Diplom sandıq yaraşığı olmamalıdır – Dilarə Təhməzovanın səsli fikri
Cəmiyyətdə qadınla bağlı müzakirə olunası problemlər çoxdur.

Onlardan biri də qadının təhsilini bitirib ailə qurandan sonra müəyyən çətinliklərlə üzləşməsidir. Daha sadə dillə desək bir çox ailələrdə qadına kariera qurmaqda müxtəlif etirazlar edilir. Əlbəttə, bəzi istisnaları çıxmaq şərti ilə. Hər şey təhsil bitirib diplom almaqla bitmir. Məlum məsələdir, təhsil ona görə alırıq ki, cəmiyyətdə müvafiq mövqe tutub cəmiyyətə xidmət göstərək, inkişafına töhfə verək. Ancaq əksər hallarda bu belə olmur.

Elə bu mövzudan söz açmışkən yadıma Güləbatın xala ilə rastlaşanda etdiyimiz söhbət düşdü. Armudu stəkandan zoğal mürəbbəsi ilə pürrəngi səmavər çayı içərkən söhbət edirdik. Təhsildən, oxumaqdan söz düşmüşdü:

“Ay qızım sən heç bilirdinmi qarşındakı bu Güləbatın xalan da oxuyub, ali- təhsil alıb. Diplomum da var. Amma təəssüf ki, o diplom illərdir çamadanda, sənədlərin arasında lazımsız bir əşya kimi atılıb qalıb. Bircə gün də öz sevib, seçdiyim ixtisasım üzrə işləmək mənə nəsib olmadı. İşləməyimə yoldaşım narazı idi, evin ahılları da onun səsinə səs verib etiraz etdilər. Sonralar da uşaq, ailə qayğıları... gün-günə, ay-aya, il-ilə qarışdı.. O gün bu gün, hələ də o nisgil qəlbimdədir. Təkcə oxumaq şərt deyil a bala, gərək cəsur olasan, sona kimi mübarizə aparıb zəhmətinin bəhrəsini görəsən,“
- deyə uzun uzun danışmışdı.

Xalanın bu sözləri məni dərin düşüncələrə aparmışdı. Həqiqətən böyük haqsızlıqdır. Ailə qurmaq başq hər şeydən məhrum olmaq demək deyil. Əlbəttdə qadın anadır, ailədə, uşaqların tərbiyyəsində rolu böyükdür, uşaq böyüdür, ailə qayğısı çəkir. Lakin qadının cəmiyyət üçün gərəkli arzu və istəkləri də nəzərə alınmalıdır. Ailədə hər iki valideyinin işləməsi həm maddi, həm mənəvi cəhətdən ailəyə müsbət təsir göstərir. Ailədə hər iki valideyinin işləməsi uşaqlarda valideyinlərinə qarşı rəğbət yaradır, onlarda zəhmətsevərlik hissi oyadır - ailə bütöv olur.

Qadın cəmiyyətdən tədric olunmalı deyil. Bir sözlə qadın təhsil almalı və bu təhsili ilə xalqının xidmətində durmalıdır. Qadının ali - təhsil üçün aldığı diplom sandıq üçün yox, cəmiyyət üçün gərəkli olmalıdır.

Müəllif : Dilarə Təhməzova
Mənbə: Pəncərə
Print