Əllərimdə Can Verən Xəstə - Elcan Hacılı
Sənə tükənməz bir ümid və göz yaşları ilə baxan birinin həyatını xilas etmək, çox ama çox qəribə bir hissdir.

Qızmar bir Avqust gecəsindəyəm. Hava o qədər istidir ki, bu havada nəinki xəstə, heç sağlam insanın da ürəyi asanlıqla tab gətirməz bu istiyə. Reanimasiya şöbəsində 24 saatlıq növbədəyəm bu gün yenə. Kefim elə də yerində deyil; dünən klinikaya gətirilmiş yaşlı xəstəmiz ürək qan-damar tıxanıqlığı, tənəffüs yetməzliyi və bədəndə su yığılmasına cəmi bircə gün tab gətirə bildi, bu gün günorta saat 13.00-da bir andaca ürəyi durdu.

Bir az bunun təsiri, bir az da havanın dəhşətli dərəcədə isti olmağını nəzərə alıb daha ehtiyyatlı olmalı idik bu gün. Bir xəstəni daha itirə bilməzdik. Çünki digər şöbələrdən fərqli olaraq Reanimasiya Şöbəsində kondisionerin dərəcə norması çox-çox aşağıdır. Buradaki xəstələrin vəziyyəti ağır olduğu üçün bu şöbədə temperatur nə çox aşağı, nə də çox yuxarı olmalıdır. Elə bu səbəbdən də bu cür havalarda işimiz iki qat çətinləşir; ayıq-sayıq olmadınsa, bircə anın içərisində xəstənin vəziyyəti pisləşə, pik nöqtəyə çıxa və oradaca ürək fəaliyyətini dayandıra bilər.

Gecə saat 20.00 radələridir. Klinikada 3 nəfərlik heyətlə növbədə dururuq: növbə həkimi, tibb bacısı və mən. Xəstələrin vəziyyəti ağırdır: bədən temperaturları və təziqləri tez-tez düşüb-qalxır, nəfəs darlığı çəkirlər. Antibiyotiklərdən və süni tənəffüs aparatından istifadə edib xəstənin vəziyyətini stabilləşdirməyə çalışırıq. Yan tərəfdə, ən küncdə yatan yaşlı qadının vəziyyəti xoşuma gəlmir nəsə. Təziqi stabil durmur – bir yüksəlir, bir düşür. Xəstə, boğaz nahiyəsindən birbaşa nəfəs borusuna deşik açılaraq süni tənəffüs aparatına qoşulub. Boğazındaki deşiyə görə danışarkən səsi çıxmır. Ancaq bədən dili və dodaq hərəkətləri ilə çətinliklə başa düşə bilirik nə demək istədiyini. Vəziyyətin belə olduğunu görüb mütəmadi olaraq bu xəstəni nəzarətdə saxlamağa başlayıram. Xəstə tez-tez, hətta 5 dəqiqədən bir su istəyir.

Saat 21:17 – 2 dəqiqə əvvəl reanimasiyadaki xəstələrə baş çəkirəm, vəziyyəti ağır olan xəstə qadına bir daha su içirdirəm. Bu dəfə bir şprislə susuzluğu sönmədi, əlavə bir şpris daha su istədi. İkinci dəfə içizdirirəm. Çıxıram otaqdan, həkimə xəstələrin bu saata olan vəziyyətini söyləməliyəm.

Saat 21:19 – Otaqdan çıxmazdan əvvəl birazdan görəcəyim mənzərədən xəbərsiz şəkildə hər ehtimala qarşı dönüb baxıram arxaya. İşlər axarında getmir, süni tənəffüs aparatının xəbərdarlıq siqanlı işə düşüb. Nəsə bir problem var, xəstənin alləri titrəməyə başlayır! Xəstə çırpınır!

Həkimi səsləməyimlə yan otaqdan çıxıb qaçaraq reanimasiya şöbəsinə girməyi bir olur. Arxasınca da tibb bacısı. Həkim problemin nədə olduğunu anlamağa çalışır. Mən bir tərəfdən xəstənin qanındaki oksigen göstəricilərini, digər tərəfdən təziqini ölçməyə atılıram. “Aparatda problem var, oksigen gəlmir” həkim deyir. “Xəstənin qanındaki oksigen dəyərləri normadan iki qat aşağıdır, təziqi də get-gedə yüksəlir”, təşvişlə mən əlavə edirəm. Süni tənəffüs aparatından oksigen gəlmədiyi üçün xəstə yetəri qədər nəfəs ala bilmir, daralır. Xəstə narahatdır, yerində dura bilmir. Tez düşüb klinikanın həyətində yerləşən xüsusi otaqda oksigen balonunu yenisi ilə əvəz edib dəyişdirmək lazımdır. Bunu da bircə həkim bacara bilir. Həkim, qaçaraq bu işin arxasınca gedir.

