Həkim olmadığına görə qoru ilə yaşayan kənd
Marneuli bələdiyyəsində 84 kənd var. Onlardan yalnız 13 kənddə tibb məntəqəsi var. Bütün kəndlərdə, ümumilikdə isə 42 ailə həkimi xidmət göstərir. Çox sayda yerli sakinlər üçün ilkin səhiyyənin əlçatanlığı problemdir. Pandemiya şəraitində vəziyyət daha da ağırlaşıb. Koronavirusla mübarizədə isə məntəqə həkimlərinin rolu çox vacibdir.

Opreti Marneulidən 50 kilometr məsafədə yerləşir. Orada yaşayan 60-a yaxın sakin xəstələnməkdən qorxur. Bunun çox səbəbi var. Yollar o dərəcədə xarabdır ki, təcili yardım çağırdıqda kəndə çox gec gedib çatır. Əksər hallarda isə getmirlər. Opretinin ambulatoriyası, ailə həkimi də var. Ancaq əhalinin dediyinə görə, ambulatoriyada həkimi uzun zamandır heç kim görməyib.



“Həqiqətən də burada sakinlər allahın ümidinə qalıb. Əsasən də qocalar. Əksəriyyət təqaüdçüdür. Allahın izni olsa, xilas olacağıq olmasa da, heç nə. Həkimin yanına getmək üçün 50 lari verib maşın tutmalısan. Dərmanları burada tapa bilməzsən. Bir-birimizə kömək edirik, təzyiq ölçən aparat veririk”,
– Mağvala Bejanişvili bildirdi.



Opretidə əhalinin əksəriyyəti yaşlıdır və tez-tez xəstələnirlər. 86 yaşlı Lela Qardiani deyir ki, ən çox koronavirus dövründə çətinlik çəkib. Xəstələnib, ailə həkiminə zəng vurub, lakin yardım ala bilməyib.


Əhalidən fərqli olaraq kənd həkimi Ayvaz Vəliyev düşünür ki, onun ambulatoriyada olması vacib deyil. Müvafiq preparatlar və təchizatı çantasında aparır. Lazım gəldiyi halda isə kənddə evlərə də gedir. Bizimi zəngimiz həkimi qıcıqlandırdı. O, bildirdi ki, Opreti sakinlərinin ona qarşı heç bir etirazı ola bilməz.

“Əhali deyir hər gün gəl və ambulatoriyada otur. Hər gün ambulatoriyada niyə oturmalıyam? Oraya gedirsən, sonra deyirlər evə gəl. Deyirəm nə olub? Nə bilim, pisəm, hər gün gəl və evdə məni yoxla. Beş nəfərdir. Mənə Ağkörpü, Çanaxçı və Xoxmeli də aiddir. Yolları görün, sonra məndən soruşun, həmin yolla hər gün kim gedib gələr. Həftədə dörd gün Ağkörpüyə gedirəm, oradan zəng vururlar ki, həkim narahatıq. Həftədə iki dəfə onların evinə gedirəm. Ancaq mənim öhdəliyimə görə ailə həkimi olaraq iki ayda bir dəfə gedib müayinə etməliyəm. Ərzaq da alıram və aparıram. Zəng vururlar ərzaq gətir, həkim, filan dərman yoxdur, onu da al, hər şey aparıram.”

Opreti kəndində olan problemi kənd müvəkkili Aleko Urumov da təsdiq edir. O, qeyd olunan məsələ ilə bağlı yerli özünüidarə ilə danışıqlara başlayıb.

“Əgər zəng vurub çağırmasalar, gəlmirlər. Həkim və tibb bacısı bir neçə yerdə işləyir. Məni həmin kəndə ötən il təyin ediblər və bir dəfə gətirdim. Səhərdən axşama kimi orada idilər və əhalini müayinə etdilər. Bunu tendensiya olaraq tətbiq etmək istəyirdim, ancaq alınmadı. Çünki gah başqa yerdə olurlar, buraya gələ bilmirlər. Mən artıq bu məsələni meriyada qaldırmışam ki, həftədə iki gün ambulatoriyanı açsınlar. Bir daha deyirəm, pis olub çağırmayana kimi kəndə gəlib ambulatoriyanı açmırlar. Bu problemimiz var və birtəhər həll etmək istəyirəm. Kənddə 99% qocalar yaşayır və onlara xidmət göstərməsək, nə mənası var?” – Aleko Urumov dedi. 



