"Qadın kəliməsi mübarizə kəliməsinə bərabərdir" - Şəlalə Əmircanova
28 yaşlı Əfsanə həyat mübarizəsindən danışır

“Mən doğuldum və böyümədən mübarizə aparmağa başladım. Evin böyük uşağı idim. Atam yetərincə imkanlı idi. Heç bir ehtiyacımız yox idi. Ancaq qız uşağı imkanlı ailədə belə artıqlıq edir və israf kimi görülür. Qonşunun mənlə yaşıd qızları ilə yolda evcik oynayarkən anam həyəcanlı səslə tez evə qayıtmağımı dedi. Evə getdim, evde bir neçe qohumumuz xalam, bibim və anam sevinc dolu gözlərlə məni “ərə verdiklərini” dedilər.

15 yaşım var idi, dillənə bilmədim, içimdən sadəcə ağlamaq gəldi. Nəqədər qarşı çıxsam da, xalalarım söz verdiyimiz ailənin imkanlı, güclü və təsirli olduğunu dedilər. Məni çox qorxutdular. Uşaq ağlımla dediklərinin heç yarısını belə anlamamışdım ancaq, tək çıxış yolum razılaşmaq idi. Evliliyimizin ikinci ili idi artıq və uşağımız olmurdu. Mənə artıq əziyyət verməyə başlamışdılar döyülürdüm, söyülürdüm amma artıq dözə bilmirdim. Qohumlar atama evdə saxladığın itin əvəzinə gət qızını saxla bir dilim çörəklə əksilməzsən deyiblər.

Beləliklə ailələr boşanmağımıza qərar verdilər və mən ata evinə geri qayıtdım. Buradada əziyyətlər bitmədi və mənim qarşıma yeni ümid gətirən ikinci həyat yoldaşım çıxdı. Valideynlərim məndən canlarını qurtarmaq üçün ikinci dəfə məni evləndirdilər. Bu zaman mən həyat yoldaşımı sevdim özüdə çox, bizim ailəmiz kənd üçün qəbul olunmaz idi çünki, mən boşanmış bir qadın o isə subay oğlan idi. Biz çox kasıb yaşasaq da çətinliklərə dözürdüm. Oğlumuz dünyaya gəldikdən sonra ailəmiz dahada güclənmişdi. Ancaq xoşbəxtlik qapımı çaldı və çox durmadan məni tərk etdi. Kənd toylarından birində yoldaşıma mənimlə evli olduğuna görə pis sözlər ünvanlandılar və nəticədə O, toyda birini bıçaqlayaraq həbsə düşdü. Heç arası uzun çəkmədi , ərim orada öldürüldü və bundan sonra mənim əsas mübarizəm başladı.

Ata evinə bir daha qayıtdım. Adıma nələr deyirdilər, üz qarası idim, çirkli idim, anam, atam və hətda məndən kiçik qardaşım belə hərgün məni döyürdülər. Bir daha evlənməyimi istəyirdilər çünki, onların gözündə artıqlıq idim. Təhsilsiz, dil biliyi olmayan şəhər görməyən bir qızcığaz həyatını necə qazana bilərdi hələ baxmalı böyütməli olduğum bir övladımda var idi. İllər ərzində əzab əziyyət çəkərək öyrəndiyim ən yaxşı peşəyə sığındım kirayə hektarla torpaqlar götürdüm və yaz qış demədən əkdim, biçdim satdım qazandım. Rəhmətə gedən ərimin evinə qayıtdım oğlumun mülkünü geri aldım evimi təmir elədim və oğlumu məktəb yaşına çatdırdım. Bu illər ərzində anladım ki, qadının gəliri, qazancı varsa deməli ona heçkim söz deyə bilmir.

Mənim az yaşım olsa da çox şey yaşadım. Zorakılığı ən doğma bildiklərimdən gördüm . Bu gün 28 yaşım var özümdə hiss etdiyim güc təsəvur edilməzdir. Ən vacibidə boşandığım, həyat yoldaşımı itidiyim zaman mənə pis gözlə baxan, çirkəf adlandıran kənd sakinlərinin bugünki gücümü və qazancımı görüb ayağıma gəlib yardım istəməkləridir. Düzdür hələ də çətinlik çəkirəm çünki, təhsilim yoxdur və dil bilmirəm ancaq ilk mərhələdə bunları bacardım düşünürəm davamını daha uğurlu gətirəcəm. İlk məqsədim sürücülük vəsiqəsi və avtomobil almaqdı. Məhsulumu bazarda özüm satsam daha güclü olacağam. Oğluma nümunə olmalıyam!"- danışır Əfsanə.

Müəllif - Şəlalə Əmircanova
Mənbə - Pəncərə
Print Email
FaceBook Twitter Google