Noyabrın 7-də ABŞ prezidenti Donald Tramp Ağ evdə Macarıstanın baş
naziri Viktor Orbanı qəbul edəcək. İki liderin münasibətləri
yaxşıdır deyə, görüş isti keçəcək, elə müzakirə olunası mövzular da
az deyil.
Tramp və Orbanı uzun illər ideologiya və ritorika birləşdirib. Amma
Rusiya neftinin idxalı məsələsində mövqeləri fərqlidir.
Orban Budapeştdə Tramp və Rusiya prezidenti Vladimir Putinin
sammitinə ev
sahibliyi edəcəkdi, indilik bu məsələ arxa plana
keçib.
Orban Vaşinqtonda əsas nəyi istəyə bilər – Rusiyadan neft alışına
ABŞ-nin məhdudiyyətlərindən azad olmağı.
AzadlıqRadiosunun macar xidməti hökumət mənbələrinə istinadla xəbər
verir ki, onlar bu istisnanın mümkünlüyünə inanırlar. Avropada
artıq presedent var – ötən ay "Rosneft"in Almaniyadakı törəmə
şirkətinin sanksiyalardan müvəqqəti azad olunmasına qərar
verilib.
Ağ ev, Dövlət Departamenti AzadlıqRadiosunun suallarını şərh
etməyib.
"O, istisna istəyib. Biz hələ verməmişik... Viktor
mənim dostumdur. O, istisna istəyib", – Tramp
oktyabrın 31-də "Air Force One" təyyarəsində jurnalistlərə
deyib.
Rusiya nefti sanksiya altında
Keçən ay Vaşinqton Rusiyanın iki böyük neft şirkətinə - dövlətə
məxsus "Rosneft" və özəl "LUKoil"a sanksiyalar elan edib. Məqsəd
Putini Ukraynada dörd ilə yaxındır apardığı genişmiqyaslı
müharibəni dayandırmaq üçün danışıqlara vadar etməkdir. Həmin
şirkətlərlə əməkdaşlıq edənlər də ikinci dərəcəli sanksiyalara
məruz qala bilərlər.
Bundan öncə Tramp Rusiya xam neftini idxal edən ölkələri əlavə
rüsumlarla hədələyirdi. Sentyabrda o, NATO-nun bütün üzvlərini bu
idxalı dayandırmağa çağırıb. Tramp birbaşa Macarıstanın adını
çəkməsə də, bunu ötən ay yüksəksəviyyəli diplomatlarından biri
edib. ABŞ-nin NATO-dakı səfiri Mett Uitaker deyib ki,
"Budapeşt bir çox qonşularından fərqli olaraq, Rusiya
enerji təchizatından imtina etmək üçün heç bir plan hazırlamayıb və
fəal addım atmayıb".
Orban isə bu məsələdən narazılığını gizlətməyib. Ondan ABŞ
sanksiyalarının aşırı olub-olmadığını soruşanda "Macarıstanın
nöqteyi-nəzərindən, bəli" cavabını verib. O, neft alışını
dayandırmağın "fəlakət" olacağını, ölkə iqtisadiyyatını diz
çökdürəcəyini deyib.
Macarıstanın xarici işlər naziri Peter Siyarto isə noyabrın 5-də bu
mövzuya toxunmayıb. Bəlkə də, Vaşinqtonda razılaşma ilə bağlı
gözləntiləri azaltmaq istəyib.
"Bir-birimizə çox şey təklif edə bilmərik"
Siyartonun açıqlamasına görə, ikitərəfli münasibətlər qızıl dövrünü
yaşayır və danışıqların əsas mövzusu iqtisadi və enerji əməkdaşlığı
olacaq.
Macarıstan ABŞ üçün əsas ticarət tərəfdaşı deyil. ABŞ Əhalini
Siyahıyaalma Bürosunun məlumatına görə, 2024-cü ildə Birləşmiş
Ştatların Macarıstanla ikitərəfli ticarətdə kəsiri 9.4 milyard
dollar, ixracın həcmi isə cəmi 3.2 milyard dollar olub.
