Bizdən sizə oğul olmaz, cənab doktor Nərimanov! - Samirə Bayramovanın səsli fikri
Salam bəy! Doğum gününüz mübarək!

Elə bilirdim 100 yaşa deyəndə biz bunu söz kimi qarşımızdakına xoş gəlsin deyə deyirik, amma, artıq150 yaşa girmisiniz. İndi isə deyirəm daha bundan sonra 1000 yaş da yaşayın. Yəqin ən çox indi bizim buralarda nə baş verdiyi sizi daha çox maraqlandırır nəinki xoş arzular. Öz maraqlı dünyamızdan Sizə yazıram, hər şeydən yazacam.
Yaz həmişə eyni gəlirdi, eyni ilə Sizin zamanda olduğu kimi.

Günəş də sizin dediyiniz kimi, qoca Şərqdən çıxıb, şərqarışana batırdı. Nəisə... Oğlunuz Nəcəfə yazdığınız kimi, mən də daha çox siyasi, ictimai mövzulardan, yəni maraqlandığınız mövzuları yazacam. Hə, bir də “Nadanlıq” deyə ifadə etdiyiniz təhsildən.

Buralarda üç həftədir ki, həyat dayanıb. Elə Virus yayılıb ki, bütün dünyanı əhatə edib. Hamı evindədir, daha doğrusu canı hayındadı. Doktor olduğunuza görə bunları daha dəqiq bilirsiniz. Bizlər guya evində qalmaqla canımızı qoruya bilərik. Sağ qalmağa çalışsaq da, bir çoxumuz bunun bir şeytan əməli olduğunu düşünüb inanmırıq. Küçələrimizə dualı sullar çiləndi, ümid edirik ki, Tanrını qəzəbləndirmişik və bununla biz ona daha yaxın olub bu bəladan xilas olacağıq. Əlimizə şəkil götürüb Tanrının ətrafında fırlanırıq. “Bu müqəddəsinə and veririk bizi qoru Tanrı”. Doktor bunları oxuyanda dodaqaltı gülümsəmə. Amma bir çoxlarımız da ən azından inanırıq ki, bunun dərmanı peyvənd və təmizliyə riayyət etməkdir. Söhbət bu şeytan işlərindən düşmüşkən, bir-iki əlavələr edim. Evdə qalmaqdan darıxıb nəsə oxumaq üçün, kitabxanamda dolaşırdım, təsadüfən ərəb yazılı bir xırda kağız parçasına rast gəldim, sonra məlum oldu ki, mənim hələ də evlənmək istəmədiyimdən anam çox narahatdır və çarəni cindarın yazdığı “dua”da axtarır. Bundan əslində tez tez tapılır, bir çoxları mənə edir yəqin içində ən etibarlısı anamın etdiyi olar, mənə ad günümdə hədiyyə veriləndə də belə balaca ərəb yazılı kağız vardı, eyni zamanda mənim qəbirstanlığa basdırılmış şəkillərimi çəkib atırlar, bununla yetinməyib, darvazamızı yağlayıb buğlayırlar qəribə heyvan yağları ilə. Bunu illərdir edirlər mənə hər şeyə görə amma nəsə dəyişən bir şey yoxdur. Əslində bu çox adamın ailəsində baş verən hadisədir. Təhsilli qadındır amma neynəyək, çarə hər qapıda var deyirlər! Bir dəfə çox qəribə iyrəncini tapmışdım və qorxdum, bilmirdim kim niyə etmişdi, işdən gələndə aşkar etmişdim, bu yəqin ictimai nəqliyyatda atılmışdı çantama,dedim bunu bəlkə kiməsə göstərim, dedilər yazanlar bilər nədir bu, insan növbəsinin sayı hesabı yox idi, geri qayıtdım atdım suya. İndi bunu hamının anası bacısı mütləq edir, bəy! Təsəvvür edirsiniz bəy, onlar doğmalarının həyatını məhv edirlər, öz həyatını deyil məhz ana bacısının arzu etdiyi həyata yaşamağa məcbur edilirik bəy!

Bir neçə gündür evdə otururam və eyni zamanda olub bitənləri izləyirəm. İndi çox rahatdır, istənilən məlumatı biz bir neçə dəqiqəyə axtarıb tapa bilirik. İşlərin çoxunu evdən çıxmadan həll etmək olar. İndi heç məktub üçün poçta kağız atmağa gərək yoxdur, heç kağız işlətmədən göndərib bir neçə saniyəyə ünvanına çatdıra bilirik. Daha Mirzə Cəlilin “əziz-xələfi” kimi poçtalyonla dava salmağa gərəkdə qalmayıb amma indi mən özüm də sirli məktublarımı poçta əmanət etmirəm, bunu da özünüz daha yaxşı başa düşərsiniz bəy.