Saat 21:25 – Həkim aşağı düşəli 2 dəqiqə oldu təxmini, hələ də dəyişən bir şey yoxdur. Süni Təəfüs Aparatından yenə də oksigen gəlmir. Xəstənin vəziyyəti get-gedə ağırlaşır.

Saat 21:28 – Nəfəs yoxdur, xəstə öldü-öləcək. Bir gözüm Süni Tənəffüs Aparatında, digər gözüm xəstənin barmağına qoşduğum pulsometrdədir. Göstəricilər artıq riskli səviyyəyə yaxınlaşır: ən azından 50-60 olmalı olan oksigen dəyəri, artıq 30-a qədər aşağı düşüb.

Saat 21:30 – Həkim nə qədər çalışırsa da Süni Tənəffüs Cihazının problemini həll edə bilmir tam olaraq. Xəstəyə özünü əla bilməsi üçün lazımi iynəni vurub. İndi isə məcbur bir daha oksigen balonlarının yanına düşməli oldu. Oksigen cihazı yetəri qədər oksigeni ötürə bilmir xəstəyə. Həkim yanımızda yoxdur. Otaqda digər xəstələrdən əlavə, bir tibb bacısı, bir də mən varam. Xırıltı gəlir xəstənin boğazından, gözlər qapanır… nəfəs kəsilir artıq.

Baxdıq olmur, vəziyyət kritikdir, tibb bacısı tez Ambu‘nu (əllə edilən süni tənəffüs aparatı) gətirdi. Tez xəstənin boğazındaki oksigen borusunu açıb, Ambu’nu qoşuram. Xəstəyə durmadan dərin-dərin nəfəs verməyə, onu ayıq saxlamağa çalışıram. Xəstənin gözləri qapanır. Eşitmir artıq məni, gözlərini ayıq tutması üçün bağırıram gürcücə: “oyan, aç gözlərini, mənə bax! Qorxma, indicə hər şey qaydasına düşəcək; aç gözlərini! Hey, sənə deyirəm!” Qadın ara-ara qıyaraq açır gözlərini. Elə bir baxışla süzür ki, məni, gözlərimə elə bir şəkildə baxır ki… bunun təsviri yoxdur yəqin ki. Gözlərində həm qorxu görürəm, həm də son ümid damcıları. Bir damcı ümid parçasına bulanmış göz yaşları axır gözlərindən yanaqlarına.

Qadının gözləri qapandı. Bir an qadının ürəyi durdu kimi oldu. Şokdayam, klinikada işə başlayalı çox qısa zamandır, birinci dəfədir ki, bu cür vəziyyətlə qarşı-qarşıyam. Amma özümü ələ almalıyam, hələ heç nə bitmiş deyil. Bunu bacara bilərik! Tibb bacısı cəld ritmik şəkildə xəstəyə ürək masajı edir. Mən dayanmadan 15 dəqiqədir ki, ambu ilə tənəffüs verirəm. İsti nəfəsimizi kəsir, bədənim alışıb yanır, alnımdan axan tər damcıları gözümü yandırmağa başlayır. Qollarımı hiss etmirəm artıq, amma dura da bilmərəm.

Həkim düz dibimizdədir, biz xəstəni geri qaytarmağa çalışarkən, o da Süni Tənəffüs Aparatını tənzimləməyə çalışır.

Hərəkətsiz şəkildə dayanan xəstənin barmaqları birdən hərəkət etməyə başladı. Deyəsən, ürək masajı və ambu ilə süni tənəffüs işə yarayırdı artıq. Xəstə yavaş-yavaş gözlərini açmağa cəhd edir, mən isə huşu özünə gəlsin deyə dayanmadan Ambu ilə nəfəs verirəm. Qadın gözlərini tam olaraq açır. Yenə eyni baxışlarla süzür məni.

“Nəhayət ki, düzəldi!”, oksigen cihazının normal işlədiyini işarə edərək həkim həyəcanla səsləndi. Tez oksigen borusunu xəstənin nəfəs borusuna qoşuruq. Xəstənin barmağındaki Pulsometr cihazı oksigen göstəricilərinin yavaş-yavaş yüksəldiyini göstərir: əvvəl 35, sonra 45…50…60…yüksəlməyə və stabilləşməyə davam edir. Həkim, bizə tərəf dönüb deyir, “Deyəsən, xilas etdik…”

Saat 22.00 – Damarlarımda dolaşan adrenalini hər bir zərrəmdə hiss edirəm. Birtəhər otururam bir küncdə. Xəstəyə baxıb düşünürəm. Düşünürəm, nə idi bu?Bayaq nə etdik biz? Nəyi dəyişdik? Nəyə nail olduq? Cavab gəlmir. İçimdən bir səda sadəcə olaraq bunu deyir, “sənə insan olduğunu hiss etdirən bir şey etdin bayaq sən”.

Müəllif: Elcan Hacılı

Yazı il dəfə mesyoeljan.wordpress.com blokunda paylaşılıb.
Print Email
FaceBook Twitter Google