Marneulidə “BEEZ” Uşaq Teatrının hazırladığı “Meşə Komediyası” tamaşası səhnələşdirildi (VİDEO)
Marneulidə “BEEZ” Uşaq Teatrının hazırladığı “Meşə Komediyası” tamaşası səhnələşdirildi. Tamaşa 22 noyabr tarixində saat 16:00-da Marneuli Mədəniyyət Evində baş tutdu.

Tamaşada uşaqlar və onların valideynləri iştirak edirdilər. Hazırlanmış tamaşa iştirakçılar tərəfindən maraqla qarşılandı.

Qardabanidə fəaliyyət göstərən “BEEZ” Uşaq Teatrının hazırladığı tamaşa tanınmış gürcü klassiki Vaja Pşavelanın uşaqlar üçün yazdığı “Meşə komediyası” pyesi əsasında hazırlanıb.

Rollarda teatrın balaca aktyorları – Zəhra Akif, Nuray Əhmədova, Seymur Muradov, Amil Həsənov, Rabia Əhmədova, Nuri Qurbanov, Əzəm Əfəndiyeva, İslam Akif, Necati Əliyev, Milana Əliyeva, Onur Muradov, Samir Əzizov, Məryəm Əliyeva oynadılar.

Tamaşanın rejissoru “BEEZ” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, rəssamı AzMus, geyim üzrə rəssamı isə Mahnur Ənvərdir.


Qeyd edək ki, tamaşa Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyinin dəstəyi ilə hazırlanıb.

“BEEZ” Uşaq Teatrı Gürcüstanda azərbaycandilli ilk müstəqil uşaq teatrıdır. Qardabanidə fəaliyyət göstərən teatrın məqsədi uşaq və yeniyetmələrdə teatra, musiqiyə, rəssamlığa və incəsənətin digər növlərinə maraq oyatmaq, kadr yetişdirmək, Gürcü və Azərbaycan mədəniyyətlərini populyarlaşdırmaq və mədəni inteqrasiyaya dəstək göstərməkdir.

Xatırladaq ki, “BEEZ” Uşaq Teatrının hazırladığı “Meşə Komediyası” tamaşası artıq Qardabani və Rustavi şəhərlərində təqdim olunub.


"Marneuli" Radiosu
Print