Marneuli bələdiyyəsində 84 kənd var. Onlardan yalnız 13 kənddə tibb
məntəqəsi var. Bütün kəndlərdə, ümumilikdə isə 42 ailə həkimi
xidmət göstərir.
Çox sayda yerli sakinlər üçün ilkin səhiyyənin əlçatanlığı
problemdir. Pandemiya şəraitində vəziyyət daha da ağırlaşıb.
Koronavirusla mübarizədə isə məntəqə həkimlərinin rolu çox
vacibdir.
Opreti Marneulidən 50 kilometr məsafədə yerləşir. Orada yaşayan
60-a yaxın sakin xəstələnməkdən qorxur. Bunun çox səbəbi var.
Yollar o dərəcədə xarabdır ki, təcili yardım çağırdıqda kəndə çox
gec gedib çatır. Əksər hallarda isə getmirlər. Opretinin
ambulatoriyası, ailə həkimi də var. Ancaq əhalinin dediyinə görə,
ambulatoriyada həkimi uzun zamandır heç kim görməyib.
“Həqiqətən də burada sakinlər allahın ümidinə qalıb. Əsasən də
qocalar. Əksəriyyət təqaüdçüdür. Allahın izni olsa, xilas olacağıq
olmasa da, heç nə. Həkimin yanına getmək üçün 50 lari verib maşın
tutmalısan. Dərmanları burada tapa bilməzsən. Bir-birimizə kömək
edirik, təzyiq ölçən aparat veririk”, – Mağvala
Bejanişvili bildirdi.
Opretidə əhalinin əksəriyyəti yaşlıdır və tez-tez xəstələnirlər. 86
yaşlı Lela Qardiani deyir ki, ən çox koronavirus dövründə çətinlik
çəkib. Xəstələnib, ailə həkiminə zəng vurub, lakin yardım ala
bilməyib.
Əhalidən fərqli olaraq kənd həkimi Ayvaz Vəliyev düşünür ki, onun
ambulatoriyada olması vacib deyil. Müvafiq preparatlar və təchizatı
çantasında aparır. Lazım gəldiyi halda isə kənddə evlərə də gedir.
Bizimi zəngimiz həkimi qıcıqlandırdı. O, bildirdi ki, Opreti
sakinlərinin ona qarşı heç bir etirazı ola bilməz.
“Əhali deyir hər gün gəl və ambulatoriyada otur. Hər
gün ambulatoriyada niyə oturmalıyam? Oraya gedirsən, sonra deyirlər
evə gəl. Deyirəm nə olub? Nə bilim, pisəm, hər gün gəl və evdə məni
yoxla. Beş nəfərdir. Mənə Ağkörpü, Çanaxçı və Xoxmeli də aiddir.
Yolları görün, sonra məndən soruşun, həmin yolla hər gün kim gedib
gələr. Həftədə dörd gün Ağkörpüyə gedirəm, oradan zəng vururlar ki,
həkim narahatıq. Həftədə iki dəfə onların evinə gedirəm. Ancaq
mənim öhdəliyimə görə ailə həkimi olaraq iki ayda bir dəfə gedib
müayinə etməliyəm. Ərzaq da alıram və aparıram. Zəng vururlar ərzaq
gətir, həkim, filan dərman yoxdur, onu da al, hər şey
aparıram.”
Opreti kəndində olan problemi kənd müvəkkili Aleko Urumov da təsdiq
edir. O, qeyd olunan məsələ ilə bağlı yerli özünüidarə ilə
danışıqlara başlayıb.
“Əgər zəng vurub çağırmasalar, gəlmirlər. Həkim və tibb
bacısı bir neçə yerdə işləyir. Məni həmin kəndə ötən il təyin
ediblər və bir dəfə gətirdim. Səhərdən axşama kimi orada idilər və
əhalini müayinə etdilər. Bunu tendensiya olaraq tətbiq etmək
istəyirdim, ancaq alınmadı. Çünki gah başqa yerdə olurlar, buraya
gələ bilmirlər. Mən artıq bu məsələni meriyada qaldırmışam ki,
həftədə iki gün ambulatoriyanı açsınlar. Bir daha deyirəm, pis olub
çağırmayana kimi kəndə gəlib ambulatoriyanı açmırlar. Bu
problemimiz var və birtəhər həll etmək istəyirəm. Kənddə 99%
qocalar yaşayır və onlara xidmət göstərməsək, nə mənası
var?” – Aleko Urumov dedi.
