Nəriman Nərimanovun Marneulidəki abidəsi yalnız və yalnız
Gürcüstanda yaşayan yarım milyondan çox azərbaycanlıları öz tarixi
torpaqlarından didərgin salıb, “Gürcüstan gürcülər üçündür” deyib,
ölkəni mono-etnik dövlətə çevirdikdən sonra sökülə bilər.
Marneuli və Hucabi yepiskopu Qiorqi Camdelianinin 24 may tarixində
müqəddəs Ramazan bayramınının qeyd edildiyi bir gündə
azərbaycanlıların bayramını təbrik etmək əvəzinə Nərimanovun
büstünün sökülüb zibilliyə atılmasını tələb etməsi,
azərbaycanlıların milli-mənəvi dəyərinə qarşı hörmətsizlik, o
cümlədən Avropada tolerant ölkə kimi tanıdılan rəngarəng
Gürcüstanın beynəlxalq imicinə böyük zərbədir. Təəssüf ki, bəziləri
gecə yatıb səhər yuxularını danışarkən işlətdikləri ifadələrin
Gürcüstanda yaşayan bərabərhüquqlu xalqların dəyərlərinə zidd
olmasını, Gürcüstan vətəndaşı olan, öz tarixi torpaqlarında yaşayan
azərbaycanlılara məxsus olan abidənin dağıdılmasını,
azərbaycanlılara məxsus olan milli-mənəvi dəyərlərin ayaqlar altına
atılmasını tələb etməsinin Avropaya inteqrasiya edən vətənimiz
Gürcüstanın beynəlxalq imicinə də ciddi xələl gətirməsini
düşünmürlər.
Gürcüstanın Avropaya inteqrasiya etməsi üçün Avropa Şurası
qarşısında üzərinə götürdüyü əsas öhdəliklərindən biri də ölkədə
yaşayan etnik azərbaycanlıların hüquqlarının qorunması, hörmətlə
yanaşması, tolerantlıq nümayiş etdirməsidir. Ramazan bayramında
tolerantlıq nümayiş etdirmək əzmində olmayan yepiskop, bir çox
gürcü və azərbaycanlıların Nərimanovla bağlı dərin bilgiyə malik
olmadığını iddia edir, ancaq unudur ki, elə həmin Nərimanov
ateizmin təbliğ olunduğu, dini dəyərlərə hücum edilən çətin bir
dövrdə Ramazan, Qurban, Mövlud (Məhəmməd Peyğəmbərin doğum günü)
kimi dini bayramlarımızın, Aşura gününün, həmçinin Novruz
bayramının rəsmi istirahət günü olmasına nail olmuşdur.
Hətta, “cümə axşamı”nı müqəddəs hesab edərək xəstələri pulsuz
müalicə edərmiş, məhərrəmlik günlərində məscidə ərzaq göndərərmiş,
dindarların repressiya qurbanına çevrilməsinin qarşısını almışdır.
Ancaq bu gün müstəqil olan, müstəqil qərarlar qəbul edən tolerant
ölkə olan Gürcüstanda nədənsə bizim heç bir dini və ya milli
bayramımızın istirahət günü elan edilməsi yada düşmür... Əksinə, q
bir din xadimi etnik-dini dözümlülük göstərməkdə aciz olmasını
nümayiş etdirir.
Nərimanov biz azərbaycanlılar üçün örnək və qürür mənbəyidir!!!
Nərimanov gənclər üçün xalqına sədaqətlə xidmət etməyin nümunəsdir.
Nərimanovu repressiya törətməkdə ittiham edən yepiskop başa
düməlidir, biz Nərimanovu milliyətcə gürcü olan, BOLŞEVİK,
KOMMUNİST Stalin kimi tanınan İosif Vissarionoviç Cuqaşvililinin
repressiya əmrlərinə ZİDD olaraq, bizim mədəniyyət xadimlərini,
ziyalılarımızı, generallarımızı, din xadimlərimizi, eləcə də
minlərlə insanları repressiya qurbanı olmaqdan xilas etdiyi üçün
sevirik. Nərimanov müsəlman şərqində ilk operanı yazan dahi Üzeyir
Hacıbəyovu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevi güllələnməkdən
xilas etmişdir. Biz, azərbaycanlılar Nərimanovu bizim
mədəniyyətimizi, ANA dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi
qoruduğu üçün sevirik. Nərimanovun adına qarşı çıxmaq, onun
heykəlinin sökülməsi istəyi ilə çıxış etmək biz azərbaycanlıların
milli-mənəvi dəyərlərinə hücum etmək deməkdir, biz azərbaycanlılara
qarşı hörmətsizlikdir.
Nərimanov bəşəriyyətin arzu edəcəyi 100, 1000 ildən bir dünyaya
gələn dahi şəxsiyyətdir. Nərimanov barəsində çox ehtiyatla danışıb,
onu Orconikidze kimiləri ilə ilə müqayisə etməkdən çəkinmək
lazımdır, onun barəsində fikir yürütmək hər kəsin işi deyil.
