Qorxu, şübhə, məlumatsızlıq və ümid – Marneulidə peyvənd vurulması prosesi
22:01 / 07.05.2021
“Peyvənd barədə yalnız onu bilirəm ki, xəstəliyə
qarşıdır və təsir də göstərir. Azərbaycan kanallarından dinləyirəm
ki, hamı könüllü peyvənd vurdurur. Pis olsa,
vurdurmazlar”,
– İmir kəndində yaşayan 72 yaşlı Veysəl Həsənov və faktiki olaraq
Marneulidə yaşayan bütün etnik Azərbaycanlılar üçün Azərbaycan
kanalları yeganə məlumat mənbəyidir. Kəndlərdə koronavirusa qarşı
hansı vaksinlərin olması, vaksinin yan təsirləri və necə peyvənd
vurdurmalı olduqları barədə məlumatları yoxdur.
Veysəl Həsənov üçün koronavirus pandemiyası iqtisadi və mənəvi
baxımdan ən ağır dövr olub. Əksər Marneuli sakinləri kimi o, da öz
əkib becərdiyi məhsulu sata bilməyib və ailəsi gəlirsiz qalıb.
Ailəsinin vəziyyətinin düzəlməsi üçün yeganə çıxış yolunun
koronavirusun bitməsi olduğunu düşünür. İndi çıxış yolunu yalnız
peyvənddə görür. Ancaq Gürcüstana gətirilmiş peyvəndlər və onun
təsirləri barədə heç nə bilmir. Heç peyvəndin vurulmasının 15 mart
tarixindən başladığı barədə də məlumatı yoxdur.
“Hansı peyvəndlər gətirilib, bilmirəm. Məlumatım
yoxdur. Çünki bizdə hələ heç nə etmirlər. Peyvəndə başlasalar, ilk
yəqin mən vurduraram. Çünki 72 yaşım var. Bəzisi deyir ziyandır,
bəzisi deyir əhalinin sayını azaltmaq istəyirlər. Peyvəndi haradan
gətirdiklərini bizə heç demirlər də. Azərbaycan, Türkiyə
kanallarına baxırıq. Gənc nəsil gürcü dilini bilir və baxırlar. Biz
dil bilmirik, məktəbdə gürcü dili müəllimimiz yox
idi.”
İmir əhalinin informasiya vakuumunda olduğu yeganə kənd deyil.
Marneuli bələdiyyəsinin 10-a yaxın kəndinin “birjasında” bəziləri
şəxsi söhbət zamanı, bəziləri isə açıq şəkildə qeyd etdi ki,
peyvənd vurdurmağa hazırdırlar, ancaq yan təsirləri barədə
məlumatları yoxdur. Sabirkənd sakini Turay Əliyev 55 yaşdan yuxarı
vətəndaşlar üçün 30 mart tarixindən peyvəndə başlanılmasından
xəbərsizdir. 4 may tarixində isə bütün yetkinlik yaşına çatmış
şəxslər üçün Çin istehsalı olan “Sinofarm”-ın vurulmasına
başlanıldı.
“Ətraflı məlumatım yoxdur. İnternetdə qulaq asıram,
deyirlər peyvənd gətirilib. Bildiyimə görə, 60 yaşdan yuxarı
olanlara peyvənd vurulur. Çindən gətirilib deyirlər. Mən
vurduraram. Onsuz da gələcəkdə peyvənd də pasport kimi olacaq.
Xaricə getsən, yəqin lazım olacaq. Əsasən Azərbaycan kanallarına
baxıram. Bəzən İmedi kanalına da baxıram, ancaq gürcü dilini yaxşı
bilmirəm”, – Turay Əliyev bildirdi.
Problem yalnız dövlət dilini bilməmək deyil. Saimerlo kənd sakini
45 yaşlı qadının da peyvənd barədə məlumatı yoxdur. O, kimliyini
açıqlamamızı istəmədi. Məlumatı yalnız gürcü dilində, əsasən
“Facebook” sosial şəbəkəsindən alır. Ancaq deyir ki, bu kifayət
etmir və gürcü dilində də məlumat azdır. Peyvəndi yalnız onun
təhlükəsizliyinə əmin olduğu halda vurduracaq.
