Nəqliyyat olmadığına görə işləyə bilməyib – Marneulidə ictimai nəqliyyat necə yaxşılaşdırılmalıdır
15:45 / 16.12.2022
Marneuli bələdiyyəsinin Xocerni kəndi bələdiyyə mərkəzindən aralı,
Gürcüstan-Ermənistan sərhədində yerləşir.
Kəndin dağlıq ərazi statusu var və başqa problemlərlə yanaşı əsas
problem ictimai nəqliyyatın olmamasıdır.
Anar Şərifov Xocerni kəndində gürcü dili ikinci dil kimi fənni
müəllimidir. O, bildirir ki, ictimai nəqliyyatın olmaması gənclərə
və eləcə də qocalara problem yaradır.
“Mənim iki qardaşım var. Biri Marneulidə işləyir və
birtəhər evə qayıda bilir. Tez-tez Sadaxlıdan kəndə piyada da
gəlməli olur. İstəyirdim ikinci qardaşım da Marneulidə işləsin. İş
yeri var idi. Adi şəkildə işə düzələ bilərdi, amma nəqliyyat
olmadığına görə işləyə bilmədi. Axşam evə qayıda bilməyəcəkdi.
Gənclər yenə Sadaxlıdan Xocerniyə piyada gələ bilirlər. Amma
qocalar, xüsusilə də tək yaşayan qocalara çox çətindir. Marneuliyə
getməyə taksi lazımdır, ya da şəxsi maşınları olmalıdır və bu isə
böyük xərc deməkdir”.
“Marneuli Avtoparkı”nın rəhbəri Qiqa Calağonia “Marneuli” radiosu
ilə söhbəti zamanı bildirdi ki, merin Xocerni kənd ərazi
vahidliyindəki nümayəndəsi ilə bu mövzuda söhbəti olub və kəndə
ictimai nəqliyyat ilk fürsətdə təyin olunacaq.