Sən Marneulidə işləyirsənsə bu ifadələri işlətməyi bacarmalısan “Yox mənlik deyil”, “Xeyr, vaxtım yoxdur” - Pərvin Hacıyevanın səsli fikri
2 ildən artıqdır ki, “Marneuli” radiosunda jurnalist olaraq çalışıram. Səhər saat 9-da işdə olur və axşam saat 5-də işdən çıxıram. 1 saatlıq yolu da nəzərə alsaq yorulmamaq mümkün deyil.

İşdə olanda vaxtında efirə çıxmağın deyil, telefonuma gələn zənglərin səbəblərinə görə daha çox həyəcan keçirirəm. Maraqlıdır niyə?

Əgər sən Marneulidə işləyirsənsə sənə evdəkilər, sevimli qonşuların, köhnə tələbə yoldaşların, aylarla üzünü belə görmədiyin qohumların və s. hamı yığa bilər.

Sənə gələn hər bir zəngin fərqli bir səbəbləri var, bu banklara kredit ödəmək, Marneuli bazarından hər hansı məhsulu almaq, mağazada paltarın qıymətini soruşmaq, kiməsə pul göndərmək, əczəxanadan dərmanların qiymətini hesablatmaq, ədliyyə evində hər hansı sənəddə yaranan problemin səbəbini soruşmaq bu və buna bənzər bir çox şelyər.

Bu zənglərin qarşılığında sən təbii ki, “Xeyr, işdəyəm və çıxa bilmirəm”, “Əslində vaxtım yoxdur”, “Yox direktorum icazə verməz” kimi ifadələr işlətmək istəyirsən amma təəssüf ki, bunu heç vaxt edə bilmirsən.

Xüsusən də həyatında bir zəng var və bu zəngi sən heç vaxt nə cavabsız qoya bilməzsən nədə ki, işim var, edə bilmərəm ifadələrini işlədə bilməzsən. Çünki, bu zəngi edən sənin anandır. Onun istəkləri isə heç bitməz, bir gün əlində göyərti ilə evə gedərsən, bir gün toyuqla, bir gün qaymaqla, bir gün yuyucu vasitə ilə...

Məsələ orasındadır ki, evdən çıxıb işə gəlirsənsə “Onsuz da Pərvin Marneulidədir,  bunları o, da ala bilər” deyir və bütün alacaqlar siyahısını sənə yazıb verərlər.

Sanki işə deyil bazarlığa gəlirsənmiş kimi bir işə qaçarsan bir bazara sonra əczəxanaya, banka və s.

Zaman keçdikcə sənə gələn zənglərin hansı səbəblə olduğunu və zəngi cavablamadan da artıq hara gedəcəyini müəyyən edə bilirsən.

Bütün bunları edərkən tək lazım olan işlədiyin ofisdə direktorunun mərhəmətli olmasıdır. Çünki, sən hər kəsin işinin arxası ilə qaçdığında sənə işdən çıxmaq üçün icazə verən direktorunun olması şərtdir. Əks halda isə gələn zənglərə “Yox alınmaz, direktorum ofisdədir, işdən çıxammıram” deyərsən və bütün qohumlarla, tanışlarla düşmən olarsan!

Print Email
FaceBook Twitter Google