Nərimanov hələ uşaqlıqdan anadan olduğu Tiflis şəhərində
Şeytanbazara axışıb glən kəndlilərin çırıq-cındır paltarını,
dilənçi uşaqların acınacaqlı görkəmini, Metex zindanındakı
məhbusların iniltisini, faytonda gəzən varlıları görüb, müqayisə
etmiş, hər cür zülmün, istismarın, zorakılığın əleyhinə olan hiss
onu bolşevik nəzəriyyəsinə qovuşdurmuşdu.
Şərqə məxsus kommunizm tərtib etməyi düşünən Nərimanov deyirdi ki,
elə bir vaxt gələcəkdir ki, bütün insanlar, hansı millətdən
olursa-olsun, hansı dinə iman gətirmiş olurlarsa-olsunlar, hamı
namuslu zəhmətlə, qardaşcasına, hamı bərabər va azad yaşayacaqlar;
onun nəzəriyyəsinin əsas qayəsi kommunizmlə islamiyyəti barışdırmaq
ideyası idi. N.Nərimanov özü sonralar yazırdı ki, mən öz kəndim
sandığım Qızılhacılıya ömürlük minnətdaram, çünki bəşəriyyətin geri
qalmış hissəsinə bacardığım qədər kömək etmək fikrinə ilk dəfə məhz
bu kənddə gəlmişəm.
N. Nərimanov o cümlədən onun babaları da azərbaycan və gürcü
xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində mühüm rol
oynamışdır, haqlı olaraq N.Nərimanov kimi yazıçı-dramaturqlar iki
xalq arasında “mənəvi körpü” hesab edilir. N.Nərimanov
M.F.Axundovun davamçısıdır. Mirzə Fətəli Axundov dünya şöhrətli
komediyalarını Tiflisdə qələmə almışdır, N.Nərimanovun da bədii
yaradıcılığı, müəllimlik və həkimlik fəaliyyəti Gürcüstanla bağlı
olub, “Nadanlıq” əsərini elə Marneulinin Qızılhacılı kənd
məktəbində dərs dediyi müddətdə sona çatdırıb. M.F Axundov çar
Rusiyası dövründə xidmət etmişdir, N.Nərimanov Sovetlər birliyində.
Bu gün gürcü cəmiyyəti M.F.Axundovu necə qəbul edirsə, N.Nərimanovu
da elə qəbul etməlidir, çünki Nərimanov əslində hər iki xalqı
birləşdirir, onun əsərləri gürcü dilinə tərcümə edilməlidir, hər
iki xalqın nümayəndələrinin iştirakı ilə tədbirlər keçirilməlidir.
Bir vaxtlar, Marneuli şəhərində, Nərimanovun heykəli yerləşən
parkda “Nərimanoba” bayramı qeyd edilirdi, keçmiş prezident Eduard
Şevardnadze də məmnuniyyətlə bu bayramlara qatılmaqla Gücüstan
azərbaycanlılarına olan hörmətini, ehtiramını ifadə edirdi.
Nərimanovun ulu babası Kaxeti valisi I İraklinin sarayında eşikğası
olmuşdur. Babası Allahverdi bəy tanınmış musiqi xadimlərindən idi,
şərq musiqi alətlərində ustalıqla ifa edirdi. Allahverdi bəy
azərbaycan mahnıları ilə yanaşı gürcü mahnılarını da məharətlə
oxuyardu. O, gürcü şairi Nikoloz Barataşvilinin atası ilə dost,
Aleksandr Çavçavadze və Qriqol Orbeliani ilə şəxsən tanış idi. II
İrakli Allahverdi bəyə bəyzadəlik mənsəbi belə vermişdi.
N.Nərimanov adı hər iki xalq arasında Dostluq Simvolu kimi
səslənməli və qəbul edilməlidir.
2019-cu ilin 28 yanvar tarixində Nərimanovun heykəlinin
söküləcəyinə qarşı etiraz aksiyası təşkil etdik. Aksiyanın sonunda
aksiya iştirakçılarının imzası ilə birlikdə Marneuli bələdiyyəsinə
3 tələblə ərizə təqdim etdik:
1. Marneuli Mədəniyyət Evinə N. Nərimanovun adının bərpa
edilməsi
2. Nərimanovun müəllim kimi işlədiyi, Qızılhacılı ictimai məktəbə
N. Nərimanovun adının bərpa edilməsi
3. Nərimanovun abidəsinin yerləşdiyi parka N. Nərimanovun adının
verilməsi
Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze və o vaxtlar mer
əvəzi işləyən Zaur Tabatadzenin Gürcüstan azərbaycanlılarının
ünvanladığı məktuba cavab olaraq bildirmişdilər ki, Nəriman
Nərimanovun Marneuli Meriyası mədəniyyət mərkəzinin yaxınlığındakı
abidəsini sökməyi planlaşdırmır.
Xalqın 3 tələbi hələ ki, yerinə yetirilməyib...
Biz Gürcüstan azərbaycanlıları diaspora deyilik, öz tarixi
torpaqlarımızda yaşayırıq, öz tarixi torpaqlarımızda dəyərlərimizi
yaşatmaq hüququmuz var, bizə məxsus olan dəyərlərə hər kəsin
hörmətlə yanaşmasını tələb edirik. Bir ölkənin ən böyük başucalığı
həmin ölkədə müxtəlif millətlərin nümayəndələrinin sülh və
əmin-amanlıq içərisində yaşamasına və multikultral dəyərlərin
qorunmasına nail olmasıdır.