Məktəblər bağlanıb, gedən yoxdur. Yəqin düşündünüz bu xalq axırda məktəbdən imtinadamı etdi. Çox pis səsləndi, ləğv olunmayıb, yeni bir sistemə də keçməyib, sadəcə virusa görə bütün sistem evdən işləyir. Sizin dövrə baxanda indi uşaqların demək olar ki, hamısı oxuyur. Beləcə zaman keçirib, əsas odur məktəbə gedirlər. Təhsil düşünürəm bizlik deyil, özümüzü alışdıra bilmirik, bir neçə nəfər universitet oxuyanımız var, onları də gözüm çıxdıya salıblar. Deyirlər ki, gedib oxuyub alimmi olacaqsınız? Gedib olan bitən tərbiyənizi də Tiflisdə itirirsiniz, qayıdanda heç böyük-kiçik yeri bilmirsiniz, sözə baxmırsınız. Biz sizi ona görə böyütdük ki, bizim üzümüzə ağ olasınız? Biz də qalmışıq belə... Səbrlə mübarizə edən uzun yoldan sonra qazanır, zəiflər isə öz keçmişlərinə qovuşub gələcəyi yalnız xəyal kimi yaşamaqla çayxanalarda, dörd otaqda bildiyin işlə məşğul olurlar.

Qonşumuz bizə gəlib, məktub gəlib ona, oxuya bilmir. Hələ də gürcü dilini bilmirik, gətirib ki, görsünlər nə yazılıb. Elə bu həngamədə bir iki nəfər də telefonunu göstərir ki, mənə də sms gəlib, (yəni elektron məktub) bir oxu, görək nə deyir. Gürcü dilində mən kimilər onlara bu məqamlarda lazım olurlar. Hələ də ərizə yazmaq lazım gələndə gürcücə oxumuşların yanına gedib öz sözlərini yuxarılara belə çatdırırlar. Hesab edirlər ki, bir iki oxumuş olsa bəsdir. Belə işlərə lazım gəlirik onlara.

Bu günlərdə bütün işlər təxirə salınıb. Hətta toylar da. İyirimi gün bundan əvvəl 15 yaşlı qızın toyu təxirə düşdü. İndi təzə qayda var, gərək qızını tez evləndirməyəsən, yoxsa qanun öz işini görür, biz təbii ki, bunun da bəzən yollarını tapırıq, yuxarıdan bir-iki adam tapıb, həll edirik. Bu dəfə məsələ fərqli olub. Deyiblər ki, oğlan Rusiyyətdən gəlib və problem olmaz. Buradan da kimsə polislərə çatdırıb ki, burada 15 yaşlı qıza toy edirlər, onlar da gəlib icazə verməyib. Belə baxanda belə hadisələr tez-tez olur. Bizim yaxın vardı, deyir ki, mənə oxumuş qız lazım deyil, savadsız, məktəbi bitirməmiş və dünya görməmiş olsun. İstəyirəm mənim sözümə baxsın, mənə tabe olsun.
Biz də çalışırıq ki, yaşadığımız ölkənin cəmiyyətinə inteqrasiya olaq, bütün başımız bu işlərə qarışıb, amma görünür bizi eləcə yamaq etməyə çalışırlar. Hökümət də bircə tələb səsləndirir, deyirlər- dövlət dilini öyrənin, mədəniyyətimizi öyrənin. Biz sizə iş verək bizdən biri olun, bunu edənlər də var, amma sonra da başqa işlər tələb edirlər, yaltaq ol, nə deyirik,- hə, de, biz milli mövzu demə, sənin öz dilin və mədəniyyətini gözə soxma.

Unutdum deməyi. İndi bütün Qafqaz ölkələri artıq 30 ildir ki, RSFSR-dən, ZaqFederasiyadan, SSRİ-dən, Kommunist işğalında azaddır. Lenindən sonra, Stalin gəldi o da lap dümdüz qoydu hər yeri. Sizin tanıdığınız, dostluq etdiyiniz xeyli yazarı, şairi çar Romanovlarsayağı sürgün etdirib, güllələtdirib öldürdülər amma siyahını da biz özümüz hazırlayıb vermişdik.

İndi müstəqil dövlətik. Amma hələ də bilmirik, kimik. Gah azərbaycanlı, gah türk, gah da heç kim oluruq. Hələ nə özümüzə nə bir milli kimlik nə də soyad tapmışıq. Hərdən Sizi və Borçalını tərk edib gedənləri qınayırıq, elə məqamlar var ki, haqqlıyıq da. Bəlkə qalsanız, Borçalıda çox şeyə nail ola bilərdik. Bütün qaymaqlar çıxıb getdi, tərk etdi Borçalını, Sizin zamanda deyildiyi kimi buralar təmiz “boşşalı” oldu. Bəlkə bizlər indi daha xoşbəxt günlər yaşayırdıq sizlərin sayəsində. Hələ bu azmış ki, millətçi Qamsaxurdiya vardı, bir də o qərar çıxartdı ki, Gürcüstan gürcülərindir və bu “qalıq quluqları” burdan yox edin, qovun. Bu hadisə 1990-larda baş verdi, minlərlə ailə qovuldu, kim hara gəldi, çıxıb getdi.

