərimov öz qrupu ilə 74 saylı seçki məntəqəsinə gəlib və
fiziki qarşıdurma qrup şəklində baş verib.
“Həmişə olduğu kimi, yenə yalan danışırlar. Mən həmin gün özünə
zəng vurdum. Döyüb deyəndə… Əvvəlini danışsalar, orada hər şeyin
necə baş verdiyi aydın olar. Ceyhun Çovdarov yolda getdiyi yerdə
kimi isə gedib döyməyib. Özləri qrup şəklində yığılıb gəliblər
oraya, həmin vəziyyəti yaradıblar və orada (məntəqədə) qarşıdurma
yaranıb. Orada heç kim heç kimi təkbətək döyməyib. Bizim məntəqəyə
gəlib qaz spreyi atıblar. Bəllidir ki, qrup şəklində məntəqəni
dağıtmağa gəliblər. İçəri qaz spreyi atıblar və qarşılıqlı dava
düşüb. Heç kim təkbətək heç kimi döyməyib. Yəni, onlar həmişəki
kimi çıxıb yalan danışır, brifinq keçirirlər. Özlərində idi
problem. Hər bir yerdə müxalifətin özü bu problemi yaradıb. Bu gün
də düşüb ki, bu, belə elədi, o, elə elədi. Gedib kəndində, evində,
məntəqəsində eləməmişəm. Qrup şəklində gəlib kəndimdə dava
salıblar, mən də orada olmuşam. İçərini dağıtmaq üçün qaz spreyi
atıblar. Qarşılıqlı qarşıdurma olub. İndi adını qoyublar kimsə
kimisə döyüb. Niyə?” – Ceyhun Çovdarov dedi.
Ceyhun Çovdarov Birlik – Milli Hərəkat partiyasının nümayəndələri
tərəfindən 74 saylı seçki məntəqəsinə qaz spreyinin atılması faktı
ilə əlaqədar video materialın çəkilib, yayımlandığını bildirdi.
Ancaq biz qeyd olunan video materialı əldə edə bilmədik.
Qeyd edək ki, Azad Kərimova hücumu əks etdirən videoda hücum
edənlər arasında Qızılhacılı sakini, Bələdiyyə Məclisinin “Gürcü
Arzusu”ndan seçilmiş deputatı Ceyhun Çovdarov da görünür.