Day dilin də başı bu qədər bəlalı olarmı!? - Ariz Daşdəmirlinin səsli fikri
Qardaş, görmüşük adamın dili başına bəla olar.
Day dilin də başı bu qədər bəlalı olarmı!?

Yeniyetməlik illərimdən bəri məni narahat edən məsələlərdən biri də “qondarma türkcənin” dilimizi işğal edib mundarlaması olmuşdur.

Sovetlərin dağılmasından sonra türk peyklərinin həyatımıza girməsi ilə Türkiyə telekanallarına baxan azərbaycanlılar pafoslu görünmək üçün nitqlərində önəm, durum, özəl, yaşam kimi 30-cu
illərdə tələm-tələsik, elmi əsası olmadan, dil qaydalarına tabe olmayan, köksüz-köməcsiz uydurulan “türkcə” sözlər işlətməyə başladılar.

Başlarda bu məsələnin dilimiz üçün böyük təhlükə olacağına heç kimi inandıra bilmirdim. Hətta bu qondarma sözlərin əsl türk kəlmələri olduğunu zənn edən cahil milliyyətçilər də mənə qarşı çıxırdılar. İnternetin, sosial platformaların həyatımıza daxil olması ilə bu təhlükə daha da böyüməyə başladı. Televiziya ilə gələn axın sosial şəbəkələr sayəsində selə çevrildi və bir nəsilin dilini dəyişdirməyə başladı.

Bir zamanlar rus sözlərindən gözlənən təhlükə bu dəfə də yaxın qardaş ölkədən gəlməyə başladı. Aşağılıq kompleksi yenə də dilimizin başına bəlalar açmağa başladı.

Müəllimlik fəaliyyətimə başladığım gündən bu işğalla mübarizə edirəm. Həmişə şagirdlərimə Azərbaycan dilində kitab oxumağı, mətbuatı izləməyi, səviyyəsiz verilişləri olsa da ən azından xəbərlərə Azərbaycan telekanallarından baxmağı tövsiyə edirdim. Lakin bu “qondarma sözlər” artıq Azərbaycan mətbuatını da çirkləndirib.

Bu işğala müqavimət göstərən sonuncu ümid qalası Azərbaycan dili dərslikləri idi, ancaq artıq onun da tədricən təslim olduğu aşikardır. Çox təəssüf ki, bugün azərbaycandilli məktəblərdə tədris olunan Azərbaycan dili dərslikləri sürətlə yayılan bu yoluxucu xəstəliyin daşıyıcısına çevrilmişdir.

Keçdiyimiz günlərdə Azərbaycan dili dərsliyində “Fərd və Toplum” adlı fəsilə rast gələndə artıq dərs vəsaitlərindən də ümidimi kəsməyə başladım.
İndi bir-iki biləndər çıxıb deyəcək ki, “Bunun nəyi pisdir? Toplum türk mənşəli sözdür, bunun nəyi ziyandır?”

İlk baxışda bu söz bizə toplamaq feilindən törədilmiş kimi görünə bilər. Ancaq bilməliyik ki, bu söz feildən isim düzəltmə qaydasını tapdalayır.
Doğrudur, feildən isim düzəldən şəkilçilər arasında -um hissəciyi var. Lakin bu, birbaşa feil kökünə birləşir. Məsələn: doğ-um, ol-um. Amma toplum sözündə vəziyyət bu cür deyil. Toplamaq feilinin özü top isminə -la şəkilçisi artırmaqla düzəlib və bu qəbildən olan feillərdən isim düzəldən şəkilçilər arasında -ım4 yoxdur.
Necə ki, baş-la(maq), yağ-la(maq) kimi düzəltmə feillərdən -ım şəkilçisi ilə isim yaratmaq mümkünsüzdür, top-la(maq) feili də bu qaydaya tabedir. Xülasə, top-la-um hissələrini kəsib-biçib “toplum” sözü uydurmaq ancaq şüursuzluq əlaməti ola bilər.

Bu qaydaları ayaqlayıb söz yaratmaq ixtiyarımız olsa idi, sabahdan oturub minlərlə söz uydurardıq. Məsələn, köklüm deyə bir söz uydurub etimologiya termininə qarşılıq kimi təklif edərdik. Yaxud da gigiyena sözünə qarşılıq kimi “təmizlim” sözünü uydurardıq.