“Mən heç cür peyvənd vurdura bilmərəm, qorxuram. Gənc
qız dünyasını dəyişəndən sonra risk edə bilmərəm. Peyvənd barədə
məlumat da çox deyil. Mən “Facebook”-da baxıram. Gürcü dilində
oxuyuram başqa dildə bilmirəm. Başqası vurdurarsa və əmin olsam ki,
yaxşıdır, mən də vurduraram. Əsas odur ki, təhlükəsiz olduğunu
dəqiqləşdirsinlər”, – Saimerlo kənd sakini
bildirdi.
Bu vəziyətdə Marneulinin ən mühüm qurumlarından biri – Xəstəliklərə
Nəzarət və İctimai Səhiyyə Mərkəzinin rəhbəri Eter Laperadze hesab
edir ki, bələdiyyədə “hər şey yaxşıdır”. Laperadze mərkəzin əhalini
hansı formada məlumatlandırması ilə bağlı suala cavab verməkdən
qaçır və həmişəki kimi bizi meriyaya yönləndirir.
“Hər şey yaxşı yerinə yetirilib, hamı məlumatlıdır və
qalan məsələlərlə bağlı meriyanın mətbuat xidmətinə müraciət
edin.”
Marneuli yerli özünüidarəsinin rəsmi səhifəsinə əsasən deyə bilərik
ki, bələdiyyədə peyvəndlə bağlı məlumatlandırma baxımından demək
olar heç nə edilmir. Veb-səhifədə 55 yaşdan yuxarı olan
vətəndaşlar, may ayından isə 18 yaşdan yuxarı olan şəxslərə peyvənd
vurulması barədə heç nə yazılmayıb.
Özünüidarədən bildirirlər ki, əhalinin məlumatlandırılması üçün çox
dillərdə baner hazırlanıb. İki etnik azlıq nümayəndələrinin
yaşadığı Marneuli bələdiyyəsində tezliklə “peyvənd bizi qoruyur”
şüarı ilə gürcü və Azərbaycan dilində lövhə vurdular. Hakimiyyət
erməni dilli icmanı yaddan çıxarıb. Sosial reklamda qaynar xəttin
nömrəsi əvəzinə isə “Tbilqaz”-ın telefon nömrəsi qeyd olunub.
Dövlət və yerli qurumların məlumatın yayımlanmasının qeydinə
qalmasını “Kaktus-media”-nın təsisçisi Tsira Qvasalia da təsdiq
edir. Jurnalist hesab edir ki, vətəndaşların koronavirusa qarşı
peyvəndin müsbət tərəfləri və yan təsirləri barədə
məlumatlandırılması dövlətin borcudur. Məsuliyyətli şəxslər əhaliyə
peyvəndin bugünkü bəşəriyyəti çox xəstəliklərdən xilas etməsi ilə
bağlı məlumatlar verməlidirlər. Amerikanın Xəstəliklərə Nəzarət
Mərkəzi tam bitməmiş 14 xəstəlik qeyd edib. Ancaq həmin xəstəliklər
faktiki olaraq yoxdur, yalnız tək-tək hallar qeydə alınır.
“İlk prioritet hamıya peyvənd barədə qərəzsiz məlumat
çatdırılmasıdır. Gürcüstanda peyvəndin tətbiq edilməsi üçün milli
plan mövcuddur. Gürcüstan hökuməti milli planı 2021-ci ildə təsdiq
edib. Bunun üçün büdcədən 1 662 800 lari ayrılıb. Həmin pul bir
qayda olaraq peyvəndlə bağlı kommunikasiya üçün ayrılmalı idi. Mən
bununla bağlı ictimai məlumat tələb etdim və kommunikasiyanın
harada, hansı formada aparıldığı barədə soruşanda dedilər ki,
büdcənin qəbul edilməsinə başlanılıb. Bunu Xəstəliklərə Nəzarət
səhifəsi öz “Facebook” səhifəsində həyata keçirir. Ona görə
“Facebook”-da həyata keçirir ki, veb-səhifə məlumat axtarmaq
istəməyəcəyiniz dərəcədə pis görünür. Bu həqiqətən kifayət deyil.
