Putin haradadır? Üç oxşar ofis... Kreml onun yerini belə gizlədir
22:17 / 11.11.2025
Xülasə
AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma
layihəsi Putinin Novo-Oqaryovodakı ofisinə eynilə oxşar daha iki
ofisin olduğunu öyrənib.
Son illər Kreml prezidentin yeri barədə bir yox, yüz
dəfələrlə yalan danışıb.
Putin getdikcə daha çox Valday iqamətgahına üstünlük
verir. "Bu, təbii ki, təhlükəsizlik məsələsidir".
2020-ci il oktyabrın 11-də Rusiya dövlət televiziyasının jurnalisti
prezident Vladimir Putinlə müsahibəsindən hissələri təqdim edirdi.
Kadrda Putin
kabinetinə girərkən qapının cəftəsinə əl atır. Ekranın
bir küncündə Novo-Oqaryovo yazılsa da, bu kadrlar heç də orada
çəkilməyibmiş. Bunu AzadlıqRadiosunun araşdırması üzə çıxarıb.
Həmin kadr 1500 km cənubda, Qara dəniz sahilindəki Soçidəki Boçarov
Ruçey dövlət iqamətgahındakı oxşar ofisdə lentə alınıb.
AzadlıqRadiosunun "Sistema" rusdilli araşdırma layihəsi Putinin
Novo-Oqaryovodakı ofisinə eynilə oxşar daha iki ofisin olduğunu
öyrənib: biri Soçidə, digəri təxminən Moskva ilə Sankt-Peterburq
arasındakı Valdayda. Yəni son illər Kreml prezidentin yeri barədə
bir yox, yüz dəfələrlə yalan danışıb.
Novo-Oqaryovoda keçirildiyi bildirilən görüşlər əksər hallarda
Soçi, yaxud Valdayda lentə alınıbmış. 2022-ci ildə Ukraynanın
tammiqyaslı işğalı başlayandan Putin göl mənzərəli, meşəlikdə
yerləşən sonuncuya üstünlük verir.
Heç görüşlərin keçirildiyi vaxt da düzgün açıqlanmayıb. "Sistema"
avqustda üzə çıxarıb ki, aprel, yaxud mayda keçirildiyi bildirilən
azı beş Kreml görüşü aylar öncə lentə alınıb.
"Sistema" üç oxşar ofislə bağlı araşdırmanı Putin
administrasiyasının yaydığı 700-dək videoya diqqətlə baxmaqla
aparıb. Sosial media postları, səyahətlərdən sızdırılan kadrlar da
öyrənilib.
Detallar
Novo-Oqaryovo ofisində Putinin masasının yaxınlığındakı qapının
cəftəsi divar panellərini ayıran xətdən bir qədər aşağıda yerləşir.
Bu fakt otağın görüntülərindən və fotolarından, oradakı parket
döşəməsini quraşdıran şirkətin şəkillərindən də aydın görünür.
Məkan fərqlərini göstərən digər detallar sırasında Putinin
qalstukunun naxışları, televizor stendinin forması, stolüstü səthin
rəngi və masadakı taxta sənəd qabının toxuması da var.
Daha bir detal –müsahibəni götürmüş jurnalist Sergey Brilyov
müsahibənin dövlət televiziyasında yayımlandığı gün – avqustun
27-də Soçidən Moskvaya uçub.
"Sistema"nın gördüyü, VGTRK-dan sızdırılmış e-mail-də dövlət
televiziyasının prodüseri həmkarından həmin vaxt tanınmış jurnalist
Pavel Zarubin və digər televiziya heyəti üçün Soçiyə səfər təşkil
etməyi xahiş edib. Zarubin dəfələrlə Soçiyə səfər edərək Kremlin
Novo-Oqaryovoda çəkildiyini bildirdiyi kadrları gətirib.
Kremlin rəhbərləri Boçarov Ruçeydən əvvəllər də çox istifadə edib –
1953-64-cü illərdə sovet lideri Nikita Xruşov, sonradan Leonid
Brejnev. 1950-ci illərdə tikilmiş bina sonradan sökülüb, 2014-cü il
Soçi Qış Olimpiya Oyunlarından öncə onun yerində yeni bina
tikilib.
Olimpiya Oyunlarının açılış mərasimindən az sonra çəkilmiş
kadrlarda Rusiya mədəniyyət xadimlərinin, eləcə də Putinin və
2004-cü il Olimpiya çempionu, bədii gimnast Alina Kabayevanın
qatıldığı bir qəbul göstərilir. Kabayeva uzun illərdir Putinin
partnyoru, onun ən azı iki övladının anası kimi tanınır.