Məsələ bununla da bitmir.


Deyək ki, toplum sözü artıq hər kəs tərəfindən qəbul edilib və ümumiləşib. Bəs bu gün bir azərbaycanlı şagird əsrlərin sınağından çıxmış və milliləşmiş “cəmiyyət” sözünü 30–40-cı illərdə uydurulan “toplum” kimi öyrənirsə, sabah nəinki klassik ədəbiyyatımızı, 20-ci əsr kitablarını anlaya biləcəkmi!?
Necə ki, bu gün türkiyəli uşaqlar, gənclər nəinki divan ədəbiyyatını, hətta Rəşad Nuri Güntəkinin, Halid Ziya Uşaqlıgilin yazdıqlarını, Atatürkün Nitqini orijinaldan oxuya bilmir. Çünki onlar milli yaddaşlarını itiriblər, keçmişlə olan əlaqəni kəsib atıblar.
Elə türk yazıçı Bəşir Ayvazoğlu bir müsahibəsində deyirdi ki, “Kəlmələr mədəniyyət daşıyıcısıdır.”

Bax indi biz həmin kəlmələri qondarma sözlərin ayağına verməklə öz mədəniyyətimizin üstündən xətt çəkirik. Bəxtiyar Vahabzadənin təbirincə desək, "bizi həm keçmişimizlə, həm də gələcəyimizlə əlaqələndirən o görünməz bağı" kəsib atırıq.

İndi isə gəlin dərslikdə qarşıma çıxan “durum” sözünə baxaq. Bu söz də yenə 30-cu illərdə Türkiyədə alınma sözlərə qarşılıq uydurma zamanı hal və vəziyyət sözlərinə müqabil təklif edilib.

Cahilcə milliyyətçilik edənlər çıxıb deyəcək ki, “Bu sözlər ərəbcədir, durum isə türk mənşəlidir. Burda pis nə var?”

Bəli, durum türk mənşəlidir, hətta heç bir sözdüzəltmə qaydasını da pozmur. Burada problem sözün quruluşunda yox, mənasındadır.

Durum sözü türk dilinin ən əski lüğəti hesab edilən Mahmud Kaşğarinin Divanı lüğəti-t-türk əsərində boyun hündürlüyü kimi qeyd edilmişdir. Yəni arşın, addım, pəncə kimi ölçü vahidi olaraq qeydə alınıb. Müasir Azərbaycan dilində isə “durum” – qüvvət, tab, səbat deməkdir.

İndi xalqımızın əsrlərdir istifadə etdiyi, vətəndaşlıq qazanmış, lüğətimizi zənginləşdirən hal və vəziyyət kimi iki nüans sözü niyə “durum” kəliməsinin ayağına verib dilimizi kasıblaşdırırıq!?
  • Hal və vəziyyət sözləri sinonim ola bilər, amma bu o demək deyil ki, rahatlıqla bir-birini əvəz edə bilər.
  • Halım yoxdur deyərkən biz səhhətimizin yaxşı olmadığını və ya çox yorğun olduğumuzu bildiririk.
  • Vəziyyətim yoxdur deyərkən isə maddi cəhətdən əlimizin aşağı olduğunu ifadə edirik.
İndi siz mənə deyin, “Durumum yoxdur” deyəndə nəyi nəzərdə tutacağıq?

Qorxum odur ki, cürbəcür söz qətliamları ancaq və ancaq zəngin və ulu mədəniyyətimizin bəxş etdiyi dilimizi kasıblaşdırıb, qəbilə dili səviyyəsinə endirəcək.
Qorxum ondadır ki, bugün cəmiyyətə "toplum", hal və vəziyyətə "durum" deyən mətbuat və dərs vəsaitləri, sabah da həyata və ömürə "yaşam", təklif və tövsiyəyə "önəri" deyəcək. Nəticədə nəinki Füzulini, Nəsimini, Xətaini, hətta yaxın keçmişdə yazıb-yaratmış Mirzə Cəlili, Axundovu, Sabiri anlamayan; milli hafizəsini itirmiş, kasıb lüğəti, kasad nitqi və məhdud məntiqi olan bir gənclik yetişəcək.

Müəllif: Ariz Daşdəmirli
müəllim


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google