Qadınlar və onların əlindən alınan hüquqları - Dürdanə Xudiyevanın səsli fikri
Tez-tez qızlara qarşı ailəsi tərəfindən – istər
həyat yoldaşı olsun, istərsə də atası – sən oxumamalısan, qız nədir
oxumaq nədir kimi ifadələrlə qarşılaşırıq.
Qadının gələcəklə bağlı gözəl arzuları ola bilməz. Məgər qadın
insan deyil? Əksinə, bir ailədə qız uşağı varsa, valideynlər ən çox
məhz elə o qız uşağını oxutmaq üçün əlindən gələni etməlidirlər.
Gələcəkdə ailə quracaq həmin qız bir ana və bir qadın olaraq
uşağına tərbiyə verəcək və onun təhsili ilə maraqlanacaq. Qız nədir
oxumaq nədir deyənlərdən soruşuram... Təhsilli bir ana uşağının
təhsilində daha yaxşı kömək edə bilər, yoxsa ailəsi tərəfindən
təhsil almasına qarşı çıxılıb, zorla istəmədiyi biri ilə evlənib və
həmin insandan uşaqlar dünyaya gətirən ana uşağına həyatda düzgün
yol göstərib təhsil verə bilər? İndi isə gəlin əksər hallarda
rastlaşdığımız problemlərdən biri – valideynlərin, yaxud ətrafdakı
insanların bir qıza təhsilində və həyatında göstərdikləri
laqeydlik, həmçinin ruhdan salan fikirləri haqda danışaq.
Buna misal olaraq bir qızın həyatı və yarım qalan arzularını
göstərə bilərik. Onun ən böyük xəyalı rəssam olmaq idi, amma
valideynləri onu fikrindən döndərərək dedilər: “Qız
üçün tək peşə müəlliməlikdir”.Qadınların istəkləri,
arzuları bəzən ailələri tərəfindən sorğu-sualsız, narazılıqla
qarşılanıb qarşı çıxılır. “Sən qadınsan, sən anasan,
sən gəlinsən, sən kiminsə qızı, gəlinisən” və s.
Ən təəssüflüsü də odur ki, qızlar bu fikirlərlə razılaşaraq öz
istəklərini, arzularını unudub, onlar üçün seçilən həyatı
yaşayırlar. İstəmədikləri biri ilə və yaxud istəyərək də olsa erkən
yaşlarda ailə həyatı qurur, daha sonra uşaq dünyaya gətirirlər və
onlara alınan telefonla gün ərzində başlarını qataraq həyatlarının
bundan ibarət oluğunu düşünürlər.
Uşaqlar da valideynlərindən məhz onu görür və götürürlər. Bizim
cəmiyyət erkən evliliyin, öz xəyallarının arxasınca getməməyin və
bir sıra bu cür problemlərin qurbanı olur. Onu da əlavə etmək
istəyirəm ki, istər qız, istərsə də oğlan olsun, hər kəsin öz
arzularının və istəklərinin arxasınca bezmədən və yorulmadan
getməli, həyata keçirməlidir. Biz gənclər də öz məsuliyyətimizi
bilməli və gələcəkdə elmlə, savadla daha sağlam addımlar atmalıyıq.
Bunun üçün bizə verilən haqqımızı heç vaxt tapdalatmamalıyıq. Hər
cür çətinliklə qarşılaşsaq da, oxumaqdan imtina
etməməliyik.
Müəllif -
Dürdanə Xudiyeva
Mənbə -
Pəncərə