Opreti kəndi ambulatoriyanın olmasına baxmayaraq səhiyyənin
əlçatanlığı problemi olan yeganə kənd deyil. Kürtlər kəndində ailə
həkimi dünyasını dəyişib. Fövqəladə Halların İdarəolunması və
Təxirəsalınmaz Yardım Mərkəzinə yeni tibbi heyət seçmək üçün bir
ildən artıq vaxt lazım gəldi. Həkimin olmaması koronavirusun ciddi
dövrünə təsadüf edib və çox problemlər yaranıb. Yerli sakinlər
arayış almaq üçün müxtəlif kənd həkimlərinə müraciət edirdilər.
Planlı peyvəndlər və müayinələr gecikirdi.
“Bizim üçün çox çətin idi. Kimə müraciət edəcəyimizi,
həkimə hansı sənədi aparmalı olduğumuzu bilmirdik. Başqa
həkimlərdən xahiş edəndə deyirdilər bu bizim səlahiyyətimizə aid
deyil. Çıxılmaz vəziyyətdə idik. Kənddə ailə həkiminin olması
vacibdir”, – Xalid Məmmədov bildirdi.
Ailə, yaxud məntəqə həkimləri kəndlərə nə qədər müddətdən bir
getməlidir, hansı təchizatlara malik olmalıdırlar, pandemiya
şəraitində necə yardım göstərməlidirlər, xüsusi hazırlıq keçiblər,
ya yox – bu məsələlərə demək olar bir aydan artıqdır yerli
özünüidarədən və Fövqəladə Halların İdarəolunması Xidmətindən cavab
gözləyirik. Çoxsaylı cəhdlərimizə baxmayaraq, onlarla müsahibə də
yaza bilmədik. Meriyadan verilən məlumata əsasən isə 2019-cu ildə
yerli özünüidarənin maliyyəsi ilə bələdiyyədə beş kəndin
ambulatoriyasında yenidənqurma işləri aparılıb. Bu işə 10 404 674
lari xərclənib.
Lia Zakaidze 30 ildir ki, Tsereteli inzibati vahidliyinin
ambulatoriyasında ailə həkimidir. O, pandemiya şəraitində mövcud
olan problemlərdən danışdı. Həkim deyir ki, koronavirus dövründə
hazırlıq kurslarında iştirak edirlərmiş. Onlara müvafiq geyimlər də
veriblər. Ancaq buna baxmayaraq çox sayda problem qarşısında
qalıblar. Həkim istəyir ki, ambulatoriyada təşkilati məsələlər həll
olunsun, infrastruktur qaydasına salınsın və maaş artırılsın. Bu
onların fəaliyyətinin səmərəliliyini daha da arıtıracaq.
“İlk növbədə, bizim yükümüz yerli kadr olmaqla müəyyənləşir. Mən
yerli kadram və bacardığım qədər hər şeyi yerinə yetirirəm.
Koronavirus zamanı əsasən distant məsləhətlər verirdik. Elə aylar
oldu ki, telefon ünsiyyətlərinə görə işimiz çox olurdu. Gecə gündüz
telefon dayanmırdı. Mobil telefonu əlimdə tuturdum, sanki yenə
qulağıma səs gəlirdi ki, telefonum haradasa zəng çalır. Həmin
aylarda mənim maaşım hamısı telefona xərcləndi. Dəli kimi hər yerə
zəng edirdim. xəstələrin xəstəxnaya yerləşdirilməsi üçün yer yox
idi, Lia ora zəng vur, bura zəng vur. O zaman düşünürdüm ki, kaş
kimsə mənə telefon üçün pul köçürərdi. Bununla yanaşı internet
vasitəsilə müxtəlif mühazirələrdə iştirak edirdim. 112-nin ailə
həkimləri ilə nə dərəcədə maneələr yaranırdı. Bəziləri düşünürdü
ki, mən ailə həkimi olaraq bu prosesə qoşulmalıyam. Sonda onsuz da
qoşulurdum. Mən xəstənin xəstəxanaya yerləşdirilməsində, stasionara
keçirilməsində də iştirak edirdim. Bəziləri zəng vururdu ki, polisə
zəng vur, saat 9-dan sonra xəstəni aparanda cərimələməsinlər. Bir
sözlə həmin dövrdə həqiqətən də nə etdiyimi
bilmirdim.”
CENN qeyri-hökumət təşkilatının məsləhətçisi Simon Qabriçidze
ambulatroiyalarda mövcud olan problemlər və həll yollarından
danışır. O, Kvemo Kartlidə qeyd olunan məsələni özü araşdırırmış.