Opreti kəndi ambulatoriyanın olmasına baxmayaraq səhiyyənin əlçatanlığı problemi olan yeganə kənd deyil. Kürtlər kəndində ailə həkimi dünyasını dəyişib. Fövqəladə Halların İdarəolunması və Təxirəsalınmaz Yardım Mərkəzinə yeni tibbi heyət seçmək üçün bir ildən artıq vaxt lazım gəldi. Həkimin olmaması koronavirusun ciddi dövrünə təsadüf edib və çox problemlər yaranıb. Yerli sakinlər arayış almaq üçün müxtəlif kənd həkimlərinə müraciət edirdilər. Planlı peyvəndlər və müayinələr gecikirdi.

“Bizim üçün çox çətin idi. Kimə müraciət edəcəyimizi, həkimə hansı sənədi aparmalı olduğumuzu bilmirdik. Başqa həkimlərdən xahiş edəndə deyirdilər bu bizim səlahiyyətimizə aid deyil. Çıxılmaz vəziyyətdə idik. Kənddə ailə həkiminin olması vacibdir”, – Xalid Məmmədov bildirdi.



Ailə, yaxud məntəqə həkimləri kəndlərə nə qədər müddətdən bir getməlidir, hansı təchizatlara malik olmalıdırlar, pandemiya şəraitində necə yardım göstərməlidirlər, xüsusi hazırlıq keçiblər, ya yox – bu məsələlərə demək olar bir aydan artıqdır yerli özünüidarədən və Fövqəladə Halların İdarəolunması Xidmətindən cavab gözləyirik. Çoxsaylı cəhdlərimizə baxmayaraq, onlarla müsahibə də yaza bilmədik. Meriyadan verilən məlumata əsasən isə 2019-cu ildə yerli özünüidarənin maliyyəsi ilə bələdiyyədə beş kəndin ambulatoriyasında yenidənqurma işləri aparılıb. Bu işə 10 404 674 lari xərclənib.

Lia Zakaidze 30 ildir ki, Tsereteli inzibati vahidliyinin ambulatoriyasında ailə həkimidir. O, pandemiya şəraitində mövcud olan problemlərdən danışdı. Həkim deyir ki, koronavirus dövründə hazırlıq kurslarında iştirak edirlərmiş. Onlara müvafiq geyimlər də veriblər. Ancaq buna baxmayaraq çox sayda problem qarşısında qalıblar. Həkim istəyir ki, ambulatoriyada təşkilati məsələlər həll olunsun, infrastruktur qaydasına salınsın və maaş artırılsın. Bu onların fəaliyyətinin səmərəliliyini daha da arıtıracaq.


“İlk növbədə, bizim yükümüz yerli kadr olmaqla müəyyənləşir. Mən yerli kadram və bacardığım qədər hər şeyi yerinə yetirirəm. Koronavirus zamanı əsasən distant məsləhətlər verirdik. Elə aylar oldu ki, telefon ünsiyyətlərinə görə işimiz çox olurdu. Gecə gündüz telefon dayanmırdı. Mobil telefonu əlimdə tuturdum, sanki yenə qulağıma səs gəlirdi ki, telefonum haradasa zəng çalır. Həmin aylarda mənim maaşım hamısı telefona xərcləndi. Dəli kimi hər yerə zəng edirdim. xəstələrin xəstəxnaya yerləşdirilməsi üçün yer yox idi, Lia ora zəng vur, bura zəng vur. O zaman düşünürdüm ki, kaş kimsə mənə telefon üçün pul köçürərdi. Bununla yanaşı internet vasitəsilə müxtəlif mühazirələrdə iştirak edirdim. 112-nin ailə həkimləri ilə nə dərəcədə maneələr yaranırdı. Bəziləri düşünürdü ki, mən ailə həkimi olaraq bu prosesə qoşulmalıyam. Sonda onsuz da qoşulurdum. Mən xəstənin xəstəxanaya yerləşdirilməsində, stasionara keçirilməsində də iştirak edirdim. Bəziləri zəng vururdu ki, polisə zəng vur, saat 9-dan sonra xəstəni aparanda cərimələməsinlər. Bir sözlə həmin dövrdə həqiqətən də nə etdiyimi bilmirdim.”