Amma o dövran da dəyişdi, indi bizə demokratik hüquqda veriblər ki, siz özünüzə başçı, nümayəndə kimi istəyirsiniz seçin, biz də deyirik ki, biz bilmirik, bizə bir iki kilo soğan, kartof verin, özünüz kimi məsləhət edirsinizsə o da olsun. Bizlik deyil bu işlər, qadanız alaq, uzaq edin bu şeytan işlərini bizdən. Bizə deyin:- gedin, əkib becərin, alver edin. Bax onda hansı gürcü bizlə yarışa çıxarsa buyursun. Sizin oğlunuz Nəcəfə buyurduğunuz kimi: Oğul bu siyasət meydanı sənin kimi ənəviyyatı təmiz adamlar üçün deyil, Siyasətə qatıldınsa milliyini itirəcəksən, iradənin əleyhinə gedəcəksən, mənəviyyatını yalanlarla zədələyəcəksən, və sairə anti humanist bir mühitin içində Sizi kimi məhv ola biləcəyini oğlunuza xatırlatmısınız. (Məktublarınızı 10 il öncə oxumuşam, məğzi-mənası belcə yadımda qalıb.)

Deməyə sözüm çoxdur amma çox uzun olmasın.Yəqin deyəcəksən ki, nə dəyişib ki, elə cəmiyyət həmin cəmiyyətdir. Sadəcə texnika inkişaf edib, amma beyn və düşüncə köhnə adətində öz yerini möhkəm tutub.

Sonda bir neçə kədərli hadisə də yazım. Bu sizinlə bağlıdır. Bilmirəm, bəlkə bu ilk və son məktubdur deyə qeyd etmək istəyirəm. Tiflisdə böyüyüb başa çatdığınız eviniz artıq yoxdur, onu lazımsız bilib, söküb satıblar. İndi yerində mehmanxana tikirlər. Amma evinizin yaxınlığında bir oxşarını tikiblər arada bəzi adamlar gedib sizin şəkilləri doktor əşyalarınızı, kitablarınızı, dəsti-xəttiniz olan əlyazmalaırnızı, “Məktublarınızı” yad edir. Sizin fərqli düçüncə sahibi olduğunuza görə bizi qınayırlar. Mən ümid edirəm ki, bizlər sizi könlümüzdəki sevgi işığıyla bərabər Borçalıdakı mərmər abidənizi də qorumağa borcluyuq. Bu haqqı itirə bilmərik. Biləsiz ki işlədiyiniz əski Sarvan rayonunda sizə heykəl ucaldılıb və yanında da adınızı yaşadıb daşıyan mədəniyyət evi inşa etmişlər. İndi adınızı götürüblər, yəqin ki, gələcəkdə bizim öz əlimizlə heykəlinizi də qaldırmaq istəyəcəklər. Xatırlatmaq istəyirəm ki, sizin adınıza olan mədəniyyət evindən isminizi məhz sizin öz millətinizdən rəhbər olan birinin qollaması ilə siliblər. Nadan həmişə nadan qalır.

Mən ümid edirəm ki, siz hələ çox yaşayacaqsınız!

Bu məktubu xeyli əziyyətlə anamın tikanlı sözlərinin ifasında yazdım. Hesab edir ki, mən hələ kim olduğumu bilmirəm, mənim vəzifəm ev işləri görmək, hər yeri təmiz saxlamaq və evdəkilərə qulluq etməkdir. Bu gün çox ağır gün idi və bir az yürüş etdim və buna görə də xeyli töhmət olundum, bu çox ayıb bir iş imiş və mən yerimi bilməyən özündən razı və oxuyub tərbiyyəsizləşmiş qızam. Bunları indi eşitmək üçün içimdəkləri yazmağa dəyərdi, eybi yox hər gün hər qızın anası məhz ona belə təltif edir. Bunu ona görə yazdım ki, siz özünüzü keçən və dəyişməyən zamana görə narahat etməyəsiniz. Yəqin 1000 yaşınızın təbrikini alanda siz daha yaxşı sözlər və əsl dəyişmiş cəmiyyət haqqında məktub alacaqsınız bəlkə də bitmiş və yox olmuş cəmiyyət!

Cənab Doktor Nəriman bəy! 150 illiyinizlə bağlı mən də oğlunuza yazdığınız məktubun abu-havasında, giley-güzarımızı, təbrikimizi çatdırmaq istədim.
Print Email
FaceBook Twitter Google