Qeyd edir ki, ailə həkiminin və ambulatoriyaların olmaması regionda
bəzi kəndlərin problemi deyil. Ekspert bildirir ki,
ambulatoriyaların normal işləməsi üçün tibbi heyətin maaşı
dəyişməlidir, bu həkimin bilik və həyata keçirdiyi işlə əlaqədar
olmalıdır. Bunun qayğısına isə mütləq dövlət qalmalıdır. İlkin
səhiyyə xidmətinin gücləndirilməsi məhz onların marağına daxil
olmalıdır. İndiki mərhələdə buna müvafiq qaydada diqqət
yetirilmir.
"Əlbəttə, ambulatoriya çox olsa, yaxşıdır. Ən az 2000
nəfərə bir həkim olmalıdır. Eləcə də coğrafi əlçatanlıq prinsipi də
nəzərə alınmalıdır. Həkimin motivasiyası olmalıdır ki, kənd
əhalisinə xidmət göstərsin. Təəssüf ki, sistem şəraitində buna
laqeyd yanaşırlar. Əksinə, əgər həkim davamlı şəkildə işləyirsə,
həmin ambulatoriyanın qurulmasının, kommunal ödənişlərin
verilməsinin, istiliyin qayğısına qalırsa, ola bilsin ayın sonunda
həkimə öz gəlirindən heç nə qalmasın. Əlbəttə ilkin tibbi yardımın
öz yerində olduğu normal ölkələrdə yerli bələdiyyənin rolu
böyükdür. Yalnız ambulatoriyalar məsələsində deyil, sistem,
planlaşdırma prosesində çox fəaldır. Bütün icma qərarların qəbul
edilməsinə qoşulur. Səhiyyə sistemi necə olmalıdır, hansı
prioritetlər olmalıdır, ambulatoriya necə düzəldilməlidir. Belə
hallarda hamı prosesə qoşulmalıdır. Belə halda yerli bələdiyyə
aparıcı rol oynamalıdır", – Simon Qabriçidze
dedi.
Simon Qabriçidze hesab edir ki, Marneulinin bu qədər kəndində
yalnız 13 ambulatoriyanın olması mümkün deyil. Problemin həllinə
yerli özünüidarə fəal şəkildə qoşulmalıdır.
Aydın oldu ki, Marneulinin keçmiş meri və indi artıq onuncu çağırış
Parlamentin üzvü Zaur Darğallı problemlə yaxşı tanışdır. Onun
Parlementdə ilk çıxışı məhz ambulatoriyalarda mövcud olan
problemlərlə və ailə həkimlərinin problemləri ilə bağlı idi.
Darğallı qeyd etmişdi ki, pandemiya dövründə, ailə həkimlərinin
üzərinə böyük yük düşdüyü zaman elementar şəraitin və
infrastrukturun yaradılması vacibdir.
"Pandemiya şəraitində kənd və ailə həkimlərinin üzərinə
böyük yük düşür. Onlar üçün elementar şəraitin və infrastrukturun
yaradılması mühümdür. Demək istəyirəm ki, 2019-cu ildə
bələdiyyələrdə ambulatoriyaların bərpasına başlanıldı. Ancaq
2020-ci ildə obyektiv səbəblərə görə dayandırıldı. Mənim ailə
həkimləri ilə görüşüm oldu. Bu layihələrin həyata keçirilməsi çox
vacibdir. Çünki əksər kəndlərdə hələ də şərait yoxdur ki, onlar öz
fəaliyyətinə normal davam etsin", – Zaur Darğallı
Parlamentin iclasında çıxışı zamanı bildirib.
Marneulidə ilkin səhiyyə sisteminin gücləndirilməsi və
ambulatoriyalardakı vəziyyətin yaxşılaşdırılması planlaşdırılır, ya
yox – yerli özünüidarədən və fövqəladə hallar xidmətindən
həftələrdir buna cavab gözləyirik.
Ekspertlərin fikrincə, Marneulidə hər 2000 sakinə bir ambulatoriya
və həkim düşməlidir. Bələdiyyə əhalisinin sayını nəzərə alsaq, belə
çıxır ki, Marneuli miqyasında ən az 52 ambulatoriya və həmin sayda
da həkim olmalıdır. Bu perspektivin nə dərəcədə uzaq olmasını 13
ambulatoriya fonunda təsəvvür edə bilərik. Ancaq faktdır ki, mövcud
ambulatoriyalar da əksər hallarda fəaliyyətsizdir və həkimlər
müxtəlif səbəblərə görə kəndlərə davamlı şəkildə gedə
bilmirlər.