Seçkilərin saxtalaşdırılmasında ittiham olunan Rövşən və Etibar
İsgəndərovlar hər biri 1 il müddətinə azadlıqdan məhrum edilmə
cəzasına məhkum ediliblər.
Rövşən və Etibar İsgəndərovlar Cinayət Məcəlləsinin 164-cü prima
maddəsi ilə ittiham olunurdular.
İsgəndərovlar seçkilərin saxtalaşdırılması ittihamı ilə 2024-cü il
oktyabrın 31-də saxlanılıblar. Məhkəmənin qərarına əsasən, onların
cəza müddəti saxlanıldıqları gündən hesablanır, bu da o deməkdir
ki, İsgəndərovlar 2025-ci il oktyabrın 31-dək həbsdə
qalacaqlar.
Rövşən İsgəndərov Marneuli Bələdiyyə Məclisinin sədr müavini
vəzifəsində çalışıb. İttiham tərəfinin iddiasına görə, o, Etibar
İsgəndərovun köməkliyi ilə 2024-cü il oktyabrın 26-da Sadaxlıda
yerləşən 69 saylı seçki məntəqəsində seçkiləri saxtalaşdırmağa cəhd
edib.
Oktyabrın 26-da yayılan bir videoda Rövşən İsgəndərovun Etibar
İsgəndərovla birlikdə çox sayda səsvermə bülletenini qutuya atdığı
görüntülənib.
Hər iki şəxs oktyabrın 31-də saxlanılıb və barələrində həbs
qətimkan tədbiri seçilib.
İsgəndərovlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin seçki ilə bağlı
sənədlərin (seçici siyahıları, protokollar, bülletenlər, qeydiyyat
jurnalları və nəzarət vərəqləri) saxtalaşdırılmasını nəzərdə tutan
164-cü maddəsi ilə ittiham irəli sürülüb.