Hesabladım və onların paylaşımında təxminən 30 bəyənmə və onlarla
paylaşım belə yoxdur. Bununla bütün Gürcüstanı necə əhatə edə
bilərlər? Əhaliyə başa düşdüyü hər hansı dildə məlumat çatdırmaq
çox mühümdür.”
Gürcüstan hökuməti Covid-19 peyvəndinin tətbiq edilməsi planını
2021-ci ilin 14 yanvar tarixində təsdiq edib. Sənədə görə, ilin
sonuna qədər ölkənin yetkinlik yaşına çatmış əhalisinin 60% peyvənd
olunmalıdır. “Beynəlxalq Şəffaflıq – Gürcüstan” planı araşdırıb və
aydın olub ki, sənəddə rüşvət riskləri dəyərləndirilməyib və
vicdansız hərəkətlərə qarşı tədbirlər nəzərdə tutulmayıb.
Təşkilatın qiymətləndirməsinə əsasən rüşvət risklərinin əvvəldən
nəzərə alınmaması peyvəndin vurulması prosesində problemlər yarada
bilər.
Marneulidə peyvəndə mane olan mühüm faktorlardan biri isə məlumat
çatışmazlığı və yayılmış dezinformasiyadır. Bizim sorğu apardığımız
sakinlər arasında əksəriyyəti qeyd etdi ki, peyvəndlə əhalinin
sayını azaltmaq istəyirlər. Bu pandemiya dövründə “mif
detektorunun” mübarizə aparmalı olduğu yeganə səhv məlumat deyil.
Veb-səhifənin redaktor müavini Keti Xutsişvili hesab edir ki,
əhaliyə dövlət tərəfindən dəqiq və düzgün məlumat verilmədikdə
miflərin yayılmasına əsas yaranır. Dövlətin fəaliyyətsizliyi
dezinformasiyanın yayılmasına şərait yaradır.
“Ona görə həmişə yeni məlumat yayılanda bu məlumatdan
yanlış mənbələr özləri istədiyi kimi istifadə edənə qədər Səhiyyə
Nazirliyi, eləcə də NCDC (Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə
Milli Mərkəzi) əhaliyə düzgün məlumat çatdırmalıdırlar. Bunun nə
demək olduğunu izah etsinlər ki, peyvəndə qarşı qorxu yaranmasın.
Əhalini peyvəndin müsbət tərəflərinə və təsirinə inandırmalıdırlar.
Bizim dövlət strukturları ilə təmaslarımız var və bilirik ki,onlar
hazırda təsirli reaksiya mexanizmləri üzərində işləyirlər. Ancaq
hesab edirəm ki, bu çox əvvəl, peyvəndin vurulması prosesinə
başlamazdan əvvəl baş verməli idi. O zaman indiki məlumat hücumu
üçün daha hazırlıqlı ola bilərdik. Daha fəal kampaniya
aparılmalıdır. Miflər yayılana qədər əhaliyə başa düşdüyü dildə,
daha konkret məlumat verilməlidir. Yalnız cənab Amiranın brifinq
zamanı danışdıqları kifayət deyil. Ola bilsin, onun çox vaxtı da
yoxdur. Vaksinin təsirləri barədə əhaliyə məlumat verilməlidir. Bu
yalnız gürcü dilində olmamalıdır. Azərbaycan dilində də fəal
şəkildə məlumat verilməlidir.”
Marneuli bələdiyyəsində 104 300 nəfər yaşayır. Əhalinin 85% etnik
Azərbaycanlılardır. Regionda eləcə də etnik erməni icması da
yaşamaqdadır. Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli
Mərkəzinin İmmunizasiya İdarəsinin rəhbəri Lia Cabidze qeyd edir
ki, fəal şəkildə məlumat yayırlar. Buna sübut olaraq təşkilatın
“Facebook” və rəsmi veb-səhifəsində yerləşdirilmiş məlumatı qeyd
edir. Deyir ki, Gürcüstanda yaşayan etnik azlıqların maraqlarını
nəzərə almağı düşünürlər və onların başa düşdüyü dildə məlumat
verməyə peyvənd prosesi geniş miqyasa keçdikdən sonra başlyacaqlar.