Macarıstan hökumətindəki mənbə AzadlıqRadiosunun macar xidmətinə
bildirib ki, "bir-birimizə çox şey təklif edə bilmirik". Amma onu
da deyib ki, Orban ABŞ-dən mayeləşdirilmiş təbii qaz almağa
razılaşa bilər. Əvvəllər bunu Rusiyadan idxal edilən qazla
müqayisədə iqtisadi baxımdan sərfəli saymırdı.
Budapeşt neft sanksiyalarından istisna qarşılığında Vaşinqtondan
bəzi kiçik silahlar almağa, ABŞ şirkətləri ilə mülki nüvə enerjisi
sahəsində əməkdaşlığa da razılaşa bilər.
Orbanın 180 nəfərlik nümayəndə heyətinə bir neçə nazir, biznes
liderləri və digər şəxslər daxildir. Onlar səfərə "Wizz Air"
aviaşirkətindən icarəyə götürülmüş təyyarə ilə gedirlər.
Siyarto Ukraynada sülhün də danışıqların əsas mövzularından biri
olacağını deyib. 2022-ci ilin fevralında Rusiya genişmiqyaslı
işğala başlayandan Orbanın Ukrayna ilə bağlı mövqeyi dəyişməyib:
Kiyevə hərbi yardımın əleyhinədir, üstəlik, Rusiyaya sanksiyaların
qarşısını almağa çalışır.
Bu mövqeyinə görə vaxtilə Tramp ilə eyni cərgədə idi. Ancaq Putinin
sülh danışıqlarında güzəştə getmək istəməməsi ABŞ liderini getdikcə
daha çox narazı salıb.
Tramp oktyabrın 22-də deyib ki, Putinlə söhbətləri hər dəfə yaxşı
keçir, amma nəticəsiz qalır. Bu bəyanatdan sonra yeni neft
sanksiyaları tətbiq olundu, Putin isə bunu "qeyri-dost addım"
adlandırdı.
Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünə qarşıdır.
Avqustda "Bloomberg" yazırdı ki, Tramp Orbanla əlaqə saxlayaraq
Kiyevin üzvlük danışıqlarını önləməsini dayandırmağını istəyib.
Nazir Siyarto isə bunu təkzib edib, belə bir telefon danışığının
olmadığını deyib.
Orbanın səfəri ərəfəsində bu məsələ yenidən gündəmə gəlib. Noyabrın
4-də Ukrayna prezidenti Volodimir Zelenskidən soruşublar ki, Tramp
Ukraynanın Aİ üzvlüyünü dəstəkləyirmi? O deyib ki, Tramp bu
məsələni dəstəkləyir, onlar Macarıstan liderinin bəzi məsələləri
bloklamasından danışıblar:
"Prezident Trampdan bu
məsələdə mənə dəstək olmasını xahiş etdim. O da mənə dedi ki, bu
yöndə mümkün olan hər şeyi edəcək".
Orban isə elə həmin gün sosial şəbəkədə buna cavab verib:
"Macarıstan Ukraynanın Avropa İttifaqına üzvlüyünü
dəstəkləmir, dəstəkləməyəcək. Çünki bu halda müharibə Avropaya
gələcək, macarların pulu Ukraynaya gedəcək".
Tramp-Orban danışıqları ərəfəsində başqa bir hadisə də baş verib:
noyabrın 5-də ABŞ Qlobal Media Agentliyinin rəhbəri vəzifəsini icra
edən Keri Leyk Konqresə məktubunda yazıb ki, AzadlıqRadiosunun
macar xidmətinin fəaliyyəti dayandırılacaq, ona maliyyə
ayrılmayacaq. Səbəb kimi bu xidmətin "ABŞ milli maraqları ilə uyğun
gəlməməsi" göstərilib.
Bu xidmət ABŞ Konqresinin göstərişi ilə 2020-ci ildə yenidən
fəaliyyətə başlayıb.
AzadlıqRadiosunun rəhbərliyi, hələlik, məsələni şərh verməyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.