Valday favoritdir
Son illər Putin getdikcə daha çox Valday iqamətgahına üstünlük
verir. Ukraynada təcavüzkar müharibə başlayandan bir il sonra,
2023-cü ilin fevralından o, Boçarov Ruçeydə, demək olar,
görünməyib.
Kremlin videomaterialları, "Sistema"nın araşdırdığı digər mənbələr
göstərir ki, 2025-ci ildə Novo-Oqaryovoda çəkildiyi deyilən
görüşlərin, demək olar, hamısı əslində Valdayda baş tutub.
Valdaydakı dövlət iqamətgahı 2016-cı ildə meşəlikdəki tennis
kortunun yerində tikilib. Bu işi Novo-Oqaryovo və Boçarov Ruçeydəki
təmir işlərini aparan eyni şirkət görüb.
Boçarov Ruçeydə olduğu kimi, Putinin oturduğu kreslonun arxasındakı
divarın xətti də həmin görüntülərin Novo-Oqaryovoda çəkilmədiyinə
dəlalət edir. Valdayı digər iki ofisdən fərqləndirən başqa bir
detal divar panelinin ortasındakı istilik tənzimləyicisinin
açarıdır. Putinin masasındakı taxta sənəd qabının toxuması da
fərqlidir.
"Sistema" müəyyən edib ki, Valdayda 2018-ci ilin martında - Sibirin
Kemerovo şəhərindəki ticarət mərkəzində yanğından üç gün sonra
hökumət iclası keçirilib. Həmin yanğın əksəriyyəti uşaqlar olmaqla
azı 60 nəfərin həyatına son qoymuşdu. Bu hadisə Putinin dördüncü
prezidentlik müddətini təmin etdikdən bir həftə sonra baş verib.
Kreml həmin görüşün guya Novo-Oqaryovoda keçirildiyini
bildirib.
2022-ci il fevralın 24-dən aprelin 12-dək Putin Valday ofisində və
ya oradan ən azı 12 görüş keçirib. Həmin dövrdə Rusiya qüvvələri
Kiyevə doğru irəliləyib, sonradan geri çəkilib və uzunmüddətli
müharibə başlayıb.
Bu ilin yanvarından sentyabrın sonunadək Putinin ofisdə keçirdiyi
30 çıxışdan yalnız biri Valdaydan başqa yerdə lentə alınıb. Bunu da
kadrların və digər sübutların təhlili göstərib. Son illər
Valdaydakı istilik tənzimləyicisinin yeri dəyişdirilib,
Novo-Oqaryovo və Soçidəki ofislərin planına uyğunlaşdırılıb.
Təcrid və təhlükəsizlik
Rusiya avtoritarizmi və bürokratiyası üzrə ixtisaslaşmış sosioloq
Konstantin Qaazenin deyir ki, Putinin Valdayı seçməsinin sadə izahı
var: "Bu, təbii ki, təhlükəsizlik məsələsidir". Axı Ukrayna Rusiya
ərazisindəki enerji və hərbi obyektlərə dron və raket hücumlarını
gücləndirib.
Onun sözlərinə görə, Boçarov Ruçey Soçidə yüksək və açıq ərazidə
yerləşdiyindən nisbətən müdafiəsizdir. Novo-Oqaryovonun yerləşdiyi
Moskva ətrafındakı elit rayonda isə iri müdafiə qurğuları
quraşdırılıb. Valday iqamətgahı isə daha çox təcrid olunub.
AzadlıqRadiosunun rus xidməti avqustda orada ətraf ərazilərdə 12
hava hücumundan müdafiə sisteminin, əsasən "Pantsir-S1" raket
komplekslərinin yerləşdirildiyini xəbər verib.
Putinin sözçüsü Dmitri Peskov "Sistema"nın bu araşdırmanın
dərcindən öncə göndərdiyi sualları oxuyub, amma cavab verməyib.
VGTRK-nın mətbuat xidməti də jurnalistlərin sorğularını şərh
etməyib.
2020-ci ildə "Proyekt" rusdilli media nəşri ilk dəfə Putinin
Novo-Oqaryovo və Boçarov Ruçeydə bir-birinə çox bənzər iki ofisi
olduğunu yazmışdı. O zaman Peskov bu məlumatı təkzib edib.
Putinin administrasiyası isə yüzlərlə görüşün keçirildiyi məkanlar
barədə ölkə ictimaiyyətinə yanlış məlumat verildiyinə dair
sübutlara münasibət bildirməyib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da
izləyin.
Bizi "TikTok"da
izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/ Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et: #
GE76TB7548536080100013 #
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.