"Ədəbiyyat və İnterpretasiya"ədəbiyyatşünas Oqtay Kazımovun müəllif verlişi - Homerin İliada
Ədəbiyyat və İnterpretasiya verilişinin 4-cü buraxılışı bilavasitə Homerin İliada əsərinə həsr olunur. Poema Axillesin qəzəbiylə başlayıb onun hirslənməsi ilə də bitir .

Poema bu sözlərlə başlayır:
“Söylə, söylə, ey ilahə Peley oğlu Axillesin
Axeyləri min bəlaya düçar edən qəzəbindən, -
Çox igidin mərd ruhunu atdı Aid aləminə,
Bədənini yem elədi qurda-quşa həmin qəzəb.
O gündən ki, Axilleslə hökmürəvan Atreyoğlu
Bəhsə girib, ayrıldılar, düşman olub bir-birinə,
Ulu Zevsin qəzəbi də qənim oldu Fanilərə”. (Tərc. Mikayıl Rzaquluzadə)

Bu verilişdə yunanlar və troyanlar arasında dəhşətli qırğından yaxından tanış oluruq. Bunun üçün savaşlar parça və hissə şəklində birbaşa poemadan oxunur.



Bu savaşda Allahlar da iki düşərgəyə bölünüb və hər bir düşərgə insanlar arasında özünün seçdiyi igidlərə yardım edir.

Axilleslə Aqamemnonun bəhsinin səbəbi Aqamemnonun Apollonun kahini olan Xrisin qızı Xriseidanın atasına geri qaytarmamasıdır. Buna görə kahin Xris Apollona yalvararaq onu intiqama çağırır. Apollon göydən enir yunan qoşunu arasında ox ataraq onları yoluxucu vəba xəstəliyinə düçar edir.

Aqamemnonu buna görə çox tənqid edirlər və onu ən çox məhz Axilles təhqir edir. Aqamemnon Axillesin qəlbinə toxunmaq üçün Xriseidanın əvəzinə Axillesin Briseida adlı qadınını əlindən alır. Bu Axillesi incidir və o savaşdan çəkilərək anası - Gümüşayaq Fetidadan xahiş edir ki, Zevs bir müddət qələbəni troyalılara verməklə yunanlıları ona yalvarmağa vadar etsin. Həqiqətən də troyalılar Hektorun sərkərdəliyi ilə yunanları çox sıxışdırırlar. Bu savaşda Hektorla birlikdə onun müttəfiqi olan Anxiz oğlu Eney də fərqlənməkdədir.

Eney məhəbbət ilahəsi Afroditanın oğlu və yarımallahdır. Verilişdə daha çox Eneyə diqqət vermək tərəfimizdən heç də təsadüfi deyildir, çünki artıq Roma dövründə ona və onun Troya savaşlarından sonrakı igidlikləri barədə latınca ayrıca poema yazılmışdır.

Yunanlar ağır tələfat verərək gəmilərinə doğru geri çəkiləsi olurlar. Hətta troyalılar gəmilərə belə od vuramağa nail olurlar. Bu Allahlar üçün artıq bir əlamətdir, zira gəmilərə od vurduqdan sonra Axilles savaş meydanına təkrar qayıtmalıdır.

Ancaq troyalıları gəmilətdən dəf etmək üçün Axilles yaxın dostu və silahdaşı Patroklu göndərərək troyalıları yalnız gəmilərdən uzaqlaşdırmağı və Hektorla əsla açıq meydanda döyüşməməyi bərk-bərk tapşırır. Lakin savaşa susamış Patrokl bu məsləhəti unudur və nəticədə Hektor tərəfindən öldürülür.
Bundan sonra baş verəcək hadisələri isə gələcək verilişimizdə öyrənə bilərsiniz.
Print Email
FaceBook Twitter Google