CENN qeyri-hökumət təşkilatının məsləhətçisi Simon Qabriçidze ambulatroiyalarda mövcud olan problemlər və həll yollarından danışır. O, Kvemo Kartlidə qeyd olunan məsələni özü araşdırırmış. Qeyd edir ki, ailə həkiminin və ambulatoriyaların olmaması regionda bəzi kəndlərin problemi deyil. Ekspert bildirir ki, ambulatoriyaların normal işləməsi üçün tibbi heyətin maaşı dəyişməlidir, bu həkimin bilik və həyata keçirdiyi işlə əlaqədar olmalıdır. Bunun qayğısına isə mütləq dövlət qalmalıdır. İlkin səhiyyə xidmətinin gücləndirilməsi məhz onların marağına daxil olmalıdır. İndiki mərhələdə buna müvafiq qaydada diqqət yetirilmir. 


"Əlbəttə, ambulatoriya çox olsa, yaxşıdır. Ən az 2000 nəfərə bir həkim olmalıdır. Eləcə də coğrafi əlçatanlıq prinsipi də nəzərə alınmalıdır. Həkimin motivasiyası olmalıdır ki, kənd əhalisinə xidmət göstərsin. Təəssüf ki, sistem şəraitində buna laqeyd yanaşırlar. Əksinə, əgər həkim davamlı şəkildə işləyirsə, həmin ambulatoriyanın qurulmasının, kommunal ödənişlərin verilməsinin, istiliyin qayğısına qalırsa, ola bilsin ayın sonunda həkimə öz gəlirindən heç nə qalmasın. Əlbəttə ilkin tibbi yardımın öz yerində olduğu normal ölkələrdə yerli bələdiyyənin rolu böyükdür. Yalnız ambulatoriyalar məsələsində deyil, sistem, planlaşdırma prosesində çox fəaldır. Bütün icma qərarların qəbul edilməsinə qoşulur. Səhiyyə sistemi necə olmalıdır, hansı prioritetlər olmalıdır, ambulatoriya necə düzəldilməlidir. Belə hallarda hamı prosesə qoşulmalıdır. Belə halda yerli bələdiyyə aparıcı rol oynamalıdır", – Simon Qabriçidze dedi.

Simon Qabriçidze hesab edir ki, Marneulinin bu qədər kəndində yalnız 13 ambulatoriyanın olması mümkün deyil. Problemin həllinə yerli özünüidarə fəal şəkildə qoşulmalıdır.

Aydın oldu ki, Marneulinin keçmiş meri və indi artıq onuncu çağırış Parlamentin üzvü Zaur Darğallı problemlə yaxşı tanışdır. Onun Parlementdə ilk çıxışı məhz ambulatoriyalarda mövcud olan problemlərlə və ailə həkimlərinin problemləri ilə bağlı idi. Darğallı qeyd etmişdi ki, pandemiya dövründə, ailə həkimlərinin üzərinə böyük yük düşdüyü zaman elementar şəraitin və infrastrukturun yaradılması vacibdir.


"Pandemiya şəraitində kənd və ailə həkimlərinin üzərinə böyük yük düşür. Onlar üçün elementar şəraitin və infrastrukturun yaradılması mühümdür. Demək istəyirəm ki, 2019-cu ildə bələdiyyələrdə ambulatoriyaların bərpasına başlanıldı. Ancaq 2020-ci ildə obyektiv səbəblərə görə dayandırıldı. Mənim ailə həkimləri ilə görüşüm oldu. Bu layihələrin həyata keçirilməsi çox vacibdir. Çünki əksər kəndlərdə hələ də şərait yoxdur ki, onlar öz fəaliyyətinə normal davam etsin", – Zaur Darğallı Parlamentin iclasında çıxışı zamanı bildirib.

Marneulidə ilkin səhiyyə sisteminin gücləndirilməsi və ambulatoriyalardakı vəziyyətin yaxşılaşdırılması planlaşdırılır, ya yox – yerli özünüidarədən və fövqəladə hallar xidmətindən həftələrdir buna cavab gözləyirik.

Ekspertlərin fikrincə, Marneulidə hər 2000 sakinə bir ambulatoriya və həkim düşməlidir. Bələdiyyə əhalisinin sayını nəzərə alsaq, belə çıxır ki, Marneuli miqyasında ən az 52 ambulatoriya və həmin sayda da həkim olmalıdır. Bu perspektivin nə dərəcədə uzaq olmasını 13 ambulatoriya fonunda təsəvvür edə bilərik. Ancaq faktdır ki, mövcud ambulatoriyalar da əksər hallarda fəaliyyətsizdir və həkimlər müxtəlif səbəblərə görə kəndlərə davamlı şəkildə gedə bilmirlər.

"Marneuli" Radiosu

Print