Marneulinin hazırkı meri Kənan Ömərov haradadır? Biz bu
sualı 2021-ci il seçkilərindən bəri barmaqla sayılacaq qədər
müsahibə və/və ya marneulililər üçün vacib məsələlər barədə şərhlər
alan zamandan veririk.
Ömərov hələ də ictimai fiqurdur, amma onun üçün narahatedici
suallar verən jurnalistlərə hələ də qapalı qalmaqdadır. Kənan
Ömərovun fəaliyyəti yalnız meriyanın "Facebook" səhifəsində
görünürdü – işgüzar görüşlər, infrastruktur
layihələrinə baxış,
konsertlərdə əzbərlənmiş eyni tip təbriklər. Bu, son 4 ildə
gördüyümüz idi. Buna görə də Marneulinin merinin əslində necə biri
olduğunu, necə düşündüyünü, danışdığını, həqiqətən qərarları
müstəqil şəkildə verib-vermədiyini və hansı məqsədləri olduğunu
sizə deyə bilmirik. "Facebook" paylaşımları da onun haqqında çox
şey demir.
Bələdiyyə seçkilərinə hazırlıq başlanandan hamını Kənan Ömərovun
bir daha "Gürcü Arzusu"nun merliyə namizədi olacaqmı? sualı
maraqlandırırdı. Biz bu sualın cavabını 23 iyula qədər
bilmirdik.
“Marneuli” radiosu ilə söhbətində yerli siyasətçi Əhməd
İmamquliyev Marneulidə “Gürcü Arzusu”nun merliyə namizədinin kim
olacağına işarə etdi. Bundan sonra Kənan Ömərov da yoxa çıxdı
– sosial mediadan da silindi.
Kənan artıq nə asfaltlanmış yolların önündə çəkilmiş fotolarda, nə
qubernatorun keçirdiyi Qızılhacılıdakı görüşdə, nə “Gürcü
Arzusu”nun Tbilisi meri vəzifəsinə namizədinin təqdimat
mərasimində, nə də “Didqoroba” bayramında görünür.
Seçki yolu ilə təyin olunan və hələ də fəaliyyət göstərən Marneuli
meri haradadır? Bu sualla yenidən Əhməd İmamquliyevə müraciət
etdik.
"Əvvəlcə buradan başlamaq lazımdır ki, bu
məsuliyyətsizlikdir. Mer postu siyasi vəzifədir, istər komanda
tərəfindən seçilmiş olsun, amma hüquqi baxımdan o, bu vəzifəni
seçki yolu ilə tutub, yəni xalq onu seçib. Buna görə bu daxili
münaqişə və uşaq kimi inciməsi onun tərəfindən böyük
məsuliyyətsizlikdir. Kənan Ömərov incidi, çünki biz daha tez bildik
ki, kapitanı mayor təyin edəcəklər (“Gürcü Arzusu”nun merliyə
namizədi olaraq göstərilən Daur İsmayılovu nəzərdə tutur). Aydındır
ki, Kənan da bilirdi ki, artıq onun namizədliyi nəzərdən keçirilmir
və buna incidi. Halbuki onun təkcə istəyi yox idi, ikinci müddətə
getmək üçün mübarizə aparırdı. Amma komanda ona bu şansı
vermədi".
Bəs “Gürcü Arzusu” niyə onun namizədliyini irəli sürmədi?
Mənim fikrimcə, bu daha çox DTX-də gedən kadr
dəyişiklikləri ilə bağlıdır. Çünki hamımız yaxşı bilirik ki, Kənan
Ömərovu Dövlət Təhlükəsizlik Xidməti (DTX) təyin edib. 2021-ci ildə
də o, DTX-nin “əlləri” ilə namizəd göstərilmişdi. DTX-nin rəhbəri
dəyişəndə və orada dəyişikliklər başlayanda, qubernatorluqda da
dəyişikliklər oldu. Hamımız bilirik ki, Sincikaşvilinin gedişindən
sonra quberniya səviyyəsində də vəziyyət dəyişdi. Sincikaşvilinin
komandasına bağlı olan və oradan DTX-yə qədər uzanan şəxsləri
kənara çəkdilər. Bir də var idi ki, tikinti icazələri ilə bağlı çox
böyük korrupsiya mövcud idi. Kənan Ömərovun bununla bağlı məlumatı
var idi və mənim bildiyimə görə, o, həmin korrupsiya sxemində
iştirak edirdi. “Gürcü Arzusu”nun mərkəzində də bununla bağlı
məlumat var idi. Bundan başqa, Kənan Ömərov Amiran Qiorqadze klanı,
Parlament üzvləri Zaur Darğallı və Savalan Mirzoyevlə münaqişədə
idi. Çünki onlar həmin tikinti korrupsiya sxemindən öz paylarını
almaq istəyirdilər. Bu münaqişə hələlik yalnız Kənan Ömərov üçün
baha başa gəldi.
“Gürcü Arzusu”nun korrupsiya ilə mübarizə bəhanəsi ilə öz
komandasının hazırkı və keçmiş üzvlərini həbs etməsi – belə bir
şeyin Marneulidə də olması mümkündürmü?
Mənim fikrimcə, burada, Marneulidə Kənan Ömərovu həbs
etməyəcəklər, amma ondan “xərac” alacaqlar. Əminəm ki, belə olacaq.
Baxmayaraq ki, Kənan Ömərov açıq DTX agenti kimi tanınır. Söhbət
puldan gedir – əgər korrupsiya sxemindən əldə olunan pul Bidzina
İvanişviliyə çatmayıbsa, ondan mütləq bu illər ərzində çatışmayan
bütün pulu “kisəyə” yığmasını tələb edəcəklər.
Seçkiqabağı mühiti necə qiymətləndirirsiniz?
2024-cü il seçkilərində öz istəyilə gedən insanların sayı
mənim hesablamalarıma görə 5%-i keçmirdi. Amma sənədlərdə bizə tam
başqa reallığı göstərdilər. Gördük ki, seçkilər necə
saxtalaşdırıldı. Bu seçkilərdə isə mən düşünürəm ki, maksimum 1%
gedəcək, o da maraqdan və qohumluq əlaqələrinə görə. Bu seçkilər
seçki olmayacaq, bu, DTX tərəfindən həyata keçirilən xüsusi
əməliyyat olacaq. Burada “Gürcü Arzusu” xal qazanacaq. Ola bilər
ki, 2021-ci ildə olduğu kimi, bələdiyyə məclisində müxalifətə 6 yer
verdikləri kimi, “Lelo”ya və Qaxaria partiyasına da versinlər ki,
xalqa saxta demokratiya görüntüsü yaratsınlar.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415