Azərbaycan dilində də məlumat vərəqləri və müxtəlif video çarxların
hazırlanması planlaşdırılır. Bunların hamısı peyvənd prosesindən
iki ay keçməsinə baxmayaraq, yenə də görsənmir. NCDC-yə nəzər
yetirsək, görərik ki, indiyə qədər etnik azlıqların dilində yalnız
onlayn icazə barədə səsləndirimiş bələdçi əlçatandır.
“Mən əhalinin dərdini başa düşürəm. Ancaq bizim mərkəz
və eləcə də Səhiyyə Nazirliyi tərəfindən vaksinlər barədə bütün
məlumatlar yerləşdirilib. Bizim mərkəzin “Facebook” səhifəsi də
fəal işləyir. Orada davamlı şəkildə çağırışlar səsələndirilir. Ola
bilsin, əhalinin dil baryeri var və buna görə biz çalışırıq ki,
peyvənd prosesi geniş qruplara keçəndə onların başa düşdüyü dildə
məlumat hazırlansın. Hər şəkildə çalışacağıq və qərar da verilib
ki, etnik azlıqların dilində məlumat olsun. Yerli özünüidarənin,
eləcə də yerli tibbi heyətin bu baxımdan yardımı olduqca mühümdür.
Bu peyvənd barədə əhaliyə məlumat verməkdə vacib
məsələdir.”
Dövlət peyvəndlə bağlı geniş miqyaslı kampaniyaya nə zaman
başlayacaq – bu məlum deyil. Marneulidə koronavirusa qarşı peyvənd
vurulmasına başlandıqdan və bələdiyyəyə 13 mart tarixində
gətirilmiş 1000 doza Astrazeneka vaksini verilsə də, bu vaxta qədər
yalnız 100-ə yaxın vaksin istifadə olunub. Xəstəliklərə Nəzarət
Milli Mərkəzinin Yoluxucu Xəstəliklər Departamentinin rəhbəri
Xatuna Zaxaşvilinin sözlərinə görə, 13 mart tarixində Gürcüstana
gətirilmiş “Astrazeneka” peyvəndinin yararlılıq müddəti 3 maya
qədərdir.
27 aprel tarixindən Gürcüstanda Çin şirkəti “Sinofarm”ın istehsalı
olan peyvəndin vurulması üçün qeydiyyatlar başladı və yetkinlik
yaşına çatmış vətəndaşlar 5 may tarixindən peyvənd vurdura
bilərlər. Marneulidə bütün yerlər dolub, ancaq neçə nəfərin yerli
sakin olduğunu müəyyən etmək mümkün deyil. “Sinofarm”-a yüksək
tələb olduğu üçün paytaxta yerlər tezliklə doldu və vətəndaşlar
peyvənd üçün yaxınlıqda yerləşən şəhərlərdə qeydiyyatdan keçiblər.
5 may tarixində Marneulidə bir neçə saat ərzində peyvəndin
vurulması prosesini müşahidə etdik. Peyvənd olunmağa gəlmiş onlarla
vətəndaşdan heç biri yerli sakin deyildi.
7 may tarixində olan məlumata görə, Gürcüstanda ümumulikdə 54 687
nəfər peyvənd vurdurub. Ölkənin adi həyat rejiminə qayıtması üçün
əhalinin 60% peyvənd vurdurmalıdır.
Son 24 saat ərzində Gürcüstanda koronavirusa 547 yoluxma qeydə
alınıb. 18 nəfər dünyasını dəyişib. Mütəxəssislər üçüncü dalğanın
pik nöqtəsini may ayının orta tarixlərində gözləyirlər. Bu fonda
isə Marneuli əhalisinə dünyada pandemiyaya qalib gəlmək üçün hansı
vasitənin tapıldığını başa düşəcəkləri dildə izah edən yoxdur.