Gürcüstan - gecikmiş vətən! Mən - vətənimdə „yad“ kimi - Samirə Bayramovanın səsli fikri
Gürcüstan vətəndaşı
olduğumu öyrənəndə 17 yaşım var idi. Haradır
Gürcüstan?
Sən demə yaşadığım yermiş Gürcüstan. 17 il mənim arzularım
buralarla bağlı olmayıb. Yəqin fikirləşirsiniz ki, burada
yaşamırdım. Yox, məhz burada, Gürcüstanda yaşayırdım.
Mən və mənim həmyaşıdlarım Sovetlər Birliyinin son, yeni
Gürcüstanın isə ilk uşaqlarıyıq, ancaq kim olduğumuzu və harada
yaşadığımızı bilmirdik. Valideyinlərimdən də soruşmurdum. Bizim
valideyinlərimiz sadəcə ailəmizin xilası üçün çalışırdılar, müvafiq
olaraq mənim də sosial məsələrdən əlavə sualım yox idi.
İndi keçmişimə baxıram və elə bilirəm ki, koloniya şəklində, çox
uzaqda, deyə bilərəm ki, başqa obyektlərlə əlaqəmizin olmadığı bir
adada yaşamışam.
6-cı sinifdə oxuyurdum və sinifimizə yeni müəllim gəldi. O gürcü
idi və gürcü dilini tədris edirdi. Ancaq gəldiyi kimi də getdi,
bizimlə çox az vaxt keçirdi və ilk müəllimim sadəcə "Çanqala da
qoqona" mahnısı ilə yadımda qaldı. Bir il sonra daha bir yeni
müəllim gəldi. Gürcü dilini öyrətmək istəyi yox idi. Bir-iki il də
belə keçdi. Bizə - "Gürcü dili nəyinizə lazımdır, sizin vətəniniz
Azərbaycandır"- deyirdi. Şagird olaraq bu çətin dili öyrənməyi heç
mən də istəmirdim. Öyrənsəm də nəyimə lazım idi? Müəllimin dediyi
kimi, heç nəyimə. Təxminən 7- 8 Gürcü dili müəllimi dəyişdik.
O dönəmdə məktəbi güclə bitirdim. Məktəbi elə bitirdim ki, heç
gürcü hərflərini də yaxşı bilmirdim. ძ, ჭ, წ, ჩ, ჯ – mənim üçün "ჩ"
idi. Bu illərdə mənim gələcək arzularım Bakı küçələrində dolaşırdı.
Bakının küçələrini, universitetlərini, siyasətçilərini və s.
televiziyadan əzbər bilirdim. Bir gün də ali təhsil almaq vaxtı
gəldi çatdı. Ailəmin həmin vaxtda olan sosial vəziyyəti Bakıya olan
yolları bağladı. Fikirləşirdim ki, Bakıda oxumasam ali təhsil
almağım mümkünsüz, çünki, mənim üçün vətən sadəcə Bakı idi.
Bir dəfə qohumumuz təsadüfən dedi ki, Tiflisdə təhsil almaq
variantı haqqında niyə fikirləşmirsiniz? Tiflis? Hardadır Tiflis?
Haradır? Bir dəfə məktəbdən zoparka getmişdik, oradır Tiflis? Bəli,
oradır. Evimizin 50 kilo metirliyində yerləşir. Cəmi bir saatlıq
yol imiş, mən isə 650 km. məsafədə yerləşən, mənə çox doğma olan
Bakı haqqında düşünürdüm.
Mənim üçün Marneuli sərhəd idi. Bu sərhəddən o tərəfdə isə
Gürcüstan adlanan başqa ölkə yerləşirdi. Sadəcə, bilirdim ki,
Marneulidən o yanda başqalarının yaşadığı şəhərlər var.
Daha sonra – gecikmiş həyat, çoxlu zəhmət, gürcü dilini öyrənmək,
paytaxtla dostluq, başqa insanlarla ünsiyyət, başqa mədəniyyət,
ənənə, başqa üzlər.
Bu illər ərzində Gürcüstan məni axtarmırdı. Onun üçün yəqin ki, mən
də itirilmiş, unudulmuş vətəndaş idim. Gürcülərlə münasibət ilk
dəfə universitetdə başladı. Onlar mənim üçün yad olduqları kimi,
mən də onlar üçün yad idim. İllər keçdi, Bakı əhvalatı mənim üçün
bitdi, gecikmiş və yeni əhvalat başladı.
İndi inteqrasiya olunmuş vətəndaşam, gürcü dilini bilirəm,
Gürcüstan haqqında əvvəllər bilmədiyim hər şeyi bilirəm. Bir neçə
dəfə Gürcüstan nümayəndəsi olaraq müxtəlif ölkələrdə mübadilə
proqramlarında iştirak etmişəm. Gürcüstanın hər bir bölgəsində
olmuşam, hər bir tarixi və ya mədəni abidəsini görmüşəm. Hər gün
gürcü musiqisinə qulaq asmasam, yəqin özümə gələ bilmərəm. Sulğuni
və xaçapuri həyataımın bir hissəsi, çurçxela (sucuq) mənim
dərmanımdır.
İllər keçdi, başqa mədəniyyət və başqa xalq mənim üçün doğmalaşdı.
Əziyyət çəkdim, zəhmət çəkdim və Gürcüstanın bir parçası oldum,
yeni vətəni, dili və s. kəşf etdim. Çox şey dəyişdi - həyatım,
həyata olan baxışlarım. Təkcə bir şey dəyişmədi. Mən Gürcüstan üçün
yenə də yadam, gürcülər üçün də yadam. Mən yenə də başqa biriyəm,
fərqli mədəniyyətə məxsus insan yox. Genetikamdan başlayaraq hər
şeyimi, dinimi, dilimi belə dəyişdirsəm doğma olmayacam. Dinimi
dəyişdirsəm pravoslav xristian olacam. İkinci önəmli məsələ gürcü
olmaqdır. Yenə də əsl gürcü ola biməyəcəm. Əsl gürcü, gürcü olaraq
doğulan adamdır və bu balaca ölkədə biz bir-birimiz üçün daima
"yad" olacağıq.
Müəllif: Samirə
Bayramova
Mənbə: პუბლიკა •
Publika