Bu insanlar artıq 400 ildir bu torpaqda yaşayırlar - Beka Kobaxidzenin səsli fikri
Bu ilin mart ayında iki dəfə Marneuli rayonunun məktəblərinə gedib, yerli uşaqlara dərslər/mühazirələr keçirdim.

Onlara bu ölkənin tarixinin onların da tarixi olduğunu deyirdim: Müstəqil Azərbaycan parlamentinin birinci sədri Əlimərdan bəy Topçubaşov Tbilisili müsəlman idi; sekulyar ideyaları təbliğ edən ilk azərbaycandilli satirik jurnal “Molla Nəsrəddin” Tbilisidə nəşr olunmuşdu; Gürcüstanın müstəqillik aktına azərbaycanlı millət vəkilləri imza atırdılar, seçkilərdə ilk müsəlman qadın bizdə qalib gəlmişdi və s.

Onlara dedim ki, bu Azərbaycanın deyil, Gürcüstanın tarixidir. Bu yalnız səthidir və “Azərbaycanlı Tiflisin”in tarixi tamamilə öyrəniləsidir. Vurğulayaraq onların arasından bir neçə tarixçinin yetişməsini istədiyimi dedim ki, Tiflisin azərbaycanlılara aid mediasını, icma həyatı və Gürcüstanın inkişafında azərbaycanlıların rolunu öyrənsinlər. Sonra bu məktəb dərsliklərinə girməlidir ki, bizim etnik azlıqlarımız özlərini və öz tarixlərini orda görə bilsinlər. Təəssüf ki, mən bunu dil səddinə görə bacarmıram və bu azərbaycanlı həmvətəndaşlar tərəfindən ediləsidir. Necə ola bilər ki, sən və sənin əcdadlarının yer tutmadığı və ya düşmən kimi göstərildiyi bir tarix dərsliyi ilə təhsil alasan? Necə ola bilər ki belə bir tarix "sənin” olsun? Səndə belə ölkəyə qarşı sadiqlik hissi necə yaransın?

Bu əsla liberalyana əzilib-büzülmək deyil. Əksinə, bu rasional vətənpərvərlikdir. Biz bu xalqın Gürcüstan üçün çalışmasını, Gürcüstana sadiq olmasını, gürcücə danışmasını və lazım gəlsə, hətta vuruşmasını istəyirikmi? Zənnimcə, istəyirik. Ən azı istəmirik ki, onlar özlərini Azərbaycan dövləti ilə əlaqələndirsinlər.
O zaman onlara tarixdə olduğu kimi, həmçinin müasirlikdə və gələcəkdə də öz yerlərini göstərməliyik.
Onların üstünə Andriya Cağmaidze və Eliso Bolkvadzeni salacağıqsa, buna necə nail olacaqlar?
Bu insanlar artıq 400 ildir bu torpaqda yaşayırlar. Necə ola bilər ki, onlara 35 il öncə Svanetidən gəlmiş adam “arzuolunmaz qonaq” və ya daha ağır nəsə desin? Şah Abbasın günahlarını bu xalqa niyə yükləməliyik?
Azərbaycan səfirliyi çox yaxşı və konstruktiv bəyanat verdi, onlara çox təşəkkürlər, lakin bura qədər necə gəldik?! Sabah Azərbaycan səfirliyi “çırpın onları” desə, Cağmaidze bu məsələdə işə yarayacaqmı?
Sanki iki dəfə belə bədbəxtçiliyə düşməmişik kimi, indi də durub həvəslə üçüncü dövrə vururuq.

Payıma düşən qədərincə ürəyim partlayır, hey elə məktəb-məktəb gəz, azərbaycanlı həmvətənlərinə, bu ölkənin tarixinin onların da tarixi olduğunu “təlqin et”, sonra da Cağmaidze dursun və “arzuolunmaz demoqrafik mənzərə” haqqında danışsın... İstədiyin qədər həmin məktəblərə get, amma əgər dövlət siyasəti dominant dini bürokratiyanın öhdəsinə verdikdə, bunu heç bir “təlqinlə” bərtərəf edə bilməyəcəksən. Patriarxlığın belə münaqişəyə rəy bildirməyi alovu nöyütlə söndürmək cəhdidir.

İşi çox yanlış aparırıq və günlərin birində də geosiyasətin çarxı pis döndüyündə, partlaya bilərik. Hər halda özümüzə qarşı dinamitimizi özümüz hazırlayırıq.

Beka Kobaxidze
professor, tarixçi
Mənbə: Gündəlik Gürcüstan
Print