Səsli fikirlər
“Polis tərəfindən ədalətsiz şəkildə cərimələnən insanlarla, özünüidarənin və mərkəzi hakimiyyətin, maraqlanmaq indiyədək yadlarına düşməyib” – Aytac Xəlillinin səsli fikri
Mart ayının 25-indən etibarən EMC-nin Marneuli və Bolnisi Bələdiyyələri üçün nəzərdə tutduğu Azərbaycandilli qaynar xətt fəaliyyətdədir.

İlk vaxtlar bizə əsasən humanitar resurs tələbi ilə müraciət edirdilər. Sonradan yazılan cərimələr, qüvvəyə minən yeni qadağalar və başqa məlumatları dəqiqləşdirmək üçün də müraciətlər daxil olmağa başladı. Lakin ümumi götürsək, bu müddət ərzində gələn zənglərin demək olar ki 80%-i humanitar yardım tələblərinin payına düşür.

Mövzuları ayrı-ayrılıqda ələ alsaq, gələn zənglərə əsaslanaraq "qırmızı zona" elan edilən bölgənin kəndlərində onsuz da az olan resursların ədalətsiz paylanılma hallarının, "yaxınçılıq" söhbətinin əhalinin bu ağır vəziyyətində belə davam etdiyini gördük. Qəbul edilən zəngləri gündəlik olaraq operativ şəkildə müvafiq yerli özünüidarə orqanlarına yönləndirsək də, 20-25 gün ərzində yardım gözləyən ehtiyac sahibi ailələr və tək yaşayan yaşlı insanlar oldu. Doğrusu, ilk mərhələdə edilən yardımların tam olaraq hansı prinsipə uyğun olduğunu nə bölgə əhalisi, nə də biz aydın şəkildə başa düşə bildik.

Bundan əlavə, uzun müddətli gözləmə sonrası kəndlərə göndərilən yardım paketlərinin həcmindəki nəzərəçarpacaq dərəcədə azalma əhali arasında narahatçılığa yol açdı və sistemin ədalətsizsilyini təsdiq etmiş oldu. Bundan əlavə, təəssüflə bildirmək istərdim ki, tərfimizdən göndərilən və yönləndirilən heç bir tələbə Marneuli meriyası tərəfindən reaksiya göstərilməyib.

Eyni zamanda, karantin rejimi əsnasında yeni qadağalar və tənzimləmələr sonrası əhali arasında məlumat vakuumu yarandığını müşahidə etdik. Əhalinin böyük bir qismi meriyanın qaynar xətləri haqda məlumatsız olduqlarını, hazırkı vəziyyətdə məlumatın ötürülməsində qeyri-effektiv dil siyasəti üzündən mövcud qaynar xətlərdə suallarına tam cavab ala bilmədiklərini bildiriblər. Qeyd etmək istərdim ki, bu tərz çətinliklərlə daha çox nisbətən yaşlı təbəqə qarşılaşıb.

Bölgədə ədalətsiz şəkildə cərimələnmə halları və polisin vətəndaşlarla kobud davranışları haqda da bir neçə müraciət aldıq. Hazırda həmin vətəndaşlara hüquqi yardım göstərməyə çalışırıq. Polislərin vətəndaşlara təzyiq göstərməyə çalışması və bəzi hallarda hətta birbaşa təhqirə keçməsi əhali arasında böyük narazılığa səbəb olub. Bu və digər narazılıqların və ehtiyacların araşdırılması isə nədənsə yerli özünüidarənin, yaxud mərkəzi hakimiyyətin bu günədək yadına düşməyib.

Mən özüm o bölgədə yaşamasam da, gələn müraciətlər və eşitdiyim hekayələrlə təsəvvürümdə canlandırdığım "qırmızı zonanı" və orada yaşananları həmişə xatırlayacağam. Sonda hər şeyin yaxşı olacağına ümid edir və hər kəsə sağlamlıq, dözüm arzu edirəm.

Foto EMC-yə məxsusdur.

Müəllif։ Aytac Xəlilli
FaceBook Twitter Google
Riçard Luqar Mərkəzinin COVID-19 ilə mübarizədə artan əhəmiyyəti ilə, illərdir laboratoriya ilə bağlı müxtəlif konspirasiyalar hazırlayan Kreml mətbuatı diaqnoz mərkəzinin əhəmiyyətini şübhə altına almağa çalışır və Luqarın son müsbət qiymətləndirmələrinin şişirdildiyini iddia edir.
Read more...
04:00 / 05.08.2020
Məsafə saxla