Son illər Gürcüstanda baş verən siyasi hadisələr fonunda oktyabrın
26-da keçirilən Parlament seçkiləri həlledici və tarixi xarakter
alıb.
Bəzi qruplar üçün isə seçkilər referenduma bərabər idi.
“...Biz, Gürcüstanda yaşayan etnik azlıq nümayəndələri,
bütün həlledici məqamlarda olduğu kimi, bu dəfə də tarixin doğru
tərəfində dayanmalı olduğumuzu və seçkilərin tarixi əhəmiyyətini
müzakirə edirdik. Müzakirələr nəticəsində qərara gəldik ki, digər
hallarda olduğu kimi, bu işdə də hüquqlarımızı qorumaq üçün
proseslərə öz töhfəmizi verək. Bu məqsədlə, biz, etnik azərbaycanlı
vətəndaşlar olaraq “Fəallar Gələcək Naminə” siyasi hərəkatını
yaratdıq.
Gürcüstanda keçirilən son seçkilər görünməmiş miqyasda
saxtalaşdırıldı və buna görə də nə beynəlxalq, nə də ölkə daxilində
tanınmadı. Beləki, hətta müxtəlif müşahidə missiyaları seçkiləri
„konstitusiyanın mühüm prinsiplərinin pozulması kimi“
qiymətləndirdi. Ona görə də, mən sıravi bir fəal və siyasi
hərəkatın üzvü kimi, nə seçkinin nəticələrini, nə də qondarma
hökuməti tanımırdım. Seçkilərin tanınmamasından sonra fəal iştirak
etdiyim etiraz mitinqləri başladı".
Noyabrın 28-də qondarma hökumət konstitusiya çərçivəsindən tamamilə
kənara çıxdı və Gürcüstanın konstitusiya seçimindən imtina etdi,
konkret olaraq, 2028-ci ilə qədər Avropa İttifaqı ilə danışıqlara
başlamaqdan imtina edəcəyini bəyan etdi. Bu artıq nə adi bir an, nə
də sadəcə seçki konteksti idi. Bu ölkənin taleyini həll edən, var
olmaq və ya olmamaq mövzusu idi.
“Müvafiq olaraq, mən də bütöv Gürcüstanın dayandığı
yerdə - Azadlıq Meydanında dayandım və ilk gündən davam edən etiraz
aksiyalarında fəal iştirak etdim.
Biz illərdir etnik azlıqlara qarşı sistemli diskriminasiyadan və
onun təzahürlərindən danışırıq. Dekabrın 3-ündə, aksiyalar
dövründə, həbs olunduğum zaman mövcud sistem bizə münasibətini bir
daha açıq şəkildə göstərdi. Konkret desək, həmin gün Rustaveli
metrosuna doğru piyada getməyimizdən 20 dəqiqə və ya yarım saat
ötürdü. Birdən xaos yarandı və yanımda bir nəfərin yıxıldığını
görüb ona kömək etmək istəyəndə arxamdan tutdular. Birdən həbs
olundum. Tutulduqdan sonra maşında hamı məndən soyadımı soruşurdu.
Soyadımı eşidəndə dedilər: “ – Tatar, sənin burada nə işin var?
Get, Əliyevə qarşı çıx, haqqını Əliyevdən tələb et. Neynirsən
burada, niyə inqilab təşkil edirsən?” Mən o an mənim soyadımın niyə
bu qədər vacib və ya həlledici olduğunu başa düşmədim: Axı mən də
Gürcüstanın sıravi vətəndaşıyam; axı mən ki, orada bütöv
Gürcüstanın dayandığı məqsəd üçün dayanmışdım; axı mən ki başqaları
ilə eyni tələbləri irəli sürmüşdüm?!
Elə maşındaca 10-a yaxın xüsusi təyinatlı əməkdaşı məni qəddarca
döydü. Gəl indi düşünək səbəb nə idi, məsələ sadəcə soyadımın
Kərimov olması yoxsa başqa bir şey idi? Bütün hallarda heç bir
müqavimət göstərməsəm də, onları hər hansısa bir şəkildə təhqir
etməsəm də, məni şiddətlə döydülər və maşının açarlarını və
telefonumu oğurladılar.
Eyni zamanda da təhqir etmək üçün: - “Get heyvanlarını otar, niyə
torpaqda işləmirsən?” təhqirləri, söyüşləri eşidilirdi.
Məhkəmə isə, başlıca bir tamaşa idi. Mən heç anlaya bilmədim ki,
tərəf hakimdir, yoxsa DİN-in nümayəndəsi. Sonda mənə 8 gün inzibati
həbs cəzası verdilər.
Bu, mənim son 6 ayımın necə keçdiyinin çox qısa hekayəsi idi. Mən
bunu azlıqlar olaraq gözlədiyimiz reallığı vurğulamaq üçün yazdım.
Gürcüstanda onsuz da minimal olan insan haqlarının vəziyyəti daha
da pisləşəcək. Nəticədə, biz bu ölkədə sadəcə tanınmayan material
olacağıq. Ona görə də hər bir vətəndaşın bizim durduğumuz yerdə
dayanması həyati əhəmiyyət kəsb edir!"
Material “Salam” platformasının feysbuk səhifəsindən götürülüb.
Müəllif: Elvin Kərimov
Gürcüstan hökumətinin Avropaya inteqrasiya yolundan
dönməsindən sonra ölkədə genişmiqyaslı etiraz aksiyaları başlayıb.
Aksiyalar hələ də davam edir. Elvin Kərimov hökumət komandasının
Avropaya inteqrasiya yolundan dönməsinə qarşı çıxan fəallardan
biridir və etiraz aksiyalarına fəal şəkildə qoşulur. Bu aksiyalarda
bir çox vətəndaş qanunsuz olaraq saxlanılıb və zorakılığa məruz
qalıb. Elvin də onlardan biridir, o, 8 gün ərzində həbsdə olub. Bu
günə qədər bir çox günahsız məhbus hələ də